Həsən yox, onu yarıyolda qoyan azarkeşlər uduzdu – KÖŞƏ

Həsən yox,  onu yarıyolda qoyan azarkeşlər uduzdu – KÖŞƏ
Orxan Aslanlı

Otlara yaraşır başını əymək, 
İnsanın başıysa ucada gərək. 

Bu misranı işlətməkdə məqsəd hansısa padşahın əmri ilə cəlladın qılıncı altına əyilən insanın ağır durumunu xatırlatmaq deyil. Son bir neçə gündə "başını əydi” ifadəsi daha çox işlədilməyə başlayıb və mən də dahi şairimiz Nizaminin yuxarıda yada saldığım ifadəsini işlətməkdə məqsədim "erməniyə uduzan Həsən Əliyev" haqqında səslənən fikirlərə öz yanaşmamı ortaya qoymaqdır. 

Həmin yarış günü - yəni Həsən Əliyevlə Miqran Arutunyanın üz-üzə gəldiyi gün yarışı ilk saniyəsindən sonuncu anına qədər canlı olaraq zaldan izləyirdim. Həqiqətən də, güləşçimiz əvvəl 3-0 hesabı ilə qalib gəlirdi. Arenadakı bütün tamaşaçılar Həsəni ayaqüstə alqışlayır, qalibiyyətə səsləyirdilər. Amma çox təəssüf ki, bu vəziyyət yarışın sonuna qədər davam etmədi. Yarışın ortasında erməni təmsilçisinin hücuma keçməsi ilə sanki zalda əyləşən tamaşaçıların da üstünə su səpdin. Zala qəribə süküt çökdü. Həsənə ən lazım olan vaxtda tamaşaçı dəstəyi gəlmədi. Əvəzində bütün arenadakılardan fit səsi qalxmağa başladı. Bəli, bu fit səsi erməni idmançı üçün idi, amma döyüş "meydanında” olan Həsən də bu fit səsindən mütəəssir olmaya bilməzdi.

Yaranmış arzuolunmaz situasiyaya rəğmən Həsən çox müqavimət göstərdi, sona qədər vuruşdu, amma o, artıq yorulmuşdu və elə bu an hakimin fiti səsləndi. Miqran Arutunyan qələbə qazaraq final mərhələsinə yüksəldi. İdman arenasında olan bütün tamaşaçılar erməni idmançını yenidən fitə basdılar, "yuh" dedilər. Amma Həsənə fikir verən yox idi. 

Sona qədər Həsəni izlədim. Hakim fiti çaldı, erməni idmançının qalib gəldiyini bildirmək üçün əlini havaya qaldırdı, amma Həsən başını qaldırmadı. İdmançıları paltar dəyişmə otağına apardılar, erməni idmançı sevincindən yerə-göyə sığmırdı, axı o düşmən ölkədə qələbə qazanmışdı, bu da onlar üçün əsl qələbə demək idi, Həsən yenə də başını qaldırmırdı. 

Uzun sözün qısası, final mərhələsində rusiyalı idmançı erməni təmsilçini məğlub etdi. Ermənilər həmişəki kimi məğlub olduqlarını qəbul edə bilmirdilər, hətta erməni məşqçi rusiyalı mütəxəssisə əl-qol hərəkətləri ilə iradını bildirdi də. Yəni "uduzmağımızın əsas səbəbkarı sizsiz". 

Daha sonra üçüncü yer uğrunda yarışlar keçirildi. Həsən bu yarışda qalib gəlib bürünc medala sahib oldu, amma yenə də o, başını qaldırmadı.

Oyunlar bitdi, qaliblərə medallarını vermək vaxtı gəlib çatdı. Bəlkə də mənim, eləcə də əksəriyyətimizin ürəyinin parça-parça olduğu an bu idi - medallar idmançılarə təqdim edildi, amma Həsən yenə də başını qaldırmadı. 

Həsən heç cür məğlubiyyətini qəbul edə bilmirdi. Bəlkə də ürəyində arzulayırdı ki, kaş medal qazanmayaydım, amma o erməni "dığası”nı  məğlub edərdim. Həmin gün Həsənin sifətindən müşahidə etdiklərim ancaq və ancaq bunu deyirdi. 

Mükafatlandırma mərasimi bitdi və yenə də Həsən heç nəyə və heç kimə məhəl qoymadan idmançılar üçün ayrılan otağa getdi. Əlbəttə ki, başını qaldırmadan. 

Oyun bitdi, amma hər şey bundan sonra başladı. İdmanı başa düşən və ya başa düşməyən, ümumiyyətlə əqli tərəfdən nasaz olan insanlar, bəlkə də cəmiyyətdə hələ öz sözlərini deməyi bacarmayan "şəxsiyyətlər" Həsənə "erməniyə uduzan idmançı" ifadəsini "yapışdırmağa” başladılar. Hətta aralarında özünü daha çox vətənpərvər göstərmək üçün təhqir ifadələr işlədənlər də çıxdı. Mən yenə də bir kənarda dayanıb hadisələrin gedişatını izləyir və ilk andan indiyə qədər olanları analiz etməyə, ən əvvəl öz beynimdə bunu qəbul etməyə çalışırdım. Anladığım sadəcə bunlar idi - Həsəni uduzduran erməni olmadı, ona sahib çıxmağı bacarmayan tamaşaçı oldu. Məğlubiyyəti döyüşdə olan adam son anına qədər qəbul etməz, qolunda qüvvəsi varsa, nəfəsi gedib-gəlirsə, irəli atılacaq. Əsas ətrafın o məğlubiyyəti tez qəbul edib öz mənfi enerjisini ötürməkdədir. Bu həqiqət imiş – mən bunu Həsənin timsalında həmin gün gördüm. 

Həmin gün Həsəni ruhlandırmaq əvəzinə ermənini fitə basanlara üz tuturam – o uduzan Həsən deyildi, siz idiniz, hörmətli azərkeşlər, ləyaqətli tamaşaçılar. Həsən sona qədər döyüşdü, son qüvvəsinə qədər əzm nümayiş etdirdi. Amma sizlər onu yarıda qoymaqla, ona dəstək olmamaqla özünüz özünüzü məğlub etdiniz, alçaltdınız. 

Bəli, idman arenalarında idmançıya məğlub olması anlaşılandır - çünki bu idmanın qayda-qanunudur. Ən əsası öz-özünə məğlub olmayasan. Bu məğlubiyyəti azərkeşlər – idmançını dəstəkləyən, ona ruh verən qüvvə birinci qəbul etməsin. 

Bir nüansı da xatırladım – xarici ölkələrdə keçirilən futbol yarışlarına çoxumuz baxmışıq. Azarkeşlər – hətta ən böyük hesabla məğlub olan komandasını son ana qədər dəstəkləyir, stadionu 90 dəqiqə başa çatmamış heç vaxt tərk etmirlər. Bu sevgini, bu azərkeşliyi özümüzə təlqin etməyin vaxtı çoxdan gəlib, hətta keçir də...


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti