İlham Əliyevin səfəri başa çatdı

İlham Əliyevin səfəri başa çatdı
Azərbaycan prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşüb. ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan-NATO əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib, prezident İlham Əliyevin budəfəki səfərinin qarşılıqlı əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb.Sonra prezident İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı NATO-Azərbaycan əlaqələrinin yaxşı tarixə malik olduğunu söyləyib və bu əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, hazırda Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak etdiklərini deyib. İlham Əliyev son illərdə ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadi baxımdan böyük uğurlar qazandığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirib.Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələrindən söhbət açıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib.NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildiriblər, ölkəmizin Əfqanıstandakı sülhyaratma əməliyyatlarında fəal iştirakını vurğulayıblar. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıblar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd edən daimi nümayəndələr artıq bu sahədə uğurlu əməkdaşlığın qurulduğunu, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” kimi iri enerji layihələrinin bu prosesə mühüm töhfə verdiyini bildiriblər.Bununla da prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.ANN.Az

Xəbər lenti