İlham Əliyev Davosda bir sıra görüşlər keçirib (FOTO/YENİLƏNİB)

İlham Əliyev Davosda bir sıra görüşlər keçirib (FOTO/YENİLƏNİB)
Prezident İlham Əliyev yanvarın 22-də Davosda "CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

Ann.az Azərtac-a istinadən xəbər verir ki, görüşdə Gerri Elliott Azərbaycanın müxtəlif dövlət qurumları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Gerri Elliott "CISCO” şirkətinin layihələrinə göstərdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib. O, hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğulayıb. Bu baxımdan Azərbaycanda islahatların aparılması üçün bacarıqlı liderin olmasını, konkret inkişaf planlarının mövcudluğunu, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək əsas amillərdən biri kimi inkişaf planlarında göstərilən hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin Azərbaycanın inkişafında əsas amillər olduğunu qeyd edib.

Gerri Elliott Azərbaycan Hökuməti, xüsusilə Ədliyyə Nazirliyi ilə məhkəmələrin, cəzaçəkmə müəssisələrinin inteqrasiyası, bu sahədə elektron xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətlərində sıx əməkdaşlıq etdiklərini vurğulayıb. O, "CISCO”nun Azərbaycanın iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə həyata keçirdiyi siyasətə dəstək verməyə hazır olduğunu ifadə edib və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa görə minnətdarlığını bildirib.

İlham Əliyev "CISCO” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb. Dövlət başçısı şirkətin Azərbaycanın aidiyyəti qurumları ilə məhsuldar əməkdaşlığından razılığını bildirib. Prezident bu əməkdaşlığın Azərbaycanın müəyyən etdiyi proqram və planların həyata keçirilməsində, şəffaflığın artırılmasında və digər elektron xidmətlərin inkişafında əhəmiyyətini qeyd edib.
 


İlham Əliyev Davosda "Visa” şirkətinin prezidenti Rayan MakInerni ilə də görüşüb. Görüşdə Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb. 

O, son illər İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında "Visa” şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edib, bunun başqa ölkələr üçün də nümunə olduğunu deyib.

Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Visa” brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, "Doing Business 2019” hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib. Dövlət başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.



İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, "Azəri-Çıraq-Günəşli”, "Şəfəq”, "Asiman”, "Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
 


Bu gün Davosda Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstanın baş naziri Mamuka Baxtadzenin görüşü olub.
 


İlham Əliyev həmçinin Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.


Xəbər lenti