İtaliya şirkətinin rəhbəri Fərhad Əhmədovla aralarında olan mübahisəyə aydınlıq gətirib (MÜSAHİBƏ)

İtaliya şirkətinin rəhbəri Fərhad Əhmədovla aralarında olan mübahisəyə aydınlıq gətirib (MÜSAHİBƏ)
Dünyada tanınmış İtaliya şirkəti "Paghera Green Service Societa Agricola S.R.L” şirkəti ilə Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov arasında mübahisə davam edir.

Bu məsələ ilə əlaqədar İtaliyadan Azərbaycana gələn "Paghera" şirkətinin icraçı direktoru Massimo Alberti "Report"un suallarını cavablandırıb.

- Cənab Massimo Alberti, siz ilk dəfə Fərhad Əhmədovla neçənci ildə tanış olmusunuz?
- Mən onunla ilk dəfə 2015-ci ildə tanış olmuşam.

- Fərhad Əhmədova məxsus "Baku Caspian Real Estate Limited” şirkətinin adına rəsmiləşdirilmiş həmin torpaq sahəsi neçə hektar idi?
- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən torpağın sahəsi, təqribən, 6-7 hektardır.

Bu yerdə M.Albertinin vəkili Kamandar Nəsibov əlavə edərək bildirib ki, həmin ərazidə "Baku Caspian Real Estate Limited” MMC-nin mülkiyyətində yalnız bir torpaq sahəsi var: "Əldə etdiyimiz rəsmi məlumata əsasən, həmin torpaq sahəsi də Bilgəh qəsəbəsi, Bağ küçəsi döngə 1, ev 1 ünvanda yerləşir. Burada özəlləşdirilmiş ev də 133 kv.m-dən ibarət olmaqla 10 sot torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi isə özəlləşdirilməyib və dövlətin balansındadır. Belə çıxır ki, həmin 6-7 hektar ərazi dövlət qeydiyyatından keçməyib. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazisindən aldığımız cavabdan məlum olur ki, bu torpaq həmin şirkətin adından qeydiyyatdan keçməyib. Bununla bağlı biz bir neçə dövlət qurumlarına, o cümlədən, Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət etmişik ki, həmin ərazininin kimə məxsus olduğunu müəyyənləşdirək. 



 ...Burada özəlləşdirilmiş ev də 133 kv.m-dən ibarət olmaqla 10 sot torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi isə özəlləşdirilməyib və dövlətin balansındadır

Bundan başqa, həmin ərazidə hansı hüquqi sənədlər mövcuddur və ümumiyyətlə, orada tikinti işləri aparmaq mümkündürmü? Biz sorğularımızı göndərmişik və bu suallarımıza cavab gözləyirik".

- Massimo Alberti, hər iki şirkət arasında ilkin müqavilə neçənci ildə bağlanılıb?
- İlkin müqavilə 14 dekabr 2016-cı il tarixində bağlanıb.

- Həmin müqavilə hansı dillərdə tərtib edilib?
- Aramızda olan ilkin müqavilə ingilis dilində tərtib edilib. Səbəb isə Fərhad Əhmədovun vəkillərinin İngiltərədə olmasıdır. Yəni vəkillər orada yaşayırlar. Müqavilədə əgər gələcəkdə hər iki şirkət arasında hər hansı mübahisə yaranacağı halda, bununla bağlı London məhkəməsinə müraciət olunması barədə müddəa qeyd edilib. Biz də bu şərtlərə görə, London məhkəməsinə müraciət etmişik. Biz müəyyən müzakirələrdən sonra "Baku Caspian Real Estate Limited” şirkəti ilə Bakıda müqavilə bağladıq.

- İlkin müqaviləyə əsasən, Fərhad Əhmədov sizə nə qədər pul verməli idi?
- İlkin müqavilənin şərtlərinə görə, bizə 6 milyon 357 min 813 avro verməli idi. Düzdü, o, əvvəl həmişə ödənişləri vaxtı-vaxtında ödəyib.

 

- Siz həmin müqaviləyə əsasən Fərhad Əhmədovun tikinti sahəsində hansı işləri görməli idiniz? Həmin işlər tərəfinizdən həyata keçirilibmi?
- Biz müqavilə üzrə görməli olduğumuz işlərin əksəriyyətini yerinə yetirmişik. Belə ki, ərazinin bütün yaşıllaşdırma layihəsini icra etdik. Evin içərisində olan iki "patio"nun yaşıllaşdırılması, abadlıq işləri, mərmər işləri, işıqlandırma işlərini gördük. Tennis kortunu inşa etdik. Hərəsi 150 kv.m-dən çox idi. Yerə döşənən mərməri İtaliyadan gətirmişik. Bundan başqa, hasarların qıraqlarına bitkilər və ağaclar əkilib. Mətbuatda gedən məlumatlara nəzər salsaq orada müəyyən şəkillər yerləşdirilib. Həmin fotolar isə iş başlananda çəkilib. Axı onlar işlər görülüb tamamlanan ərəfədə çəkilməyib. Müqaviləyə əsasən, biz torpaq sahəsində 91 min 327 gül, bitki və ağac əkməli idik. Biz isə həmin obyektə 116 min 462 bitki gətirmişdik. Bunu ona görə etmişik ki, birdən nəsə bitkilər xarab olar. Daha sonra 21 min 535 ədəd bitkini dəyişdik. Bununla da 3600 bitkini müqavilədən artıq əkdik. Həmin bitkilərdən bəzilərinin qiyməti, təxminən, 1500 avrodan çox idi. Ümumiyyətlə, götürdükdə tərəfimizdən müqavilədən artıq 450 min avrodan çox məbləğdə işlər görülüb. Bir çox işlərdə bizi özümüzdən asılı olmayan səbəbdən gecikdirirdilər. Orada digər şəxslər də müəyyən tikinti işləri görürdü.

- Hər iki şirkət arasında ikinci əlavə büdcə razılaşması neçənci ildə bağlanılıb?
- 2017-ci ilin iyul ayının 20-də ikinci əlavə büdcə razılaşması imzalandı. Biz elə başa düşürük ki, işlər yaxşı olduğu üçün, onların xoşlarına gəldiyi üçün bizə belə bir müqavilə təklif etdilər. Bu təklif də birbaşa Fərhad Əhmədovun şəxsən özündən gəldi. Həmin müqavilədə Fərhad Əhmədov hansı işlərin görülməsi barədə göstəriş verib.



- Bəs razılaşmaya əsasən, Fərhad Əhmədovun sizə nə qədər pul verməsi nəzərdə tutulmuşdu?
- Müqaviləyə əsasən, o, bizə 5 milyon 370 min 364 avro pul verməli idi.

- Fərhad Əhmədov daha əvvəl iş gedən zaman sizə hər hansı iradlarını bildirirdimi?
- Xeyir, bizə işlə bağlı hər hansı bir iradını bildirməyib. Görülən işlərdən də razı qalırdı. Əgər biz keyfiyyətli iş görmürdüksə, onda niyə əlavə büdcə razılaşmasını bağladı? Demək ki, işimizdən xoşu gəlib. Axı onlar əlavə büdcə razılaşmasının birinci və ikinci 30 faizini ödədilər.

- Mətbuatda gedən məlumata görə, bir neçə dəfə onlar sizə xəbərdarlıq məktubları göndərib "Paghera”şirkətini hədələyiblər...
- Bəli, bizim şirkətin e-mailinə bir neçə xəbərdarlıq məktubları göndəriblər. Hətta mənim də öz e-mailimə bildiriş göndəriblər. Həmin xəbərdarlıqdan sonuncusu isə malların həmin əraziyə gəlib, axırıncı 30 faiz ödənişlərin ödənilmə vaxtı çatanda göndərildi. Onlar bizi boykot edib, əraziyə buraxmadılar. Bizə hədə-qorxu gəlib, həbslərlə hədələyirdilər. Mən də onların bildirişlərinə cavab veridim ki, yalan danışırsız. Xahiş edirdik ki, bizi əraziyə buraxsınlar, yerdə qalan işlərimizi də görüb qurtara bilək. Lakin qarşı tərəfdən bunu etmədilər, razı olmadılar. Təklif etdim ki, gələk müzakirə aparaq, lakin müzakirələrdən də, qaçdılar. Bizdə olan məlumatlara əsasən, başqa şəxslərlə həmin obyektdə olan bizə məxsus malları istifadə etməklə işlər görürlər.
 
 

- Cənab Massimo Alberti, deyə bilərsinizmi, Fərhad Əhmədovun adamları niyə belə etdilər?
- Ona görə ki, işin ilkin və çətin mərhələsini biz gördük. Bizim mütəxəssislər bu işləri başa çatdırana yaxın onlar bizi oradan uzaqlaşdırmağa başladılar. Axı artıq çətin işləri yekunlaşdırmışdıq. Onlar bizdən işləri öyrənib, əraziyə öz adamlarını gətirdilər. Fərhad Əhmədovun obyektinin tikintisində iş icraçısı olan Bəhlul Bayramov həmin vaxtlar hər kəsin yanında danışırdı ki, bizim şirkəti oradan qovacaq, bizə işlərimizi yekunlaşdırmağa imkan verməyəcək. Bəhlul, bizim işçilərə hədə-qorxu gəlib, öz tərəfinə çəkirdi. Mənə elə gəlir ki, Bəhlul həmin zaman Fərhad Əhmədova işlə bağlı nəsə deyib. Ola bilsin də bizə verilməli olan pulları özünə götürmək niyyətində olub. Mən Bəhlulun bu hərəkətləri barədə "Baku Caspian Real Estate Limited” şirkətinə rəsmi məlumat vermişəm. Bu işləri Bəhlul şirkətin icraçı direktoru Nail Şahverdiyevlə birgə edirdi. Başımıza da hər iki şəxs bu problemləri açdı. Ola bilsin də bu iki şəxs Fərhad Əhmədovu aldadıb, ona işləri özlərinin görəcəyini desinlər. Biz ilk dəfə həmin əraziyə gələndə Bəhlul bizi oradan qovacağını bildirmişdi. İşin ağır hissəsini də biz başa çatdırandan sonra onlar istəklərinə nail oldular. Onların bizdən istədikləri 1.5 milyon avronu isə heç nə ilə əsaslandıra bilmirlər. Hazırda bizim 2 milyon avrodan çox avadanlığımız Fərhad Əhmədovun torpaq sahəsində qalıb.



- Fərhad Əhmədovun adamlar deyirlər ki, sizin şirkətin həmin obyektdə əkdiyi bitki və ağaclarda, düzəltdiyiniz suvarma sisteminizdə, tennis kortunda, problemlər var, şüşələr isə saralıb. Bu, həqiqətən də belədirmi?
- Həmin şüşələr sadəcə çirklidir. Çirkli şüşənin xarab olduğunu deyirlər. Həmin şüşələri təmizləmək lazımdır. Bütün bitkiləri gətirmişik, onlar bizə iftira atır. Sənədlərdə də qeyd edilib, onlara hər şeyi sübut edərik. Onu da deyim ki, Nail Şahverdiyev həmişə məndən "bəs mənə hörmət eləmirsiz?" sualını verirdi. Hələ bir dəfə də məndən 211-lə başlayan nömrəni hədiyyə kimi istədi. Soruşurdu ki, "İtaliyadan mənə nə gətirmisən?" Deyəndə ki, axşam qonaqlıq verəcəm. Ona da razı olmurdu. Hətta Bəhlul Bayramov da belə idi. Bizə imkan vermirdi ki, işləyək. Bizim əməkdaşlar həmin obyektdə çalışan zaman o, hərəsindən 2000-3000 avro alırdı. Bir dəfə Bəhlul onlardan 33 min avro pul yığdı. Əgər ona pul verilməsə, işi süni şəkildə yubadırdı. Məsələn, hər hansı bir iş görüləndə gəlib qoymurdu. Axı orada bizdən başqa da çalışan işçilər var idi. Bizim əməkdaşlar da işin xatirinə ona pul vermək məcburiyyətində qalırdılar. Həmin obyektdə 10-a yaxın traktor işləyirdi. Həmin traktorlardan biri isə ancaq Bəhlulun öz işlərini görürdü. Yəni ki, obyektdə olan digər tikinti işlərində çalışırdı. Mənə elə gəlirdi ki, həmin traktorun pulunu isə Fərhad Əhmədovdan alırdı. Ancaq traktor bizim ola-ola Bəhlula çalışırdı.



- London Məhkəməsinə müraciət edib, Fərhad Əhmədova qarşı tam olaraq neçə milyon avro iddia qaldırmısınız?
- Fakt olaraq bizə 2 milyon 800 min avro ziyan dəyib. Ümumilikdə mənəvi və maddi olaraq 5 milyon avroya yaxın iddia qaldırmışıq. Bizim İtaliyada müəyyən borclarımız var. İş gedən zaman bankdan kredit götürdük. Axı biz bir ölkədə iş görmürük... Ona görə bankdan kredit götürdük. Fərhad Əhmədov da pulu verməyəndə banka borcumuz başladı. Əlbəttə, krediti hər bir şirkət götürür. Amma onu da ödəmək lazımdır. Hazırda əməkdaşlar da maaşını ala bilmir. Şirkətdə böyük sıxıntılar yaranıb. Londonda olan vəkilim Azərbaycanda qeydiyyatdda olan "Baku Caspian Real Estate Limited” şirkətinə iddianı göndərib. Lakin həmin şirkət Bakıda rəsmi qeydiyyatda olduğu ünvanda fəaliyyət göstərmir. İddianı poçt vasitəsi ilə onlara vermək mümkün deyil. Şirkət olan ünvanda heç bir lövhə, şirkətin adı, hətta qapını açan belə yoxdur. Biz dünyanın 55 ölkəsində işlər görmüşük. Ərəbistan şahzadəsinin, Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin, Dubayda "Palma" adasının, İngiltərənin "Çelsi" futbol klubunun prezidenti Roman Abramoviçin, İtaliyanın sabiq baş naziri Silvio Berluskonin iqamətgahlarında işlər görmüşəm. bu işlərdə saçımı ağartmışam. Amma belə bir halla ilk dəfədir ki, qarşılaşıram. Buna baxmayaraq, Azərbaycanı sevirəm, bəyənirəm və işlərimi də burada davam etdirəcəm. Azərbaycanda bir neçə layihə üçün təkliflər almışam, hazırda danışıqlar aparırıq. Yaxın günlərdə müqavilə bağlayacağıq.



 ...Şirkət olan ünvanda heç bir lövhə, şirkətin adı, hətta qapını açan belə yoxdur...

- Bəs, Fərhad Əhmədovun obyektində yarımçıq qalmış işləri başa çatdırmaq istəyirsinizmi?
- Bəli, biz işləri yekunlaşdırmağa hazırıq. Amma onlar buna imkan vermir, ödənişlərimizi də etmirlər. Əgər işə başlasaq, 3-4 aya bitirərik. Neçə 2 milyon avrodan artıq mallarımız obyektə qalıb. Əlbəttə, oranı yenidən abadlaşdırmaq üçün buna milyonlar lazımdır.

- Bu problemlər yaranandan sonra Fərhad Əhmədovla görüşmüsünüzmü?
- Mən buna cəhd eləmişəm. Bir neçə dəfə onun özünə və adamlarına rəsmi formada müraciət etmişəm. Lakin heç bir cavab gəlmədi. Sanki o, bizdən qaçdı. Fərhad Əhmədovun obyektində olan mallarımızla bağlı məhkəməyə müraciət edəcəyik.

Vəkil Kamandar Nəsibov qeyd edib ki, hər iki şirkət arasında mübahisə yaranandan sonra İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb: "Səfir mənə sual verdi ki, sizin vətəndaşlarla bizim vətəndaşlar arasında nə kimi problem var? Mən heç bir problemin olmadığını dedim. O söylədi ki, artıq 3-4 italyan şirkəti Azərbaycan şirkətləri tərəfindən incidilir. Belə şirkətlərimizin bu kimi əməlləri ilə üz qarası olduqlarını göstərirlər. Bizim şirkətlər ölkəmizin imicinə xələl gətirirlər. Niyə bunlar sivil şəkildə iddia qaldırmır, italyan şirkətini həbslə hədələyir?"


 
"Paghera Green Service Societa Agricola S.R.L” şirkətinin əməkdaşı Sahib Xudaverdiyev deyib ki, F.Əhmədovun adamları ona 50 min pul təklif etdilər: "Bir nəfər bir neçə dəfə anonim zəng edib, görüşməyimizi bildirdi. Hətta o, qaldığım evin yanına gəlmişdi. Onun təxminən 35 yaşı olardı, uca boylu idi. Həmin şəxs mənə söylədi ki, bütün məsələləri bilirsən, gəl keç biz tərəfə, harda nəyi necə demək lazımdır sənə deyəcəyik. Mən də razılaşmadım. Belə çıxır ki, mən onlara işləməli idim. Hətta sonda məni işlə təmin edəcəyi vədini verdi. Fərhad müəllimin kim olduğunu xatırlatdı, italyanları qapısında qul kimi çalışdırdığını bildirdi".

www.ann.az

Xəbər lenti