E-kitab: Ziyalı ailəsində doğulan uşaq - HEKAYƏ

E-kitab: Ziyalı ailəsində doğulan uşaq - HEKAYƏ
Seymur Baycandan qısa hekayə

Parklar, bağlar-bağçalar öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey  qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Soyuq getdikcə artır, duman hər tərəfi bürüyürdü. Yavaş-yavaş payız qışa çevrilirdi. Kədərlilərin kədəri ikiqat artırdı. Evde darıxan adamlar bayıra çıxdıqda könlünü heç nə ilə aça bilməyib, təkrar evə qayıdırdılar. 

Boş-bekarları, avaraları, yersiz-yurdsuzları, bir də bulvarda soyuqdan dişləri bir-birinə dəyə-dəyə gəzən cütlükləri nəzərə almasaq, həyat parklardan, bağlardan, bulvardan örtülü məkanlara, kafelərə, resrtoranlara, çayxanalara, evlərə çəkilirdi. Bayırda boş-bekarlar, avaralar, yersiz-yurdsuzlar, bir də bulvarda soyuqdan dişləri bir-birinə dəyə-dəyə gəzən cütlüklər qalırdı.  Geyimləri yaxşı olmayan adamlar başlarını qınlarına çəkərək, soyuqdan əsə-əsə evlərinə tələsirdilər.  Belə bir gündə üç gənc, maarifpərvər ziyalı "Ocaq” kafesində oturub yeyə-yeyə, içə-içə xalqı necə maarifləndirmək lazımdır mövzusunda növbəti dəfə mübahisə edirdilər.  

Bu maarifçi gənclərdən birinin başı qaz yumurtasına oxşayırdı. İkincinin qalın və sallaq dodaqları vardı. Nazik düz burnu başqa bir bədəndən gəlmə təsiri bağışlayırdı. Qaşları tərpənəndə, gözlərinin üstünü örtürdü. Bilmək olmurdu gözləri çox dərindədi, yoxsa qaşları çox qalındı. Üçüncüsünün isə üst çənəsinin iki orta dişi bir az uzun idi. Buna görə dodaqları çox vaxt yumulmur, bu isə onu hər şeylə maraqlanan, hər şeyə təəccüb edən uşağa bənzədirdi.  

Mübahisə getdikcə qızışır,  ovqata uyğun olaraq müxtəlif formalara düşürdü. Bəzən onlar qəzəblənərək, əsəbləşərək xalqı qırıb yalnız ən ağıllı, savadlı, tərbiyəli adamları saxlamağın lazım olduğunu deyirdilər.  Biri təklif edirdi ki, daha inkişaf etmiş xalqın arasından iki yüz min qız seçib ölkəyə gətirmək, onları burdakı  terbiyəli oğlanlarla evləndirmək bu iki yüz min ailədə doğulan uşaqları ayrıca kamplarda, düşərgələrdə tərbiyə etmək, oxutdurmaq və beləliklə təzə xalq yaratmaq lazımdır. Çünki indikilərlə heç bir iş görmək mümkün deyil. Üçüncüsü isə deyirdi ki, xalqda heç bir günah yoxdu. Günahkar sistemdi. İnzibati resurslar olmasa xalqı heç cürə savadlandırmaq, tərbiyələndirmək mümkün olmayacaq, ona görə də çalışıb bir yolla hakimiyyətə gəlmək lazımdı. Adamlar özlərini vətəndaş kimi yox, turist kimi aparırlar. Guya heç nəyin bunlara dəxli yoxdu.  

Bu dəstəyə hərdən bir adam da qoşulurdu. O adam da deyirdi ki, pul qazanmaq, biznes qurmaq lazımdı. Pul olsa, xalqı maarifləndirmək asan olacaq. Xalqı maarifləndirmək yazı-pozuyla alınan iş deyil. Bu adamın çox cır səsi vardı. Danişanda səsinin cırıltısından adamın qulaqları ağrıyırdı.   

Bu dəfə də gənc ziyalılar çoxlu içib mübahisə etdilər. Elə bil, onlar xəstə idilər, mübahisəsiz qala bilmirdilər.  Qəribə görünüşlü bu üç gənc maarifpərvər ziyalının  söhbətlərini eşidəndə, hərəkətlərinə baxanda  onların xilas etmək istədikləri xalqa adamın yazığı gələrdi. Bu gün onlar əldən düşənə qədər mübahisə edib bu nəticəyə gəldilər.  Savadsız adamlar sürətlə artıb törəyirlər. Ziyalıların isə uşaqları az olur. Müqavimət göstərmək üçün gərək ziyalı ailələrində də çoxlu uşaq olmalıdır.  Birdən bir ailə  yadlarına düşdü. Ər də arvad da onların yaxın dostları idilər. Bir neçə ay bundan əvvəl ailədə bir oğlan uşağı doğulmuşdu. 

Ziyalılardan biri ziyalı ataya zəng edib vəziyyəti danışdı. Dedi oturmuşuq yeyib-içmişik, səni də xatırladıq, sonra uşaqlarla belə məsləhət oldu ki, gedək bir uşağı görək. Ziyalı ata evlənməmişdən əvvəl bu cür məclislərdə çox olmuşdu. Vəziyyəti başa düşdü, bildi ki, "yox” cavabı vermək çətin olacaq, qarşı tərəf razılaşmayacaq, ona görə ən yaxşısı bəribaşdan razılaşmaqdı. Gənc ziyalılar hesabı ödəyib kafedən çıxıb marketə girdilər. Hərə əlinə keçən münasib hədiyyə aldı. Taksiyə oturub ziyalı ailəsində doğulmuş uşağı görməyə getdilər. Orda onları sakit, amma mehribançılıqla qarşıladılar. Ziyalıları mətbəxdə oturtdular. Mətbəxi dərhal spirt iyi bürüdü. Ana ziyalı buna görə özünü daha da məsuliyyətli hiss etdi. Ziyalılar oturandan sonra üst çənəsində iki dişi uzun olduğuna görə dodağı örtülməyən ziyalı ər-arvada baxıb sual verdi:
Bəs uşaq hardadı? Biz uşağı görməyə gəlmişik.
Ana ziyalı dedi:
Uşaq yatıb. Bir az əvvəl güclə yatızdırdıq. Başımıza oyun açır.

Ana ziyalı uşağın yatmasına sevinirdi. Bu içkili adamların əlinə uşaq verməyə qorxurdu. Hər şey ola bilərdi. Onlar çay içə-içə bir-birlərindən hal-əhval tutdular. Ürəklərində söz çox idi deyə bir mövzunun üstündə qala bilmirdilər. Mövzudan mövzuya tullanırdılar. Ana ziyalı mətbəxdən çıxan kimi ata ziyalıya sual verdilər:

Evlənmək necə şeydi?
Ata ziyalı dedi:
Yaxşı tərəfləri də var, pis tərəfləri də var.
Ana ziyalı mətbəxə qayıtdı. Ona görə üç subay ziyalı evlənməyin yaxşı və pis tərəflərinin nə olduğunu öyrənə bilmədilər. Ana ziyalı gənc ziyalılara  yemək təklif etdi lakin gənc ziyalılar doyunca yediklərini, heç nəyə ehtiyac olmadığını, yalnız uşağı görmək niyyətiylə gəldiklərini dedilər. Ana ziyalı çox sakit danışırdı. Yeriyəndə də barmağının ucunda yeriyirdi. Bütün bu incə hərəkətləri ilə kefli ziyalılara evdə uşaq yatdığını xatırladırdı. Ziyalılar bunu başa düşürdülər. Onlar ümumi ab-havaya hörmət etməyə çalışırdılar. Sakit səslə danışırdılar. Arada biri səsini qaldıranda o biri ikisindən biri əvvəlcə  ona müxtəlif işarələrlə, sakit səslə danışmağı  göstərirdi, adam işarəni başa düşməyəndə deyirdi:
Yavaş danış, evdə uşaq var.

Bu zaman ziyalı ana azca həyəcanlanaraq otağa doğru qaçırdı. İki dəqiqədən sonra qayıdırdı. Ata ziyalı üzündə sual dolu ifadəylə ana ziyalının üzünə baxırdı. Ana ziyalı ata ziyalının sualını başa düşürdü və "yatıb” deyirdi. Belə gedişlərin birində evin dərinliyindən uşaq səsi gəldi. Ziyalılar bir-birlərinin üzünə baxıb- deyəsən oyandı- dedilər. İki-üç dəqiqədən sonra ana ziyalı qucağında uşaq mətbəxə daxil oldu.Uşağı qucağında tutub bir-bir ziyalılara yaxınlaşdırdı. Ziyalılar uşağı qucaqlarına almaq istəsələr də, ana ziyalı nələrsə deyib uşağı heç kimin qucağına vermədi. Hər bir ziyalı  uşağa öz üslubuna uyğun mehribançılıq göstərdi. "Dejurnu” sözlər dedilər:
Atasına oxşayır yoxsa anasına?
Ziyalılardan biri dedi ki, bu uşaq böyünyənə qədər ölkədə vəziyyət düzəlməlidir. Bu uşaq yaxşı məktəbdə oxumalıdır. Azad, firavan, müasir cəmiyyətdə yaşamalıdır. Ata ziyalı deyəsən bu söhbətlərdən uzaqlaşmışdı, artıq bütün bu söhbətlər onun üçün yad idi. Deyilənlərə inanmırdı. Öz arzularından imtina etmişdi. Bir tikə çörək qazanıb balasını saxlamağa çalışırdı.  Ümumiyyətlə, o könülsüz danışırıd. Elə bil ki, nəsə tamam başqa şey haqda fikirləşirdi. 

Uşaq yad adamları bir-bir gözdən keçirib üzünü yığdı və ağlamağa hazırlaşdı. Əvvəlcə o, yavaş-yavaş ağlayırdı, sonra nə düşündüsə, birdən şiddətlə  ağlamağa başladı. Ana ziyalı həyəcanlandı, uşağı otağa apardı. Ata ziyalı da ana ziyalının dalınca düşdü. Ata ziyalı iki dəqiqədən sonra qayıtdı. Mətbəxin pəncərəsini açdı. Ziyalılara baxıb "kimdə siqaret var?” sualı verdi. Ona iki əl birdən siqaret uzatdı. Ata ziyalı iki əlin uzatdığı siqaretlərə baxdı və azca tərəddüd edib bu siqaretlərdən birini seçdi. Alışqan istədi. Ziyalılardan   biri dedi:
Mənimki deyəsən kafedə qaldı.
O biri ata ziyalıya alışqan verdi. Ata ziyalı siqareti yandırmağa macal tapmadı. Ağlayan uşağın səsi yaxınlaşırdı. Səs yaxınlaşdı, yaxınlaşdı və ana ziyalı qucağında uşaq təlaşla mətbəxə girdi. Qucağında uşaq uşağa yemək hazırlamağa başladı. Ata ziyalı dedi:
Uşağı ver mənə, işini rahat gör.
Ana ziyalı uşağı ata ziyaliya  vermədi. Narahat olma, dedi.  Onun danışığı nə qədər mədəni olsa da, səsində vəziyyətdən narazı olduğu hiss olunurdu. Bununla belə o, uşağa necə yüksək qayğı göstərdiyini nümayiş etdirirdi. 

Ziyalılar pərt vəziyyətə düşmüşdülər. Onlar getmək üçün münasib məqam axtarırdılar. Söhbət də alınmırdı. Ana ziyalı ora-bura qaçır, ata ziyalı da onun dalınca düşürdü. Ziyalılar mətbəxdə tək qalıb bir-birlərinin üzünə baxırdılar. Ata ziyalı mətbəxə dönürdü, üzr istəyirəm- deyirdi. Uşağın səsi ziyalıların beyninə işləyirdi. Onların kefi pozulmuşdu. Nəhayət daha oturmağın mümkün olmadığını anlayıb bir-birlərinin üzünə baxdılar. Üçü də yavaş-yavaş ayağa qalxdılar. Gecdir, getmək lazım olduğunu dedilər. Ata ziyalı  bir az müqavimət göstərdi. Bir az oturun, gedərsiz- dedi. Ziyalılar ona öz təşəkkürlərini bildirdilər, narahat etdikləri üçün üzr istədilər. Özünüz bilirsiniz, belə məqamlarda bir qayda olaraq boş və mənasız sözlər deyilir.  Ana ziyalı mətbəxə qayıdanda bu canlanmanı görüb yalandan ozunu ele göstərdi ki, guya ne olduqunu başa düşmür və təəccüblə soruşdu:
Hara gedirsiz?
Ziyalılar ana  ziyalıya da gec olduğunu, getmək lazım olduğunu dedilər. Ana ziyalı da ata ziyalı kimi bir-iki gəlişigözəl söz söylədi. Uşaq isə dayanmırdı, ağlamağına davam edirdi. Nəhayət, bu yersiz və süni söhbət başa çatdı. Ziyalılar koridora keçdilər. Sağollaşıb bir-bir qapıdan bloka  çıxdılar. 

Onlar açıq havaya çıxanda yüngülləşdilər. Elə bil ağır bir yükdən azad olmuşdular. Bura gəldiklərinə hər biri peşman olmuşdu. Amma heç kim bu haqqda danışmırdı, heç kim heç kimi günahlandırmırdı. Çünki bu qərara hər üçü birdən sevincək gəlmişdilər. Bir müddət danışmadan addımladılar. Onlar açıq havaya çıxanda başa düşdülər ki, onları əsəbləşdirən uşağın ağlamağı deyilmiş, evin cansıxıcı mühiti imiş, onların dostları ata ziyalı çox dəyişilmişdi. Onda əvvəlki çılğınlıqdan, temperamentdən əsər-əlamət qalmamışdı. Söhbətlərə çox həvəssiz qoşulurdu, özü də hər şeyə çox inamsız yanşırdı. Düşkünləşmişdi. Gənc ziyalılar onu  itirilmiş hesab edirdilər və öz aqibətlərinin də bu cürə olacağından qorxmuşdular. Hər biri öz daxilində bu suala cavab tapmaq istəyirdilər- görəsən mən də belə olacam?  Onlar 24 saat işləyən kafeyə girdilər. Adama bir bokal pivə, pendir sifariş verdilər. Kafedə adam az idi.  Heç kim danışmırdı. Hamı fikrə getmişdi.  Hər şey danışılıb qurtarmışdı. 

Arada ofisiant yaxınlaşıb soruşurdu:
Bir şey lazım deyil? 

Ziyalılar deyirdi:
Heç nə lazım deyil.

Sükut uzun çəkdi. Nəhayət ziyalılardan biri dedi:

Uşaq böyütmək, adam yetişdirmək necə də çətindi.

Gördün necə ağlayırdı? Səs adamın beyninin hüceyrələrinə işləyirdi.
 
Hələ bilmirsən, böyüyəndə nə olacaq. Kim olacaq. Bəlkə böyüyüb birdən terrorist oldu…

Mənim uşağım oxumasa buna dözə bilmərəm. Ürəyim partlayar...  

Gənc ziyalılar bir az bu mövzuda danışdılar. Heç kim əsas mövzuya keçmədi.

Seymur Baycan

Meydan.tv

www.ann.az

Xəbər lenti