İŞİD-in yeni lideri kimdir: Türkmən, erməni? - Şagirdi danışdı

İŞİD-in yeni lideri kimdir: Türkmən, erməni? - Şagirdi danışdı
Xəbər verdiyimiz kimi, ötən şənbə günü ABŞ ordusunun Suriyanın İdlib vilayətində keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD lideri Əbubəkr əl-Bağdadi məhv edilib. Bu hadisədən dərhal sonra media orqanlarında İŞİD-in yeni liderinin adı açıqlanıb. Məlum olub ki, qruplaşmanın yeni lideri Abdullah Qardaş adlı terrorçu olacaq.

Media orqanlarında Qardaşın bioqrafiyası da verilib. Ən çox diqqət çəkən isə Qardaşın türkmən olması ilə bağlıdır. Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətində bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib. Əsl adı Əmir Məhəmməd Səid əl-Mövladır. Qardaş Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də "ustaz”, yəni ərəbcə müəllim ləqəbi alıb. Daha sonra İraqda qurulan "Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir.

Qeyd edək ki, Abdullah Qardaşın İŞİD liderinin varisi elan olunması haqda xəbərlər 4 il əvvəl yayılıb. Həmin vaxt iddia olunurdu ki, əsl adı Abu Əla əl-Afri adlı şəxs, yəni Abdullah Qardaş kimi tanınan İŞİD üzvü qruplaşmanın ikinci adamı, Bağdadinin "sağ əli”dir. Hətta son illərdə bəzi media orqanları İŞİD-i faktiki olaraq Qardaşın idarə etdiyini yazırdı. 

Lakin maraqlıdır ki, hələ 4 il əvvəl Türkiyənin Aksaray Universitetinin beynəlxalq münasibətlər üzrə dosenti Ziya Abbas İŞİD-in yeni liderinin türkmən olmadığını bildirmişdi. Ziya Abbas Qardaşın vaxtilə ona dərs dediyini və uşaqlıqdan bu adamı tanıdığını demişdi.



"Yeni Müsavat”a danışan Z. Abbasın sözlərinə görə, İŞİD-in yeni lideri seçilən əl-Afri ləqəbli şəxsin əsl adı Mustafa Kaddodur. Mətbuatda onu mənsub olduğu Şeyxlər aşirətinin adı ilə çağırırlar. O, bildirib ki, Mustafa Kaddo və ya əl-Afri onun təhsil aldığı (Z.Abbas İraq türkmənidir, Telafer şəhərindəndir - K.R.) orta məktəbdə ilahiyyat dərsi deyib: 

"O dövrdə Telafer bazar meydanında yeni açılan məsciddə moizələr edirdi. Ancaq xütbələri bir neçə dəfə yerli şiələrin etirazına səbəb olmuşdu. Şiələr onun çıxışlarını inanclarına qarşı yanlış ifadələr işlətməsinə görə sevmirdilər. O cümlədən Yezid və Müaviyəni tərifləməsinə etiraz edirdilər. Özü də Telaferdən idi. O qədər də camaata qaynayıb qarışan biri deyildi. Buna görə də qonşuları ilə münasibətləri yox idi. Əsasən vaxtını evdə, məsciddə və işdə keçirirdi”.

Ancaq Ziya Abbas İŞİD-in yeni liderinin türkmən olmasına inanmır. Z.Abbas deyib ki, Mustafa Kaddo Şeyxlər aşirətinin himayəsində böyüdüyü üçün bu aşirətin adı ilə adlandırılır: 

"Kaddo Şeyxlər aşirəti tərəfindən böyüdülmüş bir ailənin övladıdır. Amma əslən hansı millətə mənsub olduğunu bilmirəm. Məsələ ondadır ki, erməni olayları zamanı Anadoludan köçən erməni uşaqları Telaferdə yerli türkmənlər tərəfindən himayəyə alınıb. Bu uşaqlara və onların ailələrinə də indi də mənsub olduqları aşirətlərin yetişdirdiyi uşaqlar deyirlər. Kaddo ailəsi də Şeyxlər aşirəti tərəfindən yetişdirilib. Yəni böyük ehtimalla bu adamın da babası və ya babasının atası erməni olub”.


Ziya Abbas

Onun fikrincə, Telaferdə Mustafa Kaddo yerli əhali ilə o qədər də yaxşı yola getməyib: "Mustafa Kaddo ”Əlcəzirə" orta məktəbi və liseyində müəllim işləyirdi. Orta məktəb və liseydə mənə 4 il din dərsi keçib. Ancaq müəllimliklə yanaşı, mikroavtobus sürücüsü işləyirdi. Bizim oxuduğumuz zamanlarda ciddi mübahisələr olmazdı. Ancaq 1990-cı illərdə ilk məzhəb mübahisələri edən adam idi. Çox gözəl səsi vardı, Quran oxumasını çox sevərdim. Ancaq sonradan daha çox məzhəb mübahisələrinə girişdi. Bizim məktəbin demək olar ki, hamısı cəfəri şiələr idi. Məzhəb mübahisələri yaratdığı üçün məktəbdə sevilmirdi. Bizimlə olmasa da, son illərdə məktəbdə çox sayda məzhəb mübahisələri edirdi. Bu səbəbdən şagirdlərin böyük çoxluğu onu sevmirdi. Bir neçə dəfə avtomobilinin təkərlərini boşaltdıqlarını, şüşələrini sındırdıqlarını eşitmişdim. Hətta bu səbəbdən məktəbdə araşdırma başladıldığını da bilirdim".

Ziya Abbasın sözlərinə görə, 2003-cü ildə İraq ABŞ ordusu tərəfindən işğal edildikdən sonra əl-Afri "Əl-Qaidə”yə qatılıb və bu təşkilatın İraq bölməsində fəallardan olub: "Daha sonra amerikalıların onu həbs etməsi haqda xəbərlər yayılsa da, yaxınları bu məlumatları təkzib edirdilər. Biz daha sonra həbs olunduğunu, ancaq bir müddət sonra azad edildiyini eşitdik. Ondan sonra bir daha heç zaman onu Telaferdə görən olmadı”.


www.ann.az

Xəbər lenti