Gülarə Əliyevanın yubileyi qeyd edilib

Gülarə Əliyevanın yubileyi qeyd edilib

Bu gün Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 80 illik yubileyi keçirilib.

 

Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirli Əbülfəs Qarayev, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov, başqa hökumət nümayəndələri və incəsənət xadimləri iştirak edib.

 

Tədbir “Dan ulduzu” ansamblının ifasında mahnı ilə açılıb. Bundan sonra millət vəkili Röyal Hüseynov Gülarə  Əliyeva haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: “Gülarə Əliyeva xoşbəxt sənətkardır ki, onun xatirəsi hələ də yad edilir, musiqiləri unudulmur. O, bizə “Dan ulduzu” ansamblını yadigar qoyub getdi. Gülarə xanım çox istedadlı sənətkar olub. O, qərb musiqi alətləri ilə şərq musiqi alətlərinin vəhdətini yaradıb. O, hər bir musiqi əsrinin üzərində vasvasılıqla çalışardı”.

 

“Azərbaycan mədəniyyətinin, eləcə də Azərbaycan bəstəkarlarının musiqilərinin yayılmasında “Dan ulduzu”nun böyük rolu olub. Gülarə Əliyeva fitri istedada maliki idi. Pianoda on not çalınsaydı, o, üzlərinə baxmadan çalanların adlarını deyərdi. Onun yaratdığı ansamblda hər musiqi alətindən biri var. Doğrudan da bu möcüzəvidir. Hətta özü ansamblı üçün ilk musiqiləri bəstələmişdi də. Ansambl bədii şuradan keçəndə onu dahi bəstəkarlar Fikrət Əmirov, Rauf Hhacıyev, Cahangir Cahangirov dinlədi. Çox xoşladılar”. Bunu mərhum sənətkarın həmkarı Ramiz Mirişli deyib.

 

Yubileydə iştirak edən Ə. Qarayev bildirib ki, yaxın vaxtlarda Gülarə Əliyeva haqqında kitab nəşr olunacaq: “O, özündən sonra böyük bir irs qoydu. Onun yaratdığı “Dan ulduzu” ansamblı Azərbaycan mədəniyyətində böyük hadisədir. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq. Nazirlik ölümsüz sənətkar haqqında xatirə kitabını nəşrə hazırlayır”.

 

Yubileydə Şəhla Həmidova, Rövşən Əziz, Aqşin Abdullayev, Nurlan Növrəsli sənətkarın ölməz əsərlərini ifa ediblər.

 

Qeyd edək ki, Gülarə Əziz qızı Əliyeva 1933-çü il, oktyabrın 7-də Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Konservatoriyasını bitirib. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında işləyib.

 

1966-ci ildə “Dan ulduzu” instrumental ansamblını yaradıb. 1966-1988-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Musiqi Nəzəriyyəsi kafedrasının müdiri olub.

 

1991-ci ildə faciəli şəkildə dünyasını dəyişib.

ANN.Az

Xəbər lenti