Əsli Dilbazi: “Oxucu sevgisi mənimçün ən böyük mükafatdır” – MÜSAHİBƏ

Əsli Dilbazi: “Oxucu sevgisi mənimçün ən böyük mükafatdır” – MÜSAHİBƏ


Rüstəm Qasımov

"Mən hələ də nağıllara inanmaq istəyən insanam”

ANN.Az-ın məşhur rusdilli azərbaycanlı şairə, müxtəlif ölkələrdən olan 30.000-dən artıq oxucunun könlünü fəth etmiş, Heydər Əliyev adına mətbuat mükafatını almış və "Qızıl qələm”lə təltif edilmiş Əsli Dilbazi ilə müsahibəsi.
   
- Əsli xanım, siz məşhur Dilbazilər nəslinin nümayəndəsiniz. Sizin qohumunuz Mirvari Dilbazi məşhur şairə idi, "Xalq şairi” adına layiq görülmüşdü. Sizin nəcabətinizdə ondan başqa, tanınmış şəxs olub?

- Mənim ulu babam Çingiz ağa Dilbazi bəy olub və vaxtında özünün xeyrixahlığı və səxavəti ilə tanınıb. Hazırda Qazax rayonunda bir vaxtlar onun evi olmuş binada onun şərəfinə adlandırılan xəstəxana fəaliyyət göstərir. İncəsənət xadimlərinə gəldikdə isə, Azərbaycanın xalq artisti Əminə Dilbazi və məşhur şəxslərə misal kimi şair Camal ağa Dilbazinin adını çəkə bilərəm. Ümumiyyətlə, bizim nəsil-nəcabətimizdə tanınmış insanların sayı çoxdur, saymaqla bitməz. 
 


- Siz ixtisasca iqtisadçınız. İxtisasınıza uyğun işləyirsiniz, yoxsa özünüzü tamamilə sənətə həsr etmisiz? 

- Mən yaxşı iqtisadçı təhsili almışam, ingilis dilində seçmə tələbələr qrupunda oxumuşam, beynəlxalq iqtisadi münasibətlər dərəcəm var. Həm bakalavrı, həm magistraturanı fərqlənməylə bitirmişəm. Qiymətlə kağızlarla sahəsində mütəxəssis kimi işləyirəm, beynəlxalq əlaqələrlə məşğul oluram. Bir neçə beynəlxalq konfransda diplomlara da layiq görülmüşəm. Poeziya mənimçün hobbidir – məhz oxucuların dəstəyi sayəsində daha da həvəslənmişəm, amma bu mənim əsas işimə mane olmur. Əksər insanlar kimi mən də həftənin 5 günü 9-dan 6-ya kimi işləyirəm. 

- İlk ciddi şeirinizi xatırlayırsınızmı? Nə haqda yazmışdınız? 

- Xatırladığım qədəriylə ilk şeirimi lap uşaqlıqda yazmışdım. O, təbiət barədəydi. 

Amma bu gün təbiətdən az yazıram, şeirlərimin əksəriyyəti insani münasibətər barədədir. 
 


- Sizin yazıçı karyeranız necə başladı? 

- Karyera biraz böyük səslənir (gülür). Mən uşaqlıqdan yazırdım, ancaq yaradıcılığa daha da həvəslənməyim deyəsən, sosial şəbəkədə səhifə açandan, oxucuların xoş rəylərini görəndən sonra başladı. Oxucu məsələsində bəxtim gətirib. Məncə, sosial şəbəkədə məni izləyənlər dünyanın ən yaxşı insanlarıdır. Mən onlardan xoş enerji alıram! Bu qədər insanın sənə səmimi münasibət sərgiləməsi çox heyratamiz bir şeydir. Hətta bəzən başıma gələnlərə inana bilmirəm. Amma bunu bütün ömrüm boyu arzulamışam! Fikrimcə, əgər sən bir şeyə ürəkdən inanırsansa, bunu etmək üçün nəsə edirsənsə, xəyallar əvvəl-axır gerçəkləşirlər. Vacib olan tələsməməkdir, hər şeyin öz zamanı var. 

- Hansı məşhur nəşrlərdə yayımlanmağa müvəffəq olmusunuz? 

- Mən "Ədəbiyyat dünyası” («Мир литературы») qəzetində nəşr olunmuşam, həmçinin şeirlərim Rusiyanın "Skifiya” nəşriyyatının "Canlı ədəbiyyat antologiyası - poeziya” («Антология живой литературы – поэзия») şeirlər kitabı seriyasına daxil edilib. 
 


- Şeir yazarkən ilhamı haradan alırsınız? 

