Ekspert: ”Sərnişinlər izolyasiya qaydalarına ciddi əməl etsələr, təhlükə daha tez sovuşar”

Ekspert: ”Sərnişinlər izolyasiya qaydalarına ciddi əməl etsələr, təhlükə daha tez sovuşar”
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə həyata keçirilən tədbirlər davam etdirilir. Tətbiq edilən izolyasiya qaydaları içərisində xüsusi vurğulanan məqamlardan biri tibbi maskalardan istifadənin vacibliyidir. Xüsusən, virusun yayılma ehtimalının daha böyük olduğu ictimai nəqliyyat vasitələrində maskalardan istifadə məcburi elan edilib. Buna baxmayaraq, hələ də bəzi sərnişinlərin maska taxmaqdan boyun qaçırmağa meylli olduqlarının şahidi oluruq.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev Yenicag.az saytına verdiyi açıqlamada bildirib ki, ictimai nəqliyyatda izolyasiya qaydalarına ciddi əməl etməyimiz virus təhlükəsinin daha tez aradan qalxmasına səbəb olar:



"Ölkədə tətbiq olunan izolyasiya qaydaları insanlarımızın sağlamlığı üçündür. Bu qaydalara nə qədər ciddi şəkildə əməl olunarsa, biz koronavirus adlı bəladan daha tez yaxa qurtara bilərik. Hər kəs öz üzərində məsuliyyət hiss edərək qaydalara qeyri-şərtsiz əməl etməlidir. Əməl etməkdicə yoluxma davam edəcək. Virusun yayılması əsasən insanlar arasında təmas vasitəsilə və ara məsafəsini gözləməməkdən baş verir. Xüsusən ictimai nəqliyyatda məsafəni gözləməmək, sıxlıq yaratmaq, maska taxmamaq, dezinfeksiya vasitələrindən istifadə etməmək virusun daha çox yayılmasına və təhlükənin gec sovuşmasına səbəb olur. İnsanlarımızın tətbiq olunan qaydalara riayət etməməsi virusa yoluxma sayında yenidən artımlara səbəb oldu. Bu səbədən də biz bir daha məsuliyyətli olmalıyıq. Burda ilk məsələ maskalardan istifadə etməkdir. Artıq qanunla da maskadan istifadə etməməyə görə cərimə tətbiq edilir. İkinci məsələ avtobuslarda ara məsafəsinin qorunmasıdır. Maska taxılıbsa təqribən 1,5 metr ara məsafəsi saxlanılmalıdır. Nəzərə almalıyıq ki, bir nəfərin məsuliyyətsizliyi hamını əziyyətə salır”.

Ekspert qeyd edib ki, bəzi insanların belə bir virusun varlığına şübhə etməsi gülünc görünür:

"Təəssüf ki, bəzi insanlar hələ də, belə bir virusun varlığına şübhə edirlər. Bu isə bəzən gülünc mənzərə yaradır. Bəzi insanlar öz tanışlarında virusa yoluxan olmadığına görə bu xəstələiyin varlığına inanmır və inanmadığına görə də məsələyə ciddi yanaşmırlar. Əgər sənin yaxınında xəstələnən yoxdursa, bu o demək deyil ki, belə bir xəstəlik mövcud deyil. Azərbaycanda karantin tədbirlərinin həyata keçirilməsi nəticəsində pandemiyanın daha kütləvi yayılmasının qarşısı alındı. Əgər bizdə virusa yoluxanların sayı çoxalmayıbsa, bu o demək deyil ki belə bir xəstəlik yoxdur. Dünya ölkələrinə baxsaq, orada yoluxma rəqəmləri çox ciddidir”.

Y.Mustafev bildirib ki, izolyasiya qaydalarına riayət etməklə bağlı maarifləndirmə işləri daha da artırılmalıdır:

"Karantin qaydalarına riayət etməklə bağlı kütləvi informasiya vasitələrində ciddi maarifləndirmə getməlidir. Günün xüsusi saatlarında bununla bağlı sosial şəbəkələrdə yazılar, videoroliklər paylaşılmalıdır. Yoluxanlar barədə, onların ailələri barədə reportajlar hazırlanmalıdır ki, insanlara daha çox təsirlənsinlər və daha məsuliyyətli olsunlar. Belə olduqda tibbi maska taxmaq və digər məsələlər avtobusa minən sərnişinin daha tez yadına düşər və onlar da buna riayət edərlər”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti