Güclü külək Bakıda ağacı kökündən çıxardı, yol nişanlarını dağıtdı (FOTOLAR)

Güclü külək Bakıda ağacı kökündən çıxardı, yol nişanlarını dağıtdı (FOTOLAR)
Bakıda ötən gün axşam saatlarından başlayan güclü külək nəticəsində indiyədək şəhərin müxtəlif yerlərində 16 ağac aşma hadisəsi baş verib.

Ann.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, külək bir cinar ağacını kökündən çıxarıb, daha 15 cinar, qarağac, qovaq və sərv ağaclarının isə budaqları sınıb.

Birlik rəsmisi dünən gecədən heyətin gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, güclü külək yollarda da bir çox fəsadlar yaradıb. Külək nəticəsində Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.

Aşan lövhə Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.

Dərhal əraziyə AAYDA-nin əməkdaşları cəlb olunaraq aşan dirək ərazidən kənarlaşdırılıb və avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
 









www.ann.az

Xəbər lenti