- Müxtəlif olur, ancaq mənim şeirlərimin əksəriyyəti real hadisələrə əsaslanır – bu, ya tanışlarımın, ya da oxucularımın hekayələridir. 

- Ümumiyyətlə, başqa insanların taleləri barədə, onların hisslərini yaşamadan lirik şeirlər yazmaq çətindirmi? Məsələn, ayrılıq, sevgilinin xəyanəti barədə və s...

- Yox, ümumiyyətlə çətin deyil. Hansısa hekayəni oxuyuram və sanki sözlər özləri misralara çevrilirlər. Ayrılıq mövzusu mənə tez-tez göndərilən ismarıclar arasında ən çox yayğın olanıdır. Təəssüf ki, çoxları sevərkən ayrıldığını deyir. Çoxları qürurdan ayrılır, elələri də olur ki, rədd olunacaqlarından qorxduqları üçün illərlə ürəklərində saxladıqları məhəbbəti etiraf etmirlər. Elələri də var, tərəf müqabilini sevmədiklərini, onları qarşılaşdırdığına görə talelərini lənətlədiklərini, həyatlarının mənasız olduğunu, uşaqlara görə dözdüklərini deyirlər. 

Belələrinin sosial şəbəkələrdəki paylaşımlarını, şəkillərini görəndə xoşbəxt olduqlarını düşünürsən, əslindəysə belə deyilmiş. Maraqlıdır ki, insanlar tez-tez xüsusi hisslər olmadan, mütləq kimləsə bir yerdə olmaq naminə münasibətə girməyə çalışırlar, beləliklə də həyatlarını korlayırlar. Ancaq xoşbəxtlikdən, ayrılıq əzabı çəkən elə insanlar da var ki, bunun sayəsində yeni məhəbbət tapa biliblər və keçmişə görə peşmançılıq çəkmirlər. 
 


- "Sevən qəlblərin qəlpələri” («Осколки любящих сердец») adlı şeirlər kitabının nəşr etməyin artıq vaxtı olduğunu necə başa düşdünüz? Niyə görə məhz bu adı seçdiniz və azərbaycanlı oxucular sizin kitabınızı niyə oxumalıdırlar? 

- Təkcə, doğmaların və qohumların deyil, müxtəlif ölkələrdən olan tamamilə yad insanların da dəstəyini görəndə, artıq kitab nəşr etmək qərarına gəldim. Yaxınlar həmişə tərifləyirlər, çünki sənin barəndə daim yaxşı düşünürlər. Ancaq səni tanımayan, özgə insanlar yaradıcılığın haqqında xoş, səmimi sözlər yazırlarsa, bu artıq müvəfəqqiyət deməkdir. Tanımadığım çox sayda insandan müsbət rəylərin gəldiyini görəndə, kitab nəşr etmək qərarına gəldim. Mənimçün xüsusilə xoşdur ki, kitaba ön sözü filologiya elmləri doktoru, professor Bella Musayeva yazıb. Bundan qürur duyuram. 

Niyə oxumaq məsələsinə gəldikdə isə, istəyərdim şeirlərim kimlərin ürəyincədir onlar oxusun. Mənimçün səmimi münasibət daha əhəmiyyətlidir. Kitaba mən sosial şəbəkədə olmayan ən maraqlı həyat hadisələrini, hətta oxucularımın bəzi şərhlərini də əlavə eləmişəm. 

Kitabın adını da elə adlandırmışam ki, o, məzmuna uyğun olsun. 
 


- Azərbaycan və dünya ədəbiyyatından sevdiyiniz şairlər kimlərdir? 

- O qədər var ki! Yəqin ki, ən başda gələnlər – Puşkin, Lermantov, Yesenin, Axmatovadır. Mirzə Şəfi Vazehə heyranam! Vahabzadənin, Xəyyamın, Brodskinin, Rojdestvenskinin yaradıcılığını çox sevirəm və əlbəttə ki, Vıstoskinin, Şekspirin sonetlərinin, Marşakın, Yevtuşenkonun pərəstişkarıyam. Saymaqla qurtarmaz! Yazıçılara gəldikdə isə, müasir ədəbiyyatı daha çox bəyənirəm. Sevimli müəlliflərimə misal kimi Çingiz Abdullayevin (onun azərbaycanlı olmasıyla fəxr edirəm), Den Braunun, Mark Levinin, Jojo Moyesin, Xalid Hüseyninin və Orxan Pamukun adını çəkə bilərəm.  

- Əsli xanım, siz bir müddət bundan əvvəl Heydır Əliyev media mükafatı və "Qızıl Qələm”in laureatçısı oldunuz...

- Düzünə qalsa, mən mükafat və adlar dalınca elə də qaçmıram, mənimçün vacib olan oxucu sevgisidir. Ancaq AYB-nin məni mükafata layiq gördüyü barədə ismarıc alanda çox sevindim. Dərhal bu məlumatı oxucularımla paylaşdım. Yaradıcı uğurun məhz oxucudan qaynaqlandığını bilmək çox xoş duyğudur. 

- Lyudmila Duxovnova özünün onlayn "Lyudmila Duxovnavayla teatr poeziyası” yayımında sizin şeirlərinizi oxuyub...

- Bu xoşbəxtliyi necə ifadə eləyəcəyimi bilmirəm. Gənc şairə üçün Azərbaycanın xalq artisti, möhtəşəm qadın Lyudmila xanımdan belə etiraf gözləmək sadəcə olaraq inanılmazdır. Mənim sevimli bir reklam şüarım var: "Elə şeylər var almaq mümkün deyil, qalanları üçünsə "Masterkard” var”. Doğrudan da həyatda elə şeylər var ki, onları almaq, yalançılıqla qoparmaq olmur. Lyudmila xanımın elədiyi həqiqətən də qiymətsiz idi. Ona çox təşəkkür edirəm! 
 


- Səyahət etməyi sevirsinizmi?

- Əlbəttə ki, sevirəm. Özünçün yeni, xüsusilə tarixi məkanlar kəşf etmək, Klimtin "Öpüş”ü və yaxud "Mona Liza” kimi şedevrləri görmək hər zaman xoşdur. Ümumiyyətlə, səyahət etmək hissləri qıcıqlandırmaqdır. Ancaq deməzdim ki, səyahət etmək xəstəsiyəm. Elə adamlar var, səyahət etmədən dura bilmirlər, bununçün borca girənlər, kredit götürənlər belə olur ki, nədi-nədi öz təəssüratlarını başqalarıyla bölüşsünlər. Mən belə deyiləm. Əgər hisslərdən danışırıqsa, insanların mənim yaradıcılığıma olan münasibəti daha xoşdur, nəinki hansısa ölkəyə səyahət etmək. 

- Sizin ruhunuza ən çox uyğun gələn şəhər hansıdır? 

- Yəqin, ən yaxın olan Monte-Karlodur, düzdür, şəhər çox balacadır, amma sən orda özünü nağıllar aləmində hiss edirsən, mənsə hələ də nağıllara inanan insanam. Parisi, Barselonanı və əlbəttə ki, öz gözəlimiz Bakını da çox sevirəm. 

- Əgər sizdə imkan yaransaydı, dünyada nəyi dəyişmək istərdiniz? 

- İlk növbədə istərdim xəstəliklər yox olsun! Məni sağalmaz xəstəliklərdən ölənlərin, əziyyət çəkənlərin sayının getdikcə artması çox ağrıdır. Könül istərdi ki, dünyada müharibələr olmasın, problemlər sülh yoluyla həll olunsun, yoxsulluq və ədalətsizlik olmasın, insanlar bir-birilərni hörmət edib qiymətləndirsinlər.

Çox, lap çox istərdim ki, insanlar sevinməyi bacarsınlar, ən azından başqalarının uğurlarına paxıllıq etməsinlər, bunu öz uğuru kimi hiss etsinlər; özlərini yaxşı göstərmək üçün başqalarını ləkələyib haqqında pis şeylər danışmasınlar; istərdim ki, insanlar bir-birlərini kömək etsinlər, bir-birlərinin kədərlərinə etinasız qalmasınlar və əlbəttə ki, istərdim hər kəs öz yarını tapsın. 
 


- Yaradıcılığınızda durğunluğun yarandığı dövrlər olurmu, hansı ovqatda yazmağı sevirsiniz? 

- Mənim xüsusi əhvalım olmur. İlham istənilən an gələ bilər.

- Və sonda, gələcək barədə planlarınızı bizimlər bölüşə bilərsinizmi? 

- Əgər yaxın planlardan danışırsınızsa, "Zəka” intellekt mərkəzində bu yaxınlarda mənim oxucularla görüşüm baş tutacaq. Sonra isə qohumum Aylinə həsr elədiyim uşaq kitabını nəşr etməyi, bir neçə  şeir toplusu və mənə göndərilən hekayətlər əsasında roman çap etməyi planlaşdırıram. 

- Əsli xanım, maraqlı söhbətə görə sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və sönməz ilham arzulayırıq. 

- Təşəkkür!
 








 










www.ann.az

Xəbər lenti