İlham Əliyev: “Təcavüzkarı belə cəzalandırarıq ki, gələcəkdə tərəfimizə baxmağa hünəri olmasın”

İlham Əliyev: “Təcavüzkarı belə cəzalandırarıq ki, gələcəkdə tərəfimizə baxmağa hünəri olmasın”
Rusiyanın "Россия 1” televiziya kanalında yayımlanan "60 минут” televiziya verilişinin dünənki buraxılışı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdi.

Studiyadakı qonaqlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da canlı bağlantı ilə verilişə qoşulmuşdu.

"MediaPost” hər iki dövlət başçısının çıxışının qısa analizini hazırlayıb.

Belə deyirlər ki, hər bir xalqın özünə layiq hökmdarı olur. Demək olar ki, bu fikir dünənki televiziya verilişində öz təsdiqini tam olaraq tapdı.

Xatırlayırsınızsa, avqustun 14-də İngiltərənin BBC telekanalında gedən "HARDtalk” verilişində danışan Paşinyan bütün dünya qarşısında biabır oldu. Onun tərəfdarları həmin vaxt deyirdilər ki, bu fiasko məhz Paşinyanın ingiliscə danışa bilmədiyi səbəbindən baş vermişdi. Kim bilirdi ki, oxşar biabırçılıq iki ay keçmədən yenə baş verəcək, lakin bu dəfə daha yaxında - Rusiyanın televiziya kanalında. Yəqin Ermənistan baş nazirinin köməkçiləri verilişdən dərhal sonra, baş verən biabırçılığın səbəbinin tapılması üzərində çalışacaqlar. Amma fikrimizcə, gələn dəfə belə biabırçılıq olmayacaq, çünki telekanallar çətin ki Paşinyan kimi səviyyəsiz qonağı bir də dəvət edələr.



Paşinyanın danışıq qabiliyyətinin, məntiqli düşünmək bacarığının, geosiyasi prosesləri analiz etmək qabiliyyətinin, ən nəhayət, həqiqəti danışmaq iradəsinin və mərdliyinin olmaması artıq hamıya bəllidir.

Məlumdur ki, 27 sentyabr tarixində erməni silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriya zərbələrinə məruz qoyub. Nəticədə mülki şəxslər və hərbi qulluqçularımız həlak olub. Azərbaycan Ordusu təcavüzkara qarşı cavab tədbirlərinə başlamalı olub.

Döyüşlərin gedişində Azərbaycan Ordusu bir sıra əraziləri erməni işğalçılarından azad edib. 

Həmin veriliş zamanı münaqişədə Türkiyənin roluna toxunan Prezident qeyd edib ki, bu dövlətin rolu daha çox sabitləşdirici xarakter daşıyır. Türkiyə Azərbaycanın qardaş ölkəsi və müttəfiqidir; dünya ictimaiyyəti Ermənistanın Azərbaycana hücum etdiyini biləndən sonra Türkiyə dövlətinin rəhbərliyi Azərbaycanı dəstəklədiyini bildirib. Daha doğrusu, Azərbaycanı və beynəlxalq hüququ. Çünki Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını zəbt etməsi beynəlxalq hüquq normalarının pozulmasıdır.

Bildirildi ki, Azərbaycanın kənar qüvvələrin köməyinə ehtiyacı yoxdur, çünki ölkəmizin hazırlıqlı ordusu var. Türkiyənin hərbi qulluqçularının və ya texnikasının, habelə suriyalı döyüşçülərin Azərbaycan Ordusu tərəfdə iştirakı haqqında deyilənlər Ermənistanın yaydığı dezinformasiyadır. Bunun heç bir sübutu və ya dəlili yoxdur. Hamısı Ermənistan tərəfindən hazırlanmış və ortaya atılmış yalanlardır. On milyonluq Azərbaycanın iki milyonluq Ermənistanla bacarmaq üçün kifayət qədər qüvvəsi, imkanı və resursu var.

Onların yalan yaymaqda məqsədləri münaqişəyə daha çox tərəflərin cəlb olunmasıdır.

Prezidentimiz Azərbaycanın danışıqlara hər zaman konstruktiv nöqteyi-nəzərindən yanaşdığını da qeyd edib. Bunu ATƏT-in Minsk Qrupunun həmsədrləri də təsdiq edə bilər. Azərbaycan illərlə işlənib hazırlanmış prinsiplərə və danışıqlar formatına sadiqdir. Dövlət rəhbərimiz "münaqişənin bütün tərəfləri” ifadəsinin tamamilə səhv olduğunu xüsusilə qeyd etdi, çünki münaqişənin iki tərəfi var. Bunlar Ermənistan və Azərbaycandır.   



Nikol Paşinyan 2018-ci ildə "Soros çevrilişi” etdikdən sonra birmənalı şəkildə iddia edir ki, "Qarabağ Ermənistandır, nöqtə”. Bundan sonra hansı danışıqlar prosesi aparıla bilər? Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupu tərəfindən işlənmiş prinsiplərdən biri də Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasıdır, lakin Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə” iddiası və danışıqlar masası arxasına qondarma rejimin təmsilçilərinin gətirilməsi istəyi danışıqlar formatının dəyişdirilməsindən başqa bir şey deyil! Belə çıxır ki, Ermənistan danışıqlar prosesini qəsdən pozur, prosesi dayandırmaq üçün təxribatlar törədir.

Görünən odur ki, Ermənistan hazırkı müharibəyə çoxdan başlayıb – iyul ayında Tovuz istiqamətində təxribat törətməklə, avqustda ölkəmizə təxribat qrupu göndərməklə, işğal olunmuş ərazilərə livanlı erməniləri köçürməklə, qondarma, cinayətkar rejimin başçısının inauqurasiyasını Şuşada keçirməklə və s. Paşinyan ermənilərin diqqətini Ermənistanın daxilindəki siyasi böhrandan yayındırmaq üçün vəziyyəti gərginləşdirib.       

Sözün düzü, Ermənistanın baş nazirinin çıxışının səviyyəsizliyi bizim üçün heç də gözlənilməz bir hal deyildi. 

Paşinyan Azərbaycanın guya Ermənistan kəndlərini bombaladığını dedi. Həm də dedi ki, sən demə, Türkiyənin zabitləri Azərbaycan Ordusunu idarə edir. Heç Türkiyənin köməyini bununla da bitirmir: Türkiyənin vasitəçiliyi ilə Suriya ərazisində çoxsaylı muzdlu döyüşçülər toplanır və Azərbaycana göndərilirmiş... Hətta "Paşinyanda olan dəqiq məlumata görə” Azərbaycan ərazisində muzdlularla yerli camaat arasında qarşıdurmalar da artıq başlayıb. Səbəb isə odur ki, şəriət qanunları ilə yaşayan muzdlular mağazalarda spirtli içkilərin satışının əleyhinədir.

Digər "dəqiq məlumata görə” Türkiyənin Hərbi Hava Qüvvələrinin F-16 qırıcısı Ermənistanın Su-25 təyyarəsini məhv edib, pilot isə ölüb.

Bundan sonra Paşinyan yenə də uydurma erməni soyqırımı mövzusuna qayıdıb dedi ki, beynəlxalq birlik Türkiyəni Cənubi Qafqaz bölgəsindən çıxarmalıdır. Çünki "Türkiyənin regionda mövcudluğu region üçün yalnız mənfi təsir göstərəcək”. Gülməlidir, deyilmi?

Paşinyanın dediyinə görə, Azərbaycan dərhal təcavüzü dayandırmalıdır, çünki Azərbaycan Ordusu cəbhədə heç bir müvəffəqiyyətə nail olmadı. Münaqişə yalnız siyasi vasitələrlə, sülh yolu ilə həll oluna bilərmiş.

Çox gülməli, mənasız, məntiqsiz iddialardır. Xəstə xülyalar olduğunu da demək olar.  

Lakin düşməni diqqətsiz qoymaq olmaz, çünki erməni hiyləgər siyasətçilərin alçaqlığı hətta Paşinyanın çıxışından da göründü və Azərbaycan üçün vacib ola bilən bir sıra məqamlar var:

* Azərbaycanı sülhə məcbur etmə əməliyyatı fonunda, Ermənistan həm Azərbaycan-Türkiyə münasibətlərini, həm də dünya birliyinin Türkiyəyə münasibətini pozmaq niyyətindədir. 

* Ermənistan beynəlxalq arenada müharibənin Azərbaycanın öz siyasi iradəsi ilə yox, məhz Türkiyənin istəyi ilə baş verdiyi, habelə Türkiyənin  Azərbaycanı öz maraqlarında istifadə etdiyi görüntüsü yaratmaq niyyətindədir.

* Münaqişədə Türkiyəyə məxsus silah və döyüş texnikasının istifadəsi, habelə türk zabitlərin Azərbaycanın tərəfində iştirak etməsi haqqında yalanlar yaymaqla, Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoymaq istəyir.

* Türkiyəyə məxsus F-16 qırıcı təyyarəsinin Ermənistan hava məkanında Su-25 təyyarəsini məhv etməsi haqqında yalanlarla Türkiyəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə qarşı-qarşıya qoymaq niyyətindədir.

* Dağlıq Qarabağ münaqişəsini hazırda Belarusda baş verən siyasi proseslərlə bir pilləyə qoymaqla, bu iki proses arasında əlaqə qurmaqla xarici qüvvələrin regionda hakimiyyət uğrunda mübarizə apardığı fikri yaratmaq istəyir.

* Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana yardım etməsini Rusiya üçün təhdid kimi təqdim etmək niyyətindədir.

* Ermənistan hakimiyyəti yaşanan məğlubiyyəti Türkiyənin mövcudluğu ilə izah etməyə cəhd edir. Düşmənlərin niyyəti budur: Türkiyəni regiondan uzaqlaşdırmaq, Azərbaycanı zəiflətmək və münaqişədə ermənilərə sərf edən status-kvonu saxlamaq.

Onu da qeyd edək ki, studiyada iştirak edən qonaqlar arasında da fikirlər fərqli idi.

Rusiyada dərc olunan "Национальная оборона” jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə görə, hətta iki dövlət rəhbərinin danışığından da artıq kimin kim olması bəlli idi. Belə ki, heç bir sübut, dəlil və ya sənəd olmadan, yalnız dedi-qodulara əsaslanan və yalan məlumatlar verməklə izləyiciləri çaşdırmağa çalışan Paşinyan İlham Əliyevlə heç cür müqayisə oluna bilməz. Prezidentimizin nitqi, məlumatlılığı hamıya aydındır.

Münaqişənin həlli variantlarına gəldikdə isə iştirakçıların heç biri konkret həll təklifi ilə çıxış etməyib. Bəli, hər iki tərəfi atəşı dayandırmağa, insan tələfatlarına yol verməməyə, danışıqları bərpa etməyə çağırıblar, lakin bundan ötrü hansı şərtlərin və ya şəraitin olması fikir ayrılığı yaşadıb.

İştirakçıların digər qənaətinə görə, münaqişə mütləq həll olunmalıdır, çünki münaqişənin uzadılması iki-üç ildən bir yeni müharibənin başlaması deməkdir.

Əminik ki, hazırda yaşanan hərbi əməliyyat otuz il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yeganə, ən düzgün həll yoludur.

Prezidentimizin dediyi kimi, Azərbaycanın yetəri qədər güclü Ordusu və səfərbərlik ehtiyatları var: "Təcavüzkarı belə cəzalandırarıq ki, gələcəkdə tərəfimizə baxmağa hünəri olmasın”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti