Ekspert: “Avtobus sürücülərinə güzəştə getmək digərlərinin borcudur”

Ekspert: “Avtobus sürücülərinə güzəştə getmək digərlərinin borcudur”
Tez-tez ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında yaranan qarşıdurmaların şahidi oluruq. Əksər hallarda bu kimi vəziyyətlərdə həm zərərçəkən, həm də günahlandırılan tərəf avtobus sürücüləri olur. Lakin əksəriyyətimiz avtobus sürücülərinin stresli, gərgin iş rejiminə, onların saatlarla sükan arxasında olmasına, gün ərzində bir neçə dəfə eyni yolu gedib-gəlməsinə, müxtəlif düşüncəli insanlarla ünsiyyətdə olmasına və bütün bunlardan yaranan əsəb gərginliyinə etinasız yanaşırıq. Görəsən, ictimai nəqliyyatlarda baş verən müxtəlif narazılıqlar zamanı bütün hallarda birbaşa avtobus sürücülərini günahlandırmaq düzgündürmü?

Bu barədə "Report”a açıqlamasında nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, təkcə avtobus deyil, bütün böyük ölçülü nəqliyyat vasitələrinə güzəştə getmək digərlərinin borcudur:

"Nəqliyyat sferasında ağrılı sahələrindən biri olaraq sərnişindaşımanı qeyd etmək lazımdır. Bu sahədə infrastrukturun yaradılması, nəqliyyat vasitələrin yenilənməsi, təkmilləşdirilməsi və çalışan heyətin tələb olunan normalara cavab verməsi vacibdir. Qeyd olunan istiqamətlərdə işlər aparılır və yeniliklərin şahidi oluruq. Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən işlərə, demək olar ki, şəhərimizin hər yerində rast gəlmək mümkündür. Yol nişanlarının dəyişdirilməsi, yenilərinin qurlaşdırılması, yeni avtobus dayanacaqların təsis edilməsi, yeni avtobusların alınması və digərləri bu qəbildən olan işlərdir.



Hazırda ən çox gündəmdə olan məsələlərdən biri sərnişindaşımada birbaşa əsas rol oynayan avtobus sürücüləri ilə bağlı yaranan qayğılardır. Burada günahı təkcə avtobus sürücülərinin və sərnişinlərin və ya digər hərəkət iştirakçılarının üzərinə atmaq düzgün olmaz. Şəxsi təcrübə və müşahidələrimdən prosesdə iştirak edən bütün tərəflərdə az və ya çox dərəcədə xətanın olduğunu söyləyə bilərəm. Məsələn, bu halın yaranma səbəblərindən biri çox vaxt avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən tutulmasıdır.

Belə vəziyyətin qarşısı qanunsuz parklanmaya görə cərimə tətbiq etməklə alına bilər. Qeyd edim ki, bu cərimələrin məbləği aşağı olduğundan effekti də aşağıdır. Sərnişinlər də, öz növbəsində, dayanacaq olmayan yerlərdə avtobusa minmək və avtobusdan düşmək istəyirlər ki, bu da başqa bir problemin yaranmasına səbəb olur. Belə tendensiya axır vaxtlar qismən azalsa da, yenə də baş verdiyi istisna edilmir. Bu yaxınlarda da sürücü və sərnişin arasında gərginliyin hətta dava-dalaşa qədər gəlib çıxdığının sosial şəbəkələrdə oxuduq. Qarşılıqlı hörmət, ehtiram və güzəştin olmaması belə nəticəyə gətirib çıxarır.

Ümumən böyük qabaritli avtobusların idarə edilməsi nəqliyyat sıxlığı şəraitində daha da çətinləşir. Hər bir sürücü özünü avtobus sürücüsünün yerində təsəvvür etsə, bunun nə qədər real olduğunu görər. Buna görə də təkcə avtobus deyil, bütün böyük ölçülü nəqliyyat vasitələrinə güzəştə getmək digərlərinin borcudur. Bu, bəzi hallarda qanun ilə də tənzimlənir. Qeyd olunan məsələlərə kütləvi informasiya və sosial şəbəkələr vasitələri ilə marifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır. Həmçinin bu mövzuda video çarxların hazırlanması və reklam lövhələrinin quraşdırılması effektli ola bilər”.

Xatırlatma üçün qeyd edək ki, dünən Badamdar qəsəbəsində naməlum sərnişin "BakuBus”a məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünə hücum edərək onu döyüb. Naməlum şəxs daha sonra avtobusun şüşəsinə zərbə endirərək onu sındırıb.


www.ann.az

Xəbər lenti