Ekspert: "Şərq-Qərb dəhlizi bu Avropa ölkələri üçün dəniz yoluna nisbətən ən qısa yoldur"

Ekspert:
Bir neçə gün öncə Romada keçirilən Azərbaycan-İtaliya biznes forumu çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC ilə "I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqavilə imzalandı. Forumda həmçinin ADY-nin təqdim etdiyi son logistik məhsullar və Şərq-Qərb nəqliyyat dəhlizi üzrə həyata keçirilən konteyner yükdaşımaları sahəsi üzrə tədbirlər barədə məlumat verilib.

Bu barədə "Finans.az"a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev tərəflər arasında imzalanan müqavilənin dəmir yolu infrastrukturunun inkişafı üzrə son bir neçə ildə müəyyən olunan strategiyanın məntiqi davamı olduğunu deyib.

Onun sözlərinə görə, dəmir yolunda uzunmüddətli durğunluqdan sonra 2015-ci ildən bu yana əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verdi və verməkdədir: "Bura parkın yenilənməsi, infrastrukturun inkişaf etdirilməsi, ən müasir texnoloji yeniliklərin tətbiqi və sair daxildir. Bu gün bazar qaydaları texnoloji tərəqqi ilə ayaqlaşmanı, yeni rəqəmsal həllərin tətbiqini rəqabətqabiliyyətliliyin mühüm amillərindən birinə çevirib. Görünən odur ki, ADY də bu trenddən geri qalmamağı prioritet olaraq müəyyən edib. Bu isə nəticə etibarı ilə bir sıra digər müsbət nəticələrlə bərabər infrastrukturun rentabelliyinin və səmərəliliyinin artırılmasına gətirib çıxaracaq”.


"Şərq-Qərb dəhlizi üzrə əsas etibarı ilə Cənubi, Mərkəzi və Şərqi Avropa ölkələrinə yükdaşımalar hədəflənməlidir”

"O ki qaldı Azərbaycan-Avropa istiqamətində yükdaşımaların perspektivlərinə bizimkilərin hədəfi eyni anda fərqli limanlara çıxış imkanı verməkdir. Yəni eyni anda multimodal daşınmanı və ya daha çox alternativlər təklif edirik. Bu öz növbəsində müsbət mənada birbaşa olaraq daşınma qiymətlərinə təsir edərək dəhlizin cəlbediciliyini artıra biləcək", - ekspert bildirib.

R.Ağamirzəyev hesab edir ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzrə əsas etibarı ilə Cənubi, Mərkəzi və Şərqi Avropa ölkələrinə yükdaşımalar hədəflənməlidir: "Bu, Avropa ölkələri üçün Şərq-Qərb dəhlizi dəniz yoluna nisbətdə ən qısa yol sayılır. Bu da həmin istiqamətlərdə daha rəqabətqabiliyyətli fəaliyyət təşkil etməyə imkan verir”.

Xatırladaq ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Konsorsiumun üzvləri: Çində-Çin Dəmir Yolları, Qazaxıstanda-KTZ Ekspress, Xəzər dənizi üzrə Xəzər Dənizi Gəmiçiliyi, Azərbaycanda-ADY Express, Gürcüstanda-Trans Qafqasus Terminals Şirkətləridir. Bu dəhliz üzrə hərəkət edən "Nomad Ekspress” blok qatarı orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

www.ann.az

Xəbər lenti