İtirilmiş zamanın axtarışında - MÜSAHİBƏ

İtirilmiş zamanın axtarışında - MÜSAHİBƏ


Nurlan Hüseynov: "Biz müharibənin doğduğu nəsillərik, həyat bizim üçün ədalətsiz olub”

Nurlan Hüseynovun 28 yaşı var. 1987-ci ildə Füzuli rayonunda doğulub. 1993-cü ildə Füzuli rayonu işğal olunanda ailəsiylə birlikdə məcburi köçkün kimi əvvəlcə İmişli rayonuna, sonra isə Bakıya gəlib. Bakıda məktəbə gedib, Xarici Dillər Universitetində ingilis dili və ədəbiyyatı üzrə təhsil alıb. Hazırda Bakıdakı nəşriyyatların birində işləyir. Çoxlu mütaliə edir, filmlərə baxır, daim axtarışdadır. Utancaq, tez sıxılan tiplərdən olsa da, öz mühitini tapanda söhbətcil insandır. Nəsə barədə söhbət edəndə, böyük entuziazmla danışır, gözləri parıldayır, əl-qolunu ölçür. Söhbətiylə adamı ağlada da bilər, güldürə də. Coşğun ritorikasından, parıldayan gözlərindən, jestikulyasiyasından onun necə səmimi insan olduğunu hiss edirsən. Nurlanla söhbət zamanı başa düşdüm ki, o, "Adsız qəhrəman”lardan, "Səsi eşidilməyən”lərdən biridir. Və onun hekayəsini başqaları da bilməlidir...
 
Нурлан Гусейнов
 
Nurlan Hüseynov


Bakıdakı həyat

Ailəsi ilə birgə Füzulidən didərgin düşəndən bəri Nurlanın daimi yaşayış yeri Bakı olub. Bakıda məktəbə gedib, universitet oxuyub, indi də burada işləyir. Uşaqlıqda gördüyü doğma yurdundan sonra, bu şəhər  onun yuvasına çevrilməliydi, çünki 20 ildən çoxdur ki, burada yaşayır. "Bakı onun üçün nəyi ifadə edir”, - sualıma cavabında isə Nurlan dedi ki, heç vaxt özünü Bakının həqiqi sakini kimi hiss etməyib. Çünki bu şəhər hər mənada ona yaddır: 

"Mənim uşaqlığımın Bakısıyla indiki Bakı tamamilə fərqli şəhərlərdir. Neft pulları gələndən sonra, Bakının siması tamamilə dəyişdi. Yeni yollar, keçidlər, körpülər, mərmər döşəmələr, füsunkar görünüşlü binalar, parlaq şüşəli göydələnlər tikildi. Ancaq əvəzində Bakı ruhsuz şəhərə çevrildi. Zaman keçdikcə, biz parkların, yaşıllıqların "müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhələri ilə hasarlandığının, hasarlar götürüləndə isə parkların, yaşıllıqların müxtəlif ofislərə, tikililərə çevrildiyinin şahidi olduq. Şəhərin bütün köhnə küçələri, tarixi məkanları yer üzündən silindi. Bir İçəri şəhər və Qız Qalası qaldı, onlar da küncə elə sıxılmış vəziyyətdədirlər ki, olmasalar da, heç bir fərq etməz. İndi Bakı çox gözəl, çox cazibədar görünmək üçün ciddi-cəhdlə bəzənməyə çalışan görməmiş qadına bənzəyir. Ona görə də bu şəhərlə mənim aramda hansısa metafizik, duyğusal bir bağ yoxdur. Amma mən neçə illərdi hər axşam Bakının küçələrində piyada ora-bura gəzirəm. Axşamlar evdə otura bilmirəm, divarlar üstümə gəlir, bilirəm ki, evdə otursam, darıxdığımdan ürəyim partlayacaq. Açıq havada gəzmək mənim üçün mənəvi terapiyadır. Hərdən dostlarla, heç kim olmayanda isə özüm Bakının mərkəzi küçələrində veyl-veyl gəzirəm, özümçün düşünürəm, xatırlayıram, darıxıram, yanımda kimsə olanda söhbət edirəm. Amma bu da bir həqiqətdir ki, ətrafımdakı parlaq, əzəmətli şəhərin mənə heç bir aidiyyatı yoxdur, o mənə, mən də ona yadam...”

Yad

Nurlanın yaşadığı şəhərlə, toplumla yadlaşması yeni deyil. Dediyinə görə, Bakıya gələn ilk gündən bu yadlığı hiss edib. İnsanlara qaynayıb- qarışa bilməyib. Həmişə nəyisə gizlədib, insanlardan uzaq qaçmağa çalışıb. Həmin günləri xatırlayır: 

"Bakıya gələn gündən qaçqınlara münasibət yaxşı deyildi. Bakılılar düşünürdülər ki, qaçqınlar şəhər mühitini korlayırlar. Belə demələrinə haqq vermək də olur. Çünki əyalət insanı başqa məfhumdu, şəhər insanı başqa. Əyalət insanı Bakıya gələndə özüylə bərabər əyalət təfəkkürünü, adət-ənənəsini də gətirmişdi. Bu dəhşətli bir demoqrafik faciəydi. Bizim ailəmizlə, qohumlarımızla birgə, yüz minlərlə insan ölkənin bir yerindən başqa bir yerinə qaçıb gəlmişdi və bu insanların yeganə istəyi bu idi: mövcud olmaq!

Çox çətin dövr idi. Hər şey əldən çıxmış, hər şey məhv olmuşdu. 

Anamla atamın həyatı alt-üst olmuşdu. Valideynlərimin ikisi də kəmsavad insanlarıydı, ikisi də cəmi 8 illik məktəb oxumuşdular. Buna baxmayaraq, proqressə meylli idilər, anamın hər zaman arzusu o olub ki, mən oxuyub savadlı insan olum. Bakıya çatan kimi məni şəhər məktəbinə yazdırmışdılar. Sonradan musiqi məktəbində, tar kursunda da oxudum. Amma orta məktəbdə oxuduğum illərdə bir iki nəfərdən başqa, heç kim mənim məcburi köçkün olduğumu bilmədi. Bunu bir sirr kimi gizlədirdim... 

 Нурлан с одноклассниками (в центре, в сером костюме)
Nurlan sinif yoldaşlarıyla birgə (mərkəzdə, boz kostyumda)

 
Səbəb nə idi? Səbəb o idi ki, bayaq dediyim kimi, qaçqınlara əksəriyyətin münasibəti mənfi idi. Mən sadəcə öz gördüklərimi, yaşadıqlarımı deyirəm. Bizim - məcburi köçkünlərin yaşadığı binayla şəhər əhalisinin qaldığı bina qonşu idi. Qaçqınların uşaqları bütün gün şəhər binasının zibilliyini eşələyirdilər. Satmaq üçün aluminium, butulka axtarırdılar. Əksər qaçqın övladları öz geyimləri, danışıqları, davranışları ilə şəhər uşaqlarından kəskin seçilirdilər. Başqa səbəblər də vardı, ona görə də uşaqlığımda var gücümlə kimliyimi gizlədirdim. 

Uşaqlıqda tez-tez oyun oynamaq üçün internet kluba gedirdik. Bir dəfə internet klubda oyun oynayanda Qarabağ ləhçəsinə aid bir ifadə işlətdim. Klubda gülüşmə qopdu. Başımı çevirib gördüm şəhər uşaqları ölürlər gülməkdən. Başa düşmürdüm ki, neynəmişəm. Bu mənzərəni görəndə, məni tər basdı, gözüm qaraldı, qulağımda uğultu vardı -  qarşımdakı insanlar mənə gülürdülər...

Ondan sonra bir də heç vaxt o kluba getmədim...”

Nurlandan özü kimi Qarabağdan olan uşaqlarla münasibətinin necə olduğunu soruşdum: Arada bir yaxınlıq, oxşar taleyi bölüşmək kimi hisslər vardımı? Biraz düşünüb cavab verdi: 

"Yox, belə bir şey yox idi. Evdən məni həmişə qorumağa çalışıblar. Uşaqlığımda mənim vaxtımın əksər hissəsi evdə keçirdi. Məktəbdən, məşğələdən gəlirdim və bütün günü evdə olurdum. Müharibədən sonrakı qaçqınçılıq dövrü insanlara çox pis təsir etmişdi. Yoxsulluq, şəraitsizlik, sabaha inamın olmaması böyükləri biganələşdirmiş, bədbinləşdirmişdi. 
 
Нурлан с тетрадью в руках возвращается с занятий
 
Nurlan əlində dəftər məşğələdən qayıdır

İnsanlar sadəcə çörək pulunu qazanıb həyatdan yapışmağa çalışırdılar. Belə olan halda da uşaqlar başdı-başına buraxılmışdı. Normal təhsilin, mədəni mühitin olmaması təbii olaraq, onlara da təsir edirdi. Kirli-paslı bu uşaqlar bütün günü küçədəydilər və aralarında pis vərdişlər yaranmışdı. Dəqiq bilmirəm, amma mənə elə gəlir xüsusilə atam bu mühiti görürdü və mənim onun bir parçası olmağımı istəmirdi. Bəlkə də uşaqlığımda əkiz qardaşımın ölməsi ailəmin, yaxınlarımın məni qorumasında da rol oynayıb, uşaqlarının bir tayını itirmişdilər, digərini itirmək istəmirdilər. Ona görə də məni qoruyurdular, qayğıma qalırdılar, hər zaman məktəbə gedəndə səliqəli geyinir, yaşıdlarımdan seçilirdim. Amma bununla belə yenə yad idim, məktəbdə də, yaşadığım mühitdə də yoldaşlarımla məni ayıran hansısa gözəgörünməz bir xətt var idi. Mən sanki ortada qalmışdım. Və bu ortada qalmışlıq sanki mənim taleyimdir...”

Keçib gedən vaxt

Nurlanın müharibə nəticəsində qaçqın düşəndə cəmi 6 yaşı vardı, indisə 28. Aradan çox uzun müddət keçib, 28 yaş həyatdan nəticə çıxarmaq, geriyə baxıb düşünmək üçün kifayət qədər ciddi yaşdır. Ona yaşıyla bağlı sual verdim. Üzündə narazılıq vardı, onu ən çox təəssüfləndirən şeylərdən biri zamanın çox sürətlə keçməsidir: 

"Məndə daim belə bir hiss var ki, vaxt çox sürətlə gedir, mənsə yerimdə sayıram, zamanın keçməsinə tamaşa eləyirəm. Sanki bu illər boş-boşuna gəlib keçib. Mənim istəklərimlə şərait üst-üstə düşmür. Xaricdə yaxşı təhsil almaq istəyimi reallaşdıra bilməmişəm. Maliyyə problemləri, azad yaşamaq üçün imkanların olmaması insanın fərdiliyini əlindən alır. Yaşadığım cəmiyyətin şərtləri də məni daim sıxır, belə ayaq üstə qalmaq çox çətindi. Gərək plastilin kimi insan olasan ki, əzilib büzüləsən, formadan formaya düşəsən. Mənsə elə deyiləm. Ona görə də 28 yaşımda mənə elə gəlir ki, vaxt boş-boşuna keçib. Gələcək isə hələ də tam aydın deyil, amma gələcək üçün yaşamaqdan başqa da çarə yoxdur”. 

Sıfırdan başlamaq

Azərbaycanda kitab sahəsi heç vaxt gəlirli sahə olmayıb. Nəşriyyatlarda çalışanların əksəriyyəti cüzi maaşa qane olmaq məcburiyyətindədirlər, həm də bu iş demək olar ki, gələcək perspektiv vəd etmir. Nurlan da nəşriyyatda işləyir. Günümüzün karyera, rəqabət dünyasında gənc, savadlı bir insanın nəyə görə bu işi seçdiyini bilmək maraqlı idi: 

"Nəşriyyatda işə başlamazdan əvvəl bir neçə yerdə işləməyə cəhd eləmişəm. Amma alınmayıb. Ofislərdəki, idarələrdəki intriqalar, saxta rəqabət mühiti, ümumiyyətlə, kapitalizmin çirkin cəngəllik qaydaları məndə ikrah doğurur. İnsan iş üçün yox, iş insan üçün olmalıdır. İnsanın pul üçün hansısa rola girməsi, daim maska taxaraq oyun oynaması qəbuledilməz bir şey olmalıdır. Mən belə mühitdə heç vaxt davam gətirə bilməmişəm.

Нурлан с таром в руках

Nurlan tarı əlinə götürür


Nəşriyyatda iş elanı olanda müraciət etdim. Burda daim kitabların içindəyəm, boş vaxtım yarananda mütaliə edirəm. Həm işləyirəm, həm oxuyuram. Belə mənə sərf edir. Düzdür, əməkhaqqı Bakının normal yaşayış şərtlərinə görə çox aşağıdır. Hələlik mən aza qane oluram, həyatdan elə də çox şey istəmirəm. Sakitlik, dinclik, təhlükəsiz mühit olsun, özüm üçün yaşayım, heç kim mənə mane olmasın...

Gələcək necə olacaq bilmirəm. Hərdən bu barədə ailə üzvləriylə, qohumlarla problemlər də yaranır. Onlar bizi qınayırlar ki, perspektivsiz işlərdə işləyirsiz, gələcəyiniz yoxdur. Mən də öz növbəmdə bir zamanlar onlara qəzəbliydim ki, bizə gələcək qurmaq üçün heç bir şərait yaratmayıblar. Həyatımız çətin keçir, gələcəyimiz də şübhəlidir. Bir dəfə əmim məni qoçaq olmamaqda danlayırdı, mən qəzəbləndim, aramızda xırda bir mübahisə yaşandı. Ancaq bu mübahisə də mənə bir çox şeyləri dərk eləməyə imkan yaratdı və mənim onlara qarşı qəzəbim soyudu...

Əmim məni yüngülcə danlayırdı ki, işləmirsiz, pul qazana bilmirsiz, həyatınızı qura bilmirsiz. Mən də ona cavab verdim ki, axı, elə bir dövrdə, şəraitdə yaşayırıq ki, burda kimsə kiminsə əlindən tutmasa, əmi-ata kömək eləməsə, alınmır. Sizin də heç nəyiniz yoxdur. Güclə-bəlayla ailə saxlayırsız, heç eviniz yoxdu. Başa düşürsənmi, mənim üçün heç nə olunmayıb. Güc-bəlayla bir universitet oxumuşam. Halbuki atam-anam 4-5-ci sinifdən məni gələcəyə hazırlamalıydı... Əmim isə mənə dedi ki, vicdanın olsun... Sənin bunu deməyin çox ədalətsizdi. Biz həyatı ikinci dəfə sıfırdan başlamağa məcbur olmuşuq!
Əmim bu sözləri deyəndə, mənim beynimdə qəfil bir ildırım çaxdı. Hər şeyi dərk elədim sanki. Təsəvvür elə, sən özünə həyat qurmusan, ev tikmisən, ailə qurmusan. Özü də mənim əmilərim, atam hər şeyi özləri ediblər, babam onlara deyib ki, məndən heç nə gözləməyin, gedin özünüzə həyat qurun. 
 
На работе
 
İşdə 

Əmilərim, atam özləri oxuyub, işləyib, evlənib, özlərini oda-közə vurub özləri üçün şərait yaradıblar, pulları, maşınları, hər şeyləri olub və qəfildən bunların hamısı itirilib. Qəfildən yurd-yuvalarını tərk edib, qalıblar ortalıqda... İşdən söhbət getmir, təhsildən, mədəniyyətdən, normal insani rəftardan söhbət getmir. İndi qarşında duran yeganə məqsəd odur ki, sadəcə başını soxmağa yer olsun, yoxsa ailənlə, uşağınla küçənin ortasında qalacaqsan. Nə deməkdi bu? 
Əmim mənə bunları danışanda çox pis oldum. Məsələn, mən və yaxud sən kompüterdə yığdığımız bir fayl silinəndə, əsəbdən partlayırıq, dəli oluruq ki, bir saatdı bunu yazıram, hara getdi bu?! İndi təsəvvür elə, sən bir həyat yığırsan, yaşayırsan, bir nəfər isə gəlir - "tık” – hər şeyi silir... Vəssalam, hər şey bitdi... 

Bu söhbətdən sonra, mənim hadisələrə, həyata və yaxınlarıma olan münasibətim dəyişdi.

Biz müharibənin doğduğu nəsillərik, həyat bizim üçün ədalətsiz olub”.

Müharibə nə deməkdir?

Müharibə Nurlanın həyatında qırmızı xətt kimi keçir. Ondan müharibənin onun üçün nə demək olduğunu soruşuram. Sualıma üzünü turşudaraq, az qala nifrətlə cavab verir: 

"Müharibəylə bağlı hər şey məndə dərin bir ikrah hissi doğurur. Müharibə sözünün özü belə məndə qıcıq yaradır. Müharibənin yaşamamış insan heç vaxt onun nə olduğunu bilə bilməz. Kinolarda göstərilən müharibə səhnələri var ha, mən onun həqiqisini görmüşəm. Müharibənin gətirdiyi çaşqınlıq, xaos gözümün qarşısındadır: hamı danışır, hamı harasa vurnuxur, hamı panikadadır, ah-nalə, çığırtılar. İranla sərhəddə yol boyu düzülmüş maşınlar, qorxusundan maşından çıxmağa, siqaret çəkməyə cürət eləməyən insanlar, təcili yardımla ora-bura aparılan yaralılar, ölülər, qorxusundan özünü Araz çayına atan cavan oğlan, raketin düşməsi nəticəsində partlayıb "buuuuuv” səsi çıxararaq, yana-yana göyə uçan benzin çəni, dağıdılmış evlər – bütün bunlar mənim – 6 yaşlı uşağın gözləri qarşısında baş verib... Bizi Füzulidən son anda çıxaran əmimin sonradan xərçəngə tutularaq ölməsi, əsəb xəstəliyinə tutulan atamın uzun müddət yataq xəstəsi olması, yoxsulluq, şəraitsizlik, anti-sanitariya, ümidsizlik – mənim üçün müharibə bunlar deməkdir...

Müharibə bir nəslə yox, bir neçə nəslə sağalmaz yaralar vurur. Ölənlər ölür, qalanlar da ömrü boyu onun travmasını daşımaq məcburiyyətində qalırlar və bundan qurtula bilmirlər. İnsanın həyatını məhv etmək üçün onu təkcə öldürmək yox, psixologiyasını korlamaq da kifayətdir. Ona görə də mənim müharibəyə nifrətim sonsuzdur...”

Nurlan uzun-uzun müharibədən danışdı. Füzulidəki evlərindən, müharibənin başlamasıyla rayondan necə çıxmalarından, İmişlidə keçirdikləri günlərdən, sonra Bakıda yaşadıqları günlərdən bəhs etdi. Bu olduqca kədərli əhvalat idi. Hər bir müharibə əhvalatı kədərlidir və qəribədir ki, hər bir belə kədərli əhvalat da özünəməxsusdur. Bəlkə də bunun səbəbi bu əhvalatların fikşn, bədii ədəbiyyat nümunəsi yox, həqiqi insan hekayəti olmasıdır. Ədəbiyyat sözü ortaya çıxanda, Nurlan  gələcəklə bağlı arzusunun yazıçı olmaq olduğunu dedi. Bunu ilk dəfə etiraf etdiyini də əlavə etdi:
 
"İnsanın içində yığılıb qalan şeylər olur. O fikirləri mütləq ifadə etməlisən. İnsan içindəkiləri ifadə etməsə, zəhərlənib ölə bilər. Hələ ki, heç nə yazmamışam. Amma hiss edirəm ki, bir gün yazacam...” 

Yaşamaq

Nurlan söhbətlərindən, danışığından insanda pessimist, bədbin insan təəssüratı yaradır. Müsahibənin sonunda bu sualımı da cavablandırdı:

Снег идет
 
Qar yağır...

"Bunu mənə çox deyiblər. Amma heç vaxt razılaşmamışam. Mən bədbin deyiləm. Əlbəttə, yaşamaq çətin şeydi, fasiləsiz olaraq müxtəlif maneələri aşmalısan. İnsan çox nadir hallarda həqiqi xoşbəxtliyi dadır, qalan ömrü çətinliklərə sinə gərməklə keçiririk. Həyat daimi mübarizədir. 

Amma bu sonsuz kosmosda, trilyonlarla ulduz, planet arasında biz bu mavi planetdə doğulmuşuq, yaşayırıq. Biz bu həyatı görməyə də bilərdik, amma gəldik, gördük və görməyimiz daha yaxşıdı. Həyat gözəldir və yaşamaq lazımdır...”

Söhbətləşdi: Cavid Ramazanov

ANN.Az

www.ann.az

Xəbər lenti