İlham Əliyev və Salome Zurabişvilinin təkbətək görüşü olub (YENİLƏNİB/FOTO)

İlham Əliyev və Salome Zurabişvilinin təkbətək görüşü olub (YENİLƏNİB/FOTO)
Azərbaycan pezidenti İlham Əliyev və Gürcüstan prezidenti Salome Zurabişvilinin təkbətək görüşü olub.

Ann.az AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər:

Azərbaycan prezidenti İlham Əliyev: "Hörmətli xanım Prezident, mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, bu yaxınlarda prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm, Sizə uğurlar arzulayıram.

Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik.

Bir daha xoş gəlmisiniz".

Gürcüstan prezidenti Salome Zurabişvili: "Təşəkkür edirəm cənab Prezident. Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var.

Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik.

Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirəm".

***11.00

Gürcüstanın prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Ann.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Salome Zurabişvilini baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha sonra Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Salome Zurabişvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi prezidentə raport verib. İlham Əliyev və Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 

Gürcüstan prezidenti Azərbaycan əsgərlərini salamlayıb, iki ölkənin dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Salome Zurabişvilinin qarşısından keçib.
 

 


 
 

Xəbər lenti