İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!”MÜSAHİBƏ

İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!” – MÜSAHİBƏ
Zarina Oruc

Alpinizm təkcə əyləncə və ağır iş deyil, həm də nəticə, uğur və ya uğursuzluqdur. İsrafil Aşurlu ilə həm alpinizm, həm də həyat tərzi barədə söhbət etdik. 

İsrafil Aşurlu Azərbaycan Alpinizm Federasiyasının rəhbəri, həm də Himalaylardakı Everest (2007)  və Kançencanqi (2011) zirvələrini fəth edən ilk azərbaycanlıdır. O həmçinin ilk dəfə Şimal Qütbünü (2009) fəth edən ilk azərbaycanlı olmağa müvəffəq olub. Nailiyyətlərinə görə alpinist 2009-cu ildə "Tərəqqi” medalına layiq görülüb. 
 
- Bir müddət əvvəl Everesti ilk uğurlu fəthdən bəhs edən "Everest. Mümkünsüzü mümkün etmək” adlı film-rekonstruksiyasının təqdimatı mərasimi keçirildi. Filmdə ekşn zirvəni fəth etmək istəyənlərin çox olmasına baxmayaraq, sonda cəmi iki nəfərin buna nail olması ətrafında gedirdi. Necə hesab edirsiz, filmdə göstərilən siatuasiya nə qədər real idi? Yoxsa bu sadəcə kombinə edilmiş çəkilişlər idi? 

-  Bu il alpinizm həvəskarları üçün çox əlamətdar keçdi. İlin əvvəlində məşhur ekspedisiyanın 1953-cü ildəki cəhdlərindən bəhs edən "Everest. Mümkünsüzü mümkün etmək” filmi göstərildi. Bu payızda isə 1996-cı ildə baş vermiş əsl faciədən bəhs edən və çox gözlənilən "Everest” filmi təqdim edildi. Sizin soruşduğunuz birinci film demək olar ki, gözə çarpmadı, o təkcə kədərlə yüklənmişdi deyə, müəyyən çevrənin maraq dairəsini düşdü. Məncə, dağlardan bəhs edən və bütün baxımlardan ideal film çəkmək olduqca çətindir. Bütün vaxt ərzində bədii və peşəkar nöqteyi nəzər arasında gedib-gəlməli olursan. Bu filmdə ekspedisiyanın taleyi və ruhunu vermək mümkün olmuşdu, əsas qəhramanların obrazları ekspedisiyanın dokumental xronikası əsasında yaxşı çatdırılmışdı. Film real hadisələrin real görünüşünü əks etdirirdi. Çəkilişə qalanda isə, əlbəttə, biz bilirik ki, film "canlı”, Everestin özündə çəkilməyib. 

- Deyilənə görə, hər il təqribən 800 alpinist Everestin zirvəsinə qalxmağa çalışır. Ortalama olaraq onlardan yalnız 2-3-ü buna müvəffəq olur. Siz də buna nail olan tək-tük adamlardansız. Bundan sonra həyatınızda hansısa dəyişiklik oldumu? 

- Bəli. Əgər 20 il əvvəl Everestə yalnız peşəkar alpinistlərin olduğu idman ekspedisiyaları çıxırdısa, indiki ekspedisiyaların əksəriyyəti kommersiya xarakterlidir. Belə ekspedisiyalarda əsasən pulu olan, ancaq kifayət qədər təcrübəsi olmayan insanlar təmsil olunur, onların əsas məqsədi dünyanın ən hündür zirvəsində olmaqdır. Bu ekspedisiyalarda əsas məqam arzu edən şəxsin maliyyə imkanlarıdır. Belə ekspedisiyaların üzvlərini idman ekspedisiyanın üzvləriylə müqayisə etsək, onda birincilər 5 ulduzlu hotellərin müştərilərinə bənzəyirlər. Təşkilatçılar nəhəng dağlarda, spartan reallığında onlar üçün maksimal komfort qurmağa çalışırlar. Onlar dağlara dırmaşa bilən yerli sakinlərin  köməyindən istifadə edirlər. Köməkçilər üçün bu iş ailələrini il boyu dolandırmaq üçün imkandır. Yeri gəlmişkən, kommersiya qruplarının tərkibində peşəkar alpinistlərə də rast gəlmək olur, onlar burada gid funksiyası daşıyırlar. 

2007-ci ildə mən Everestdə olanda ekspedisiyaya daxil olan üzvlərin sayı 1000 nəfər idi. 500 nəfər Nepaldan, qalanı isə Tibetdən idi. 

Everestə dırmaşandan sonra məndə nə dəyişdi? Mən 10 il idi ki, bir məqsədlə yaşayırdım. Hər şey onun reallaşmasına köklənmişdi: məşqlər, dağlara səyahət, hətta toy mərasimini 2007-ci ilin sonuna salmışdım (gülür). Qarşıma çıxan şansdan yararlandığıma görə xoşbəxtəm. Şəxsi ambisiyalardan savayı, mən qarşıma qoyduğum ən böyük arzunu gerçəkləşdirdim, bu nəhəng dağın zirvəsinə dırmanan ilk azərbaycanlı oldum və üçrəngli bayrağımızı ora sancdım. Bu dağa dırmaşanların ümumi beynəlxalq statistikasında 19 may 2007-ci ilə aid yazı var, Aşurlu İsrafil (Azərbaycan) ilk sırada qərarlaşıb. 

- O zirvəyə qalxanda insanda hansı hisslər yaranır? 

- Ən yüksəyə qalxanda yaranan təəssüratı sözlərlə ifadə etmək çox çətindir. Ən yaxşı halda sevinc, ən yüksək zirvəyə dırmaşmaq üçün laızm olan cəsarət hissini qeyd etmək olar. Məsələ təkcə bununla bitmir, aşağı düşəndə də sağ-salamat qalmalısan. Qəzaların böyük əksəriyyəti aşağı düşəndə baş verir. Hədsiz diqqətli olmalı, öz gücünü dəqiq hesablamalı və ağır zəhmətə hazır olmalısan. Ancaq bütün bunlar sonranın işidir, zirvədə olanda əlbbətə ki, xoşbəxt olursan.

- Sutkalarla divardan "asılıb” qalmaq hissini təsəvvür etmək belə çətindir. Bəs ailə, uşaqlar? Yemək, içmək, yatmaq? Üzr istəyirəm, başqa təbii ehtiyaclar? 

- Sutkalarla divardan asılıb qalanlar "divar” adlandırılan marşrutlarla gedənlərdir. Onlar bir qayda olaraq platformalarda yaşayırlar, onları özləriylə daşıyır və divarlara bərkidirlər. Mən başqa sahədə ixtisaslaşmışam. Yemək, yatmaq və s. kimi problemlər bizim qarşılaşdığımız ən ciddi çətinliklər deyil. 7000 mentrdə çox hündürlüyü olan dağlarda olmaq mənimçün ağır sınaqdır. Dağlar qüruru sevmir, sən ehtiyatlı olmalı və hətta deyərdim onlara hörmət etməlisən. Dünyanın ən hündür zirvələrini fəth etmək üçün orqanizm hündürlüyə adaptasiya olmalıdır, bunun üçün vaxt lazımdır, 3 həftə, ya da daha çox. Mənim üçün çətin olan uzanan vaxtdır. Onda ailəm üçün çox darıxıram. Böyük oğlum artıq böyüyüb, onun üçün həm ata, həm də dost kimi qurulan dialoqlar çox vacibdir. Səfərlərim bir həftədən çox davam edəndə, o çox qüssələnir və darıxır. Uşaqlar qarşısında öz məsuliyyətimi dərk edirəm. Mən onlara indi və burada lazımam... 

- İsrafil, qorxuya münasibətiniz necədir? Dağlarda həyat – axı bu həqiqətən qorxuludur...

- Əlbəttə, qorxulu olur. 

- Ən çox müddət qaldığınız zirvə hansı olub? Neçə dəqiqə, saat? 

- Hansı zirədə daha az vaxt keçirdiyimi xatırlamaq daha asandır (gülür). Tək olanda, zirvədə çox qalmıram. Kontrol çəkilişləri edirəm, əgər imkan varsa, aşağı düşəcəyim barədə məlumatı qeyd edib saxlayıram, çünki hələ düşərgəyə də çatmalıyam. Əgər qrup heyətinə daxiləmsə və ya ona rəhbərlik edirəmsə, adətən zirvədə də çox vaxt keçirirəm. Kimisə gözləməli olursan, kimsə şəkil çəkir, sevincini paylaşır. Əgər vəziyyət imkan versə, insanlara mənzərədən zövq almağa, zirvəyə dırmaşmaq arzunu gerçəkləşdirmək sevincini yaşamağa imkan vermək lazımdır. Ancaq hələ rahatlanmağın tez olduğunu da unutmaq olmaz, hələ aşağıya da düşmək lazımdır. Dağlardakı hava şəraitini də unutmaq olmaz, vəziyyət birdən dəyişə bilər, əgər biraz əvvəl günəş çıxmışdısa, qəfildən hava pisləşə bilər. 

- Dağlardan gələndən sonra hansı hissləri yaşayırsız? Özünə gəlmək üçün nə qədər vaxt tələb olunur? 

- Yəqin mənim ən çox Şişəbanqmıdan sonra vaxta ehtiyacım olmuşdu. Orda bizə çətin olmuşdu. Formanın bərpa olunmasına təxminən 1 il lazım oldu. Kançencanqa da məni fiziki və mənvi cəhətdən xeyli tükətmişdi, elə bil daxilimdə boşluq yaranmışdı. Yadımdadır ki, mən yalnız Alplara səfər edəndən sonra özümə gəldim. Məhz orada çox şey yerinə oturdu, mən özümə xas olan gücün və enerjinin bərpa olunduğunu hiss etdim. 

Ama Dablada və Nanqa Parbatadakı faciələri isə... onlar heç vaxt keçməyəcək...

- Siz məğlubiyyət hissini bilirsinizmi? Bu vəziyyətin öhdəsindən necə gəlirsiz və nə öyrənirsiz? 

- Elə anlar olub ki, geri çəkilməli və zirvəsiz evə gəlməli olmuşam. Olur belə. Bəli, kədərlidir. Onda lenti əvvələ yığırsan və etdiyin səhvlərə nəzər salırsan. Obyektiv səbəblərdən qaynaqlanan pis hava şəraitini və pis marşrut seçimini etiraf edirsən. Ancaq bu hər şeyin bitdiyi mənasına gəmir, sən hələ sağ və salamatsan, uşaqlarınla oynayırsan, yenidən əlinə şans düşəndə isə yarımçıq qalanı tamamlamağa gedirsən. 

Nə öyrənişəm? Yəqin beynin və bütün bədənin daha qabağa getməyin mümkünsüz olduğunu deyəndə, irəliləməyi, llərini sallayıb yerində oturmaq yox, hərəkət eləməyi, situasiyasını sayıqlıqla dəyərləndirməyi və çətin qərarı qəbul etməyi. 

- Alpinistləri bir qayda olaraq azad və hətta eqoist adamlar hesab edirlər. Azadlığınızın məhdud olduğunu nə vaxtsa hiss etmisinizmi? 

- Alpinizm azadlıqdır! Əgər səni tapdayırlarsa, üstünə gəlirlərsə və sən özündə buna qarşı gəlmək gücü hiss etmirsənsə, palçığa batıb qalırsansa, onda sən çox çətin ki, dağlarda ələ düşən azadlıq və cəsarət hissini duyasan. Və çətin ki, nəyəsə nail olasan. 

Ancaq bununla belə, sizin doğru qeyd etdiyiniz kimi alpinizmin eqoizmin gerçəkləşdirilməsidir. Dağlarda ehtiyatlı və diqqətli olanda, biz bundan həzz alırıq, həm də bizi sevənlərin olduğunu və ailəmizin gözlədiyini ürək ağrısıyla hiss edirik. 

- Bir kollektivdəki, bir komanda daxilindəki dağa dırmaşanların aralarındakı münasibətlər necədir? Kim birinci dırmaşdı, kim ayağını zirvəyə birinci qoydu, kim kömək elədi kimi söhbətlər varmı? Siz komanda daxilində rəqabət aparırsınızmı? 

- Bu vacib sualdır. Ekspedisiya uzun davam edə bilər, ona görə də onun üzvləri yaxşı yola getməli və qarşılıqlı anlaşmalıdırlar. Bu, yəqin ki, qütb, kosmik stansiya və komsik gəmidə birlikdə olmaq kimi bir şeydir. Hamı bir komandanın parçasıdır, əgər nəsə səhv getsə, bu çox pisdir. Dağlar hissləri, təəssüratları kəskinləşdirir. İdman və ya artıq təcrübəsi olan komandalarla səfərə çıxmaq daha yaxşıdır, burada hər kəs yoldaşının xarakterini və fiziki potensialını bilir. Onlar uzun müddətlik yolda cəmi bir neçə kəlmə kəsə, ancaq bununla harmoniyanı pozmaya və əla şəkildə qarşılıqlı anlaşma içərisində ola bilərlər. 

Komadalarda lider olur. Əgər hər şey hazılanıbsa, plan qurulubsa, komandanın öhdəsinə düşən onu izləməkdi. Dağlarda disiplin və şəxsi disiplin vacibdir. Azadlıq anarxiya demək deyil. 

- Növbəti layihəniz nədir? Yaxın perspektivdə nə var? Hansı dağlar? 

- Növbəti məqsəd Alplardır. Orada mən vaxtımı ailəm və dağlar arasında bölüşdürə bilirəm. Nahara qədər dağlar, nahardan sonra ailə (gülür). Orada çox möhtəşəm texniki marşrutlar var. Mənim təlimçim orada yaşayır və işləyir. Onunla tezliklə görüşmək üçün hövsələm çatmır. Həmçinin Firuz Dadaşovla birgə Qafqaza səfərim var. Yeri gəlmişkən, sizin ondan müsahibə götürməməyiniz çox qəribədir. O təzəlikcə əfsanəvi Qafqaz zirvəsi Uşbunu fəth edib! Mən məsələn, bu zirvəni ancaq arzulayıram, o isə artıq buna nail olub. 







www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti