İtaliya-Azərbaycan Turizm Forumu keçirilib

İtaliya-Azərbaycan Turizm Forumu keçirilib

İtaliyanın Roma şəhərində I İtaliya-Azərbaycan Turizm Forumu keçirilib. 

ANN.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 18 noyabrda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının İtaliyadaki Səfirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycandan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə, Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Turizm İnstitutunun, turizm şirkətləri və mehmanxanaların, eləcə də "Ecostyle" İctimai Birliyinin nümayəndələrindən ibarət 16 nəfər heyət iştirak edib. İtaliya tərəfindən isə forumda turizm şirkətləri, mehmanxana və media nümayəndələrindən ibarət 100 nəfər heyət iştirak edib.

Forumda hər iki tərəfin turizm şirkətləri arasında biznes görüşləri və təqdimatlar keçirilib. Turizm sənayesində çalışan sahibkarlar və dövlət nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinin öyrənilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

İtaliya ilə Azərbaycan arasında ilk dəfə keçirilən Turizm Forumunun proqramına uyğun olaraq tədbir çərçivəsində Azərbaycanın turizm potensialının, həmçinin turizm şirkətləri tərəfindən turizmin müxtəlif növlərinin (mədəni turizm, müalicə turizmi və ekoturizm), eləcə də "Şahdağ" Qış-Yay Turizm Kompleksinin təqdimatları keçirilib.

ANN.Az

Xəbər lenti