Generallar cəbhə xəttinə getdi, düşmənə mesaj verdi

Generallar cəbhə xəttinə getdi, düşmənə mesaj verdi
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin köməkçisi –Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdən birində olublar.

Hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra zirehli döyüş texnikası üçün saxlanclara, avtoparka, zabit və əsgər yataqxanalarına, qazanxana, camaşırxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirilib.

Müdafiə nazirinin əmri ilə döyüş texnikasının təlim-həyəcan siqnalı ilə əraziyə çıxarılması tapşırığı uğurla icra olunub.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən və bölmələrdəki vəziyyətlə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov və general-polkovnik M.Əliyev üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.
 
 

Ann.az xəbər verir ki, Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov "MediaPost”a açıqlamasında deyib ki, indiki vaxtda Prezidentin hərbi rəhbərliyi cəbhə xəttinə göndərməsi vacib addımdır və ermənilərə mesaj xarakteri daşıyır.

Onun fikrincə, belə səfərlər şəxsi heyətdə, postda dayanan əsgərlərdə ruh yüksəkliyinə səbəb olur: "Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlara əsasən, hərbi heyətin hərbi hissələrə səfərləri onu göstərir ki, biz bayram günlərində, qış aylarında hərbçilərimizin yanındayıq. Çünki bayram günlərində də hər şey ola bilər. Bu, həm də ermənilərə növbəti mesajdır. Onlar bilməlidirlər ki, biz hər an torpaqlarımızı qaytarmağa, ərazi bütövlüyümüzü bərpa etməyə hazırıq. Sözsüz ki, Azərbaycan Ordusunun döyüş hazırlığı, daxili intizamı bizim buna hazır olduğumuzu göstərir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə hərbi heyətin mütədami ön xətdə yerləşən hərbi hissələrə getməsini yüksək qiymətləndirib. O bildirib ki, bu cür məlumatlar düşmən tərəfə çatır.

"Hərbi heyətin hərbi hissələrə təkcə bu dəfəki yox, bundan əvvəlki səfərləri də göstərir ki, Azərbaycan Ordusu həmişə diqqət mərkəzindədir. Bu gün Azərbaycan Ordusu müasir silah-sursatlarla, texnikalarla, hər növ məişət avadanlıqlarıyla təmin olunub. Bununla yanaşı, rəhbərliyin oradakı vəziyyətlə yaxından tanış olmaq məqsədilə ön xəttə səfər etməsi vacib idi. Dünya ölkələri kimi Azərbaycanda da epidemiya halını alan koronavirus təhlükəsi bizim daha diqqətli olmağımızı tələb edir. Buna görə də hərbi hissələrdə gedən dezinfeksiya işlərinə, şəxsi gigiyenik qaydalara nəzarət etmək məqsədilə Müdafiə naziri Zakir Həsənov, Prezidentin köməkçisi –Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin belə səfərlər təşkil etməsi əhəmiyyətlidir.
 


Bu xəbərlərin də mətbuatda yayılması həm ordu quruculuğuna olan diqqəti nümayiş etdirir, həm də düşmən tərəfinin hansı ordu ilə üz-üzə olduğunu göstərir. Azərbaycan Ordusu hər an döyüş vəziyyətinə hazırdır və Ali Baş Komandanın əmrini gözləyir. Biz əzəli torpaqlarımızı azad edəcək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bu, danışıqlar formasında olmazsa, növbəti Aprel döyüşlərinin olması qaçılmazdır”

Politoloq Ramiyə Məmmədova bildirib ki, hərbi heyətin ön xəttə yerləşən hərbi hissəyə səfəri mühüm addımdır.

"Bir neçə müddətdir ki, Azərbaycanla Ermənistan sərhəddində atışma olur, nəticədə hər iki tərəf itkilər verib. Buna görə də Azərbaycan belə vəziyyətdə hər vaxt müharibəyə hazır olduğunu göstərməlidir. Necə ki bu gün Ordumuz buna hazırdır. Bu gün Ermənistanın daxili vəziyyəti də yaxşı deyil, Serj Sarkisyanla olan problemlər, Röbert Köçəryanın həbsi Ermənistanın daxili siyasətində böyük təlatümlərin olduğunu göstərir. Baş nazir Nikol Paşinyanın son görüşləri və son çıxışları ölkəsində əks-sədaya səbəb olub. Belə ki, erməni vətəndaşları artıq Paşinyanın siyasətini düzgün hesab eləmirlər. Onlar Azərbaycanla olan danışıqlarda ortaq fikrə gəlməməyindən narazıdırlar. Çünki bu vaxta qədər olan danışıqlara Paşinyan hakimiyyəti və ATƏT-in Minsk qrupunun elədikləri zərbə vurur. Bu ərazilər Azərbaycan tərəfindən gec olmadan alınmalıdır. Azərbaycan müharibə tərəfdarı deyil. Ancaq buna baxmayaraq, Azərbaycan həmişə hərbi əməliyyatlara hazırdır”, - o söyləyib.

Ekspert vurğulayıb ki, belə davam edərsə, 2016-cı ilin Aprel döyüşləri təkrarlana bilər: "Çünki artıq Ermənistan və onun rəhbərliyi anlayırlar ki, Azərbaycan hər an öz torpaqlarını müharibə ilə, hərb yolu ilə almağa hazırdır. Ona görə də hərbi heyətin mütəmadi olaraq ön xətdə yerləşən hərbi hissələrə getməsi çox vacibdir. Hərbi vəziyyətin nəzarətdə olduğu bilinməlidir”.

R.Məmmədova hesab edir ki, hərbi rəhbərliyin cəbhə xəttinə həm də Novruz bayramında səgərləri yad etmək xarakteri daşıyır: "Bayramqabağıdır, hərbi qulluqçularımız təbrik olunmalıdır”.



www.ann.az

Xəbər lenti