E-kitab: Oxumaqdan imtina edən müğənni - Hekayə

E-kitab: Oxumaqdan imtina edən müğənni - Hekayə
Frans Kafkanın hekayəsi 

Bizim müğənninin adı Jozefinadır. Kim ona qulaq asmayıbsa, deməli, oxumağın qüdrətindən xəbəri yoxdur. Onun sənətinə qarşı laqeyd adam tapmaq çətindir, xüsusən də nəzərə almalıyıq ki, bizim camaat musiqini xoşlamır. Bizim camaatdan ötrü ən yaxşı musiqi əmin-amanlıq və rahatlıqdır: bizim günümüz-güzəranımız çox ağırdı, aradabir gündəlik həyatın qayğılarından azad olmağa çalışırıqsa, bizi musiqi kimi uzaq bir aləm çox az cəlb edir. Bunun bizi dilxor elədiyini də demək olmaz, qətiyyən: biz özümüzdə olan işgüzar fərasəti və bic yumoru daha çox qiymətləndiririk, yeri gəlmişkən, bunlar bizə hədsiz dərəcədə lazımdı, musiqinin verə biləcəyi nəşə – buna güman azdı – bizi yoldan çıxartsa belə bu məhrumiyyətlə də başqa məhrumiyyətlər kimi təbəssümlə barışardıq. Jozefina bizim aramızda istisnadı; o, həm musiqini sevir, həm də ifa etməyi bacarır; Jozefina belə Jozefinadı; onun yoxluğu ilə musiqi Allah bilir, həyatımızdan nə vaxta kimi qeybə çəkiləcək.
 
Mən musiqiyə belə münasibətimizi başa düşməyə dəfələrlə cəhd göstərmişəm. Axı biz musiqi duyumundan büsbütün məhrumuq; elə isə Jozefinanın oxumasını niyə anlayırıq. Yaxud da – Jozefinanın özü bunu qətiyyətlə inkar edir – niyə onun anlaşıqlı olduğunu hesab edirik? Ən asanı belə demək olardı: guya onun ifası elə məftunedici ki, küt adamı da cəlb edir, amma belə cavab bizi qane edə bilməz. Belə olsaydı, Jozefinanın oxumağı bizə qeyri-adi təsir göstərərdi, sanki onun boğazından gözəl, indiyəcən eşidilməmiş səslər axıb tökülür, sanki Jozefinanın oxumağı bizi həmin səslərə doğmalaşdırmasaydı, bizim üçün həyatda onları qavramaq da çətin olardı. Əslində belə bir şey yoxdu: mən özüm belə hissi yaşamamışam və başqalarında da diqqətimi cəlb etməyibdi. Əksinə, biz öz aramızda oxumaq kimi Jozefinanın oxumağının çox da dəyərli olmadığını bir-birimizdən gizlətmirik.
 
Ümumiyyətlə, bunu oxumaq adlandırmaq olarmı? Biz musiqiçi camaat olmasaq da, oxumaq əsrlərin ənənəsi kimi xalq yaddaşında yaşayır; qədimlərdə bizdə oxumaq olubdu; bundan əfsanələr də danışır; mahnıların mətni də qalıbdı; amma bu mahnıları heç kim oxuya bilmir. Beləliklə də, oxumaq nədir anlayışı bizə yