Evlər bahalaşdı - "Sovetski"nin əks-sədası

Evlər bahalaşdı - "Sovetski"nin əks-sədası

Yasamalda 10 min tikilinin sökülməsinə görə mənzillərin qiyməti “od tutub yanır”, kirayə evlər və tikinti materialları da bahalaşıb.

Bakının Yasamal massivində 10 min ev söküləcəyi anonsu mənzil bazarını canlandırıb. Şəhərin mənzil alqı-satqı mərkəzlərinə, ev dəllallarının toplaşdığı yerlərə, özəl tikinti şirkətlərinin təklif etdiyi qiymətlərə kiçik bir baxış keçirəndə belə deməyə əsas yaranır.Paytaxtın ev bazarı artıq qaynamağa başlayıb. Xüsusilə “Sovetski” məhəlləsində söküntüyə başlanması və əhalinin köçürülməsi planı mənzil biznesi ilə məşğul olanları hərəkətə gətirib.Xırdalan, Yeni Yasamal, Bakıxanov, Günəşli və başqa ərazilərdəki yeni binalarda mənzillərin kvadratı bahalaşıb. Belə demək mümkünsə, mənzil bazarı qışın “oğlan çağında” “od tutub yanır”.Adətən payız və yaz aylarında mənzillərin qiymətində artım müşahidə olunurdusa, bu il bir qədər vaxt özünü qabaqlayıb. “Sovetski”, ardınca “Kubinka” məhəllələrinin köçürülməsi nəticəsində minlərlə vətəndaş mənzil bazarına üz tutmalı olacaq.Bunu da proqnozlaşdıran ev tacirləri qiymətləri qaldırmaq qərarı veriblər. Bakı və ətraf ərazilərdə qiymətlər 20 faiz artıb. Ən çox qiymət artımı olan ərazilərə Xətai, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarını aid etmək olar.“Bu dəqiqə ”AAAF" tikinti şirkəti Xırdalanda tikdiyi şəhərcikdə mənzilləri bahalaşdırıb. Yeni Yasamalda yeni binaların kvadratı 800-1000 manat arasıdır. “Şərur” MTK-dan tutmuş “Alyans” MMC-yə qədər bütün firmalarda mənzillərin kvadratında 100-150 manat artım var. Bu da həm süni şəkildə bahalaşdırma, həm də tələbatla əlaqədardır" deyə, evlərin alqı-satqı ofisində çalışan makler Yusif bildirir. Onun sözlərinə görə, həyət evləri də bahalaşır.Hazırda Hövsan, Masazır, Xırdalan, Alatava-2, Bakıxanov, Ramana ərazilərində həyət evlərinin qiyməti qalxıb. Yusif bəy deyir ki, qarşıdakı dövrdə qiymətlər də daha da qalxacaq: “Məsələn, ”Razin"də 2 otaqlı həyət evi 75-80 min manatdır. Əvvəl isə 55-65 min manata tapmaq olardı. Əsas artım yeni binalardadır. Çünki alıcı daha çox təzə binaya üstünlük verir.Bu söküntü planları da daha çox təsir edib. İmkanı olan adamlar bir neçə mənzil alıb, sonra daha baha qiymətə satırlar. Bu bizneslə məşğul olan çox beləsini tanıyıram. Onlar bizə müraciət edirlər. Mənzil bazarı anbaan dəyişən bir sahədir".Rəsmi açıqlamaya görə, Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər 5,56 faiz artaraq hər kvadrat metr üçün 2070 manat olub. 2-ci zonada 3,1% bahalaşma ilə 1617 manat, 3 cü zona da 1,59% çoxalma ilə 1200 manatdır. Ən sürətli bahalaşma 4-cü zonada müşahidə olunur 12,5% və hər kvadrat metrə görə 815 manat.Amma bu rəqəmlərlə razılaşmayanlar var. Metronun “Neftçilər” stansiyası yanında müştəri gözləyən ev dəllalı Şahin deyir ki, mərkəzdə mənzilin kvadratı 2070 manatdan çoxdur: “Bu, uydurulmuş rəqəmdir. Qəsdən ”Sovetski" camaatına görə yayırlar.Ki, baxın ha ən mərkəzdə qiymət belədir. Bu dəqiqə mərkəzdə 3500-5000 manatdan başlayır mənzillər. Qarşıdakı aylarda evlərin kirayə qiymətinin də bahalaşması gözlənilir. Çünki evləri sökülən vətəndaşlar yeni ev axtaran zaman kirayə mənzil tutmaq məcburiyyətində qalırlar.Bundan başqa, “Sovetski”nin sökülməsi ilə başlayan bahalaşma prosesi tikinti materialları bazarında da qiymət dəyişikliyinə səbəb olub. Gedin, maraqlanın, görəcəksiniz ki, tikinti məmulatları bahalaşıb. Çünki yeni alınan evlər çox vaxtı təmirsiz olur".Ev makleri 3, 4 və 9-cu mikrorayonlarda mənzil almağı xülya adlandırır. Onun dediyindən belə çıxır ki, “Sovetski” sakinləri heç bu yerlərə də ümid edə bilməyəcək: “Çünki ”20 Yanvar" və “Memar Əcəmi” stansiyaları əlçatmaz olub. İkiotaqlı mənzillərin qiyməti 75-80 min dollar arasında dəyişir. “Leninqrad” və ya “Kiyev” layihəli binalarda ikiotaqlı mənzillər 80 min manatdan bahadır. Belə binalarda üçotaqlı mənzili heç 100 min manata tapmaq olmaz. Yeni binalarda xüsusi mülkiyyət sənədi olan (“kupça”lı) mənzillərin bir kvadrat metri 1000 manatdan ucuz satılmır".İqtisadçılar isə qeyd edirlər ki, ötən il mənzil bazarında müşahidə edilən artımların 2014-cü ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü ildə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Ekspertlərin fikrincə, paytaxtdan kənar ərazilərdə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir.(musavat.com) ANN.Az

Xəbər lenti