Emin Ağalarov: "ABŞ hökuməti mənə zəmanət vermədi"

Emin Ağalarov:
ABŞ hökuməti Azərbaycanın Xalq artisti Emin Ağalarovun öz ərazisində sərbəst hərəkətinə və istintaqın sonuna qədər orada qalmasına zəmanət verməyib. 

Ann.az xəbər verir ki, müğənni sputnik.az-a açıqlamasında ABŞ-a konsert turunu təxirə salma səbəbinin bununla bağlı olduğunu etiraf edib.

"Mənin adım heç bir sanksiya siyahısında yoxdur və ora heç vaxt düşməmişəm. Amerikaya getməməyimin və səfərimi təxirə salmağımın yeganə səbəbi Amerika hökumətinin mənim sərbəst giriş-çıxışıma və istintaqın bitməsinə qədər onun ərazisində qalmağına heç bir zəmanət verməməsidir. Bu, ilyarım, yaxud da daha artıq çəkə bilərdi" - deyə müğənni etiraf edib.

Xalq artisti risk etmək istəməyib, çünki onun 2019-cu ildə həddindən çox öhdəlikləri var: 50 konsert, Bakı və Dubayda beynəlxalq "JARA" musiqi festivalı, "JARA" musiqi mükafatlarının verilməsi. Bütün bunlar, Ağalarovun sözlərinə görə, onun irihəcmli biznes planlarıdır. Ən əsası isə, onun dörd uşağı var və onların qayğısına qalmaq lazımdır.

ABŞ-a növbəti konsert turu barədə isə müğənni deyib ki, heç nə ondan asılı deyil: "Biz konsertləri hələlik sadəcə təxirə salmışıq və tezliklə yeni tarixi açıqlayacağıq. Üstəlik, konsert verəcəyimiz şəhərlərin sayını da artıracağıq ki, ABŞ-a daha zəngin səfər proqramı ilə qayıdaq".

Müğənninin musiqi turuna görə maddi itkiləri 500 min dollardır. Ağalarovun ilk konserti yanvarın 26-da Nyu Yorkda, sonrakı konsertləri isə Toronto, Mayami və Los-Ancelesdə keçirilməli idi.

Xatırladaq ki, bir müddət əvvəl yayılan məlumatlara görə, ABŞ-ın xüsusi prokuroru Robert Müller müğənnini sorğuya çəkmək istəyir. Onu 2016-cı ilin iyununda "Trump Tower"-də keçirilən görüşün detalları maraqlandırır. Emin Ağalarov Donald Trampın oğlu ilə ABŞ-ın "Kremlə yaxın" saydığı rusiyalı vəkil Nataliya Veselnitskaya arasında görüşün təşkilində iştirak edib. Görüş Trampın seçki kampaniyasının qızğın vaxtında keçirilib.


www.ann.az

Xəbər lenti