Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə

Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə
Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı Ədliyyə Nazirliyi ilə birlikdə noyabrın 16-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan saat 10:00-da bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında, Bakı şəhəri, A.Sultanova küçəsi 5 ünvanında keçiriləcək. Namizədlərin nəzərinə çatdırılır ki, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib.İmtahan 3 saat davam edir və namizədlərə 100 suаldаn ibarət sual kitаbçаsı təqdim оlunur. 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır (suallar Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb), 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir (suallar TQDK tərəfindən hazırlanıb). Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir. Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.  Qeyd edək ki, sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən cari ilin avqust ayından başlayıb və noyabr ayının 12-də başa çatıb. İmtahanda iştirak etmək üçün 350 nəfərin namizədliyi qeydə alınıb. İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabr ayının 14-dən etibarən saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasında götürməlidirlər. Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti