Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR

Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
"2016-cı ildə Azərbaycanda keçiriləcək şahmat Olimpiadasında da ermənilərin iştirakını gözləyirik”

"Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk dəfə deyil. Torpaqlarımız işğal olunub, diplomatik əlaqələr kəsilib, ancaq bundan əvvəl də Azərbaycanda keçirilən idman yarışlarında erməni idmançılar iştirak ediblər”. 
 
Bu sözləri Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Rusiyanın "Komsomolskya pravda” qəzetinin Ermənistan idmançılarının dəvət olunması ilə bağlı qərarın necə qəbul edildiyi barədə sualına cavab verərkən deyib. 
 
Nazir bildirib ki, Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətinə 25 nəfər daxildir: "Ermənistan nümayəndə heyətləri daha əvvəl ölkəmizdə mədəniyyət və digər sahələrdə keçirilən tədbirlərə qatılıblar. Nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etməlidirlər. İdman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənərək hazırlanıb. Əvvəllər nümayəndə göndərirdik, gedib iştirakla bağlı vəziyyəti öyrənirdi. İndi isə biz qarşılıqlı olaraq təhlükəsizliyin təminatına dair məktub veririk. Bu, kifayət edir”. 
 
A. Rəhimov 2016-cı ildə Azərbaycanda şahmat Olimpiadasının keçiriləcəyini söyləyib: "Şahmat Olimpiadasında da ermənilərin iştirakını gözləyirik”
 
Əli Həsənov: "Anti-Azərbaycan kampaniyası həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib"

"Bu dairələr Azərbaycan kimi gənc dövlətlərin uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır"

"Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır. Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq”.
 
 APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: "İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. "Eurovision" yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, "The Guardian”, BBC kimi nəşrlər də təəssüf ki, "London Platforması"nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək”.
 
Azərbaycanın dostları dünyada çalışırlar ki, bu anti-Azərbaycan kampaniyası effektsiz olsun". (APA)

FOTOLAR: FƏRQANƏ NOVRUZOVA
 




















Tərəfdaşların xəbərləri

Xəbər lenti