İqlim dəyişmələri və nəqliyyat: İnsanların hansı öhdəlikləri var?

İqlim dəyişmələri və nəqliyyat: İnsanların hansı öhdəlikləri var?
Hər il mayın 15-i dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Bu günün qeyd olunmasının əsas səbəbi insanların diqqətini iqlimin müdafiəsinə yönəltməkdir.

Qlobal istiləşmə, atmosferdə artan ozonun miqdarı, təbii fəlakətlər, planetin hava şəraitinin dəyişməsi iqlimin pisləşməsinə səbəb olan amillərdəndir. Bu isə öznövbəsində insanların əmək qabiliyyətinə, ərzaq və həyati təhlükəsizliyinə birbaşa təsir göstərir.

Nəqliyyat sektoru iqlimin pisləşməsində mühüm rola malik olan sektorlardan biridir. Belə ki, nəqliyyat enerji ilə əlaqəli havaya buraxılan istixana qazı tullantılarında 25% paya sahibdir və bu payın 33%-ə qədər artacağı gözlənilir. Buna görə də, dünya iqlim dəyişikliyinə qarşı mübarizədə insanların hərəkət tərzini dəyişdirmədən qalib gələ bilməz.

Problemin miqyası COVID-19 pandemiyasının yayılması ilə özünü bir daha sübut etdi. Belə ki, infeksiyanın yayılması və buna qarşı insanların hərəkətində məhdudiyyətlərin tətbiqi şəhər nəqliyyatının yavaşlamasına və nəticədə, bir çox şəhərlərdə hava keyfiyyətində kəskin yaxşılaşmalara yol açdı. Bu isə iqliminin stabil saxlanılması üçün planetin hər bir sakininin öhdəlik daşıdığını bir daha sübut etdi. İstər pandemiya, istərsə də, postpandemiya dövründə insanlar şəxsi avtomobillərdən daha az istifadə etməklə və ya ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verməklə iqlimin qorunmasına öz töhfəsini verə bilər.

İqlimlə bağlı problemləri göz önünə gətirərək Bakı Nəqliyyat Agentliyi də nəqliyyat vasitələrinin havaya vurduğu ziyanları ölçmək üçün maraqlı layihə icra edir. "Hava Keyfiyyətinin İndeksi” adlanan layihənin əsas məqsədi ekoloji göstəriciləri müqayisəli təhlil etməkdir. Burada əsas məqam nəqliyyat sıxlığı haqqında həssas sensorlar vasitəsilə məlumatların əldə edilməsi və tıxacların ətraf mühitə təsirinin azaldılmasıdır. Belə ki, paytaxtın üç yerində quraşdırılan bu sensorlar vasitəsilə havanın tərkibində olan azot, kükürd, dəm qazı və bu kimi zərərli qazların miqdarı müəyyən olunmaqla təhlil edilir. Bu isə avtomobillərdən buraxılan zərərli qazların havanın çirklənmə səviyyəsini hansı həddə çatdırdığını göstərir. Agentliyin əsas məqsədi isə hər birimizin sağlamlığı üçün önəm daşıyan şəhər ekologiyasına diqqət çəkməkdir.

Tıxaclarda bu tullantıların birə beş artdığını nəzərə alaraq deyə bilərik ki, sürücülər mümkün qədər süni tıxacların yaranmasının qarşısını almalı, qanunsuz parklanmaya yol verməməli və qoyulan tələblərə uyğun davranmalıdırlar. Sağlam həyat və sağlam gələcək üçün nəqliyyatın ekoloji təmizliyində biz sürücülər və sərnişinlər məsuliyyət daşımalıyıq.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti