İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər edib (YENİLƏNİB)

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər edib (YENİLƏNİB)
Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gediblər. 

Ann.az xəbər verir ki, prezident və birinci xanım Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlət başçısına və birinci xanımı məlumatlandırıb. İlham Əliyev müvafiq tapşırıqlarını verib.

İlham Əliyev və Mehriban Əliyeva Şəki şəhərində inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına və birinci xanıma Şəki rayonunun Kiş kəndindəki Alban məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması layihəsi barədə də məlumat verilib.

Bu gün həmçinin prezident və birinci xanım Şəkidə Bayraq Muzeyinin açılışında iştirak ediblər. Dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, muzey Bayraq Meydanında yerləşir. Meydanda hündürlüyü 72,4 metr olan bayraq dirəyinin postament hissəsi yenidən qurulub, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac, gül kolları əkilib, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib. Qeyd olunub ki, Bayraq Muzeyinin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə üç bölmə var. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, xanlıqların bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur.

İlham Əliyev və Mehriban Əliyeva Şəki-Kiş avtomobil yolunun açılışında iştirak ediblər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, yolun uzunluğu 7,2 kilometrdir. Şəki-Kiş avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. On yeddi min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun yenidən qurulması Azərbaycan Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. Görülən işlər nəticəsində yol iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Layihəyə uyğun olaraq 7 metr enində yol əsası və 2 metr enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 metrdir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları tikilib.

Bildirilib ki, avtomobil yolunun inşası iki yaşayış məntəqəsi arasında yük və sərnişin daşınmasının yaxşılaşdırılmasına imkan verəcək, həmçinin yerli və xarici turistlərin Kiş kəndinə və "Marxal” istirahət mərkəzinə gediş-gəlişində mühüm rol oynayacaq. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
 
www.ann.az

Xəbər lenti