Əkrəm Əylisli: “Vətəndən getmək insan üçün faciədi”

Əkrəm Əylisli: “Vətəndən getmək insan üçün faciədi”

“Mən Muradı tanıyıram. Onun dabbaqda gönünə bələdəm. Ona pis gün arzulamaram. Amma inanmıram ki, o, özünə başqa ölkədə yaxşı güzəran düzəldəcək”.  Bunu Modern.az saytına açıqlamasında yazıçı Əkrəm Əylisli yazar Murad Köhnəqalanın Avropadan sığınacaq alması barədə xəbərlərə münasibət bildirirəkən deyib.

Qalmaqallı əsərindən sonra xalq yazıçısı adından məhrum edilmiş Əkrəm Əylisli ümumən ədəbiyyatın mühacirət prosesindən və azərbaycanlı yazarların xaricə getməsindən danışıb. Vətəndən getməyin faciə olduğunu bildirən yazıçı öz fikirlərini bizlərlə bölüşüb:

“Mənə elə gəlir ki, Bunin, Brodski, Nobokov və digər nəhəng yazıçılar mühacirətdə bəxti gətirən yazarlardı. Biz bunu dərindən öyrənəliyik. Elə adamlardan danışırıq ki, onların həyat və yaradıcılığı uğurlu alınıb, yüksək məqamlara çatıblar.  Görün rus mühacirlərindən neçəsi Nobel aldı... Amma məsələni bu cür qiymətləndirmək birmənalı olardı.  Vətəndən elə insanlar gedib ki, onların həyatı məhv olub.  Burda da taleyi gətirməyən insanlar var. Mən Muradı tanıyıram. Onun dabbaqda gönünə bələdəm. Ona pis gün arzulamaram. Amma inanmıram ki, o, özünə başqa ölkədə yaxşı güzəran düzəldəcək. Düzəldə bilən burda da düzəldərdi. Onun nə  hakimiyyətlə elə bir pis münasibəti var, nə də cəmiyyətdə elə bir pis mövqedəydi ki, gedəydi.  

Düşünürəm ki, vətəndən getmək  insan üçün faciədi.  Moskvada oxuyarkən Azərbaycan dilini bir həftə eşitməyəndə məndə bir psixoloji hal baş verirdi. Qulağıma Azərbaycan dilində səslər eşidilirdi. Sizə Çingiz Hüseynovu misal göstərə bilərəm. Bu adam Azərbaycan dilinə o  qədər həsrətdi ki, bir dəfə onunla gedərkən maşından zibil daşıyan azərbaycanlılarla bəlkə bir saatdan da çox danışdı. Dedim nə olub ki, bu qədər danışdın? Dedi ki, mən dilə həsrətəm. Deməli orda dil amili də var.  Mən inanmıram ki,  Murad Köhnəqala gedib orda Brodski olacaq. Çünki böyük istedad Brodskinin öz qanında var idi”.

Modern.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti