Ekspert: "Orada normal nəfəs almaq üçün oksigen belə çatmır"

Ekspert:
Neft-qaz ölkəsi olan Azərbaycan üçün boru kəmərləri və onların infrastruktur obyektləri strateji əhəmiyyət daşıyır. Buna baxmayaraq, həmin obyektlərin mühafizə zonalarının tikinti məqsədilə zəbt olunması halları kifayət qədərdir.

Bəs qanunvericilik buna nə deyir və həmin ərazilərdə məskunlaşanlar üçün hansı risklər mövcüddür?

Məsələni "Report”a şərh edən vəkil Mirkəbir Salmanlı ixrac boru kəmərlərinin mühafizə zonalarının müəyyən olunması haqqında Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli qaydaları mövcud olduğunu deyib:

"Həmin qaydalara görə, ixrac neft boru kəmərlərinin marşrutu boyunca kənar boru kəmərlərinin oxlarından hər tərəfə 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfə 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Mühafizə zonasında Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan tikinti və digər işlərin aparılması qadağandır”.

"Mülki Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sokulə bilər. Eyni zamanda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu zaman torpaqların əvvəlki vəziyyətinə gətirilməsi torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”, - vəkil əlavə edib.

Əmlak üzrə ekspert Vüqar Orucov bunun həm də ekoloji təhlükə daşıyan bir məsələ olduğunu vurğulayıb:

"Nəzarət mexanizminin zəif olmasından istifadə edərək, əsasən, Balaxanı, Suraxanı və Binəqədidə qadağan olunan yerlərdə tikillərin sayı artmağa başladı. Formalaşmış ənənəyə əsasən, icra strukturlarının aşağı təbəqələri ilə rəsmi və ya qeyri rəsmi səviyyədə razılaşdırdıqdan sonra tikinti işlərinə başlanılırdı. Həmin mühafizə zolaqlarında bu cür tikililərin mövcudluğu aktuallaşana qədər onların sahiblərini tikilinin qanuni olub olmaması az maraqlandırırdı. Bundan sonra isə problemlər ortaya gəldi”.

"Bu həm də ekoloji təhlükə daşıyan bir məsələdir və sağlamlıq üçün çox ciddi fəsadlar yarada bilər. Orada normal nəfəs almaq üçün oksigen belə çatmır. Həmin məkanlarda neftin qoxusu, istehsal zamanı havaya buraxılan müəyyən maddələr, bunlar hamısı genofonda böyük zərbə vurur. Digər tərəfdən, təbii proses və ya hər hansı təxribat nəticəsində kəmərə xətər gəlməsi həmin ərazilərdə məskunlaşanlar üçün böyük fəsadlar yarada bilər. Buna görə də ən azından bundan sonra tikinti zamanı qanunvericiliklə müəyyən olunan areallara mütləq əməl olunmalıdır”, - ekspert deyib.  
 


www.ann.az

Xəbər lenti