“İndi milli iradə, birlik, həmrəylik zamanıdır”

“İndi milli iradə, birlik, həmrəylik zamanıdır”
"Təəssüf ki, bir qrup təxribatçı, ekstremist ideyalarla zəhərlənmiş vətən xaini insanlarımızın saf hisslərindən, Vətən sevgisindən irəli gələn dəstək aksiyasından öz çirkin məqsədləri üçün yararlanmağa çalışdılar".

Ann.az xəbər verir ki, bunu "MediaPost"a açıqlamasında siyasi analitik, jurnalist Elçin Mirzəbəyli deyib.

O bildirib ki, həmvətənlərimiz dövlətə və orduya dəstək aksiyaları ilə son damla qanınadək Vətən uğrunda savaşa hazır olduqlarını, Azərbaycanı canlarından artıq sevdiklərini nümayiş etdirdilər:

"Bunun əksi ola da bilməzdi. Aksiya iştirakçılarının Vətən və Bayraq sevgisi, səmimi vətənpərvərliyi, səfərbərlik elan olunması ilə bağlı istəyi, ordu sıralarında qulluq etmək, düşmənə qarşı savaşmaq niyyəti sevindiricidir və hər bir Vətən sevdalısı kimi, məni də qürurlandırır. Ordu xalqın, dövlətin qürur mənbəyi, arxası, dayağıdır və ona dəstək vermək də hər bir vətəndaşın borcudur. Şübhəsiz ki, bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar da keçirilə bilər. İnsanlar orduya olan sevgilərini, dəstəklərini, düşmənə qarşı mübarizədə hər cür fədakarlığa hazır olduqlarını biruzə vermək istəyirlər. Bu, milli birliyin, həmrəyliyin nümunəsidir və təqdir olunmalıdır. Ancaq bir qrup təxribatçı bundan öz çirkin məqsədləri üçün yararlanmağa çalışdılar. Əslində bu, gözlənilən idi. Çünki bu rəzil məxluqların az qala, hər gün sosial şəbəkələrdə ölkəmiz əleyhinə apardıqları iyrənc təbliğatın, püskürdükləri yalan və böhtanların, təxribat xarakterli, təhrikçi hərəkətlərin şahidi oluruq. Az qala, hər gün müxtəlif ideologiyalardan, müqəddəs dəyərlərdən öz maraqları üçün yararlanmağa çalışan, üzdə dost kimi görünən, arxada isə ermənidən daha artıq düşmən mövqeyi sərgiləyən, dünyanın üz qarası olan cəhalət, xurafat və qaranlıq mərkəzlərin tör-töküntüləri tərəfindən milli dünyagörüşü daşıyıcılarının necə təhdid edildiklərini, təxribata məruz qaldıqlarını görürük".

E. Mirzəbəylinin fikrincə, Ermənistanın, erməni havadarlarının, həmçinin Azərbaycanın müstəqilliyinə düşmən kəsilən, milli, dünyəvi inkişaf platforması üzərində bərqərar olmuş dövlətçiliyimizi həzm edə bilməyən dairələrin təxribatı gözlənilən idi:

"İstənilən vəziyyətdən öz çirkin niyyətləri üçün yararlanmağa çalışan qrupların, virtual və real nüfuz müvəkkillərinin sosial şəbəkələr vasitəsilə apardıqları total təxribat kampaniyası onların uzantılarının aksiyalardan da boy göstərəcəyi ehtimalını yaradırdı. Onu da qeyd edim ki, dəstək aksiyasını iğtişaşa çevirmək istəyən təxribat qrupları istisnasız olaraq, sinxron hərəkət edirdilər".

Siyasi şərhçi kobud qanun pozuntularına yol verənlərin arasında təxribatçı qrupların yaratdıqları neqativ emosiyaların təsiri altına düşənlərə çağırış edib: "Sırf onlara münasibətdə deyirəm: Qəhrəman əsgər və zabitlərimizin Vətənimizin sərhədlərini qorumaq üçün ölüm-dirim savaşına atıldıqları bir zamanda təxribatlara uyaraq, milli birliyimizi, həmrəyliyimizi nümayiş etdirən aksiyaların mahiyyətini dəyişməyə, onu iğtişaşa, qarşıdurmaya çevirməyə cəhd göstərənlərin fitnəsinə uymaq vətəndaşlıq mövqeyinə, qanunlara ziddir. Ən əsası isə şəhidlərin ruhuna hörmətsizlikdir. Bu, bilərəkdən, yaxud bilməyərəkdən xain düşmənlə eyni cərgədə yer almaqdır!

Təxribatçılara gəldikdə isə həmin adamlarla qanunun ən sərt üzü ilə danışmaq lazımdır! Düşmən dövlət sərhədimiz istiqamətində qəfil hücuma keçib, ordu savaşır, şəhidlərimiz, yaralılarımız var, dövlətin bütün resursları həm döyüş bölgəsinə, həm də pandemiyaya qarşı mübarizəyə yönəldilib. Azərbaycan xalqının ürəyi səngərdəki əsgərlərimiz, zabitlərimizlə birgə döyünür və belə bir məqamda, insanların səmimi hisslərindən doğulan, öncədən düşünülməmiş, təşkil edilməmiş vətənpərvərlik aksiyasını iğtişaşa çevirmək cəhdi, aksiya iştirakçılarının təhlükəsizliyini qoruyan və onlarla birlikdə orduya dəstək verən polis əməkdaşlarına qarşı zor tətbiq etmək, dövlət müstəqilliyimizin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunduğu parlament binasında vandalizmə yol vermək özbaşınalığın, mənəviyyatsızlığın ən son həddidir və heç bir halda bağışlanmamalıdır".

"Biz 1990-cı illərin kataklizmlərindən, anarxiya, özbaşınalıq, xaos və qarşıdurmalardan keçən bir xalqın nümayəndələriyik. Yaxın tariximizdə baş verənlər hələ də yaddaşımızdan silinməyib. Azərbaycan vətəndaşlarının dövlətə, orduya olan sevgi və dəstəyindən, milli birlik, həmrəylik nümayiş etdirmək, çiyin-çiyinə dayanmaq kimi saf niyyətindən öz çirkin məqsədləri üçün istifadə edənlərin pozucu, bölücü əməllərinə münasibətdə kiminsə kənarda dayanmağa, susmağa mənəvi haqqı yoxdur. 

Bəzi siyasi qrupların, şəxslərin hərc-mərclik yaratmaq, ölkəmizi yenidən xaosun qaranlıqlarına sürükləmək cəhdləri ciddi şəkildə qınanmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz, siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq, Vətənini, Millətini, Dövlətini, Bayrağını sevən hər bir Azərbaycan vətəndaşı bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidir.

Bu gün düşmənlərimizi narahat edən və bizə qarşı davamlı təxribatların həyata keçirilməsinə səbəb olan əsas amil Azərbaycanın kimdənsə asılı olmadan, öz ayaqları üzərində dayanan güclü dövlət olmasıdır. Bizə dost və qardaş münasibəti şübhə doğurmayan və bunu əməldə sübuta yetirən xalqlardan, dövlətlərdən başqa heç kim ölkəmizin xaosdan, parçalanmadan, iqtisadi tənəzzüldən, böhrandan sıyrılaraq əmin-amanlığın, sabitliyin, təhlükəsizliyin hökm sürdüyü bir dövlətə çevrildiyini qəbul edə bilmir. Heçdən bir dövlət və bayraq yaradan əcdadlarımız kimi, bu dövləti göz bəbəyi kimi qoruyan, gələcək nəsillərə daha güclü Azərbaycan miras qoymaq üçün çalışan qardaş və bacılarımız, xalqımızın düşünən beyinləri, vuran əlləri də hədəfdədir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları var gücümüzlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz qətiyyətli vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İndi sərt, qarşısıalınmaz, polad kimi möhkəm MİLLİ İRADƏ, BİRLİK, HƏMRƏYLİK zamanıdır! Hər birimiz daha məsuliyyətli, daha prinsipial davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməli, hədəflərimizə doğru inamla, tərəddüd etmədən addımlamalıyıq. Ordumuz düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir. Biz xalq və dövlət olaraq, güclüyük, qətiyyətliyik! Qələbə mütləq bizim olacaq!" - deyə, siyasi analitik bildirib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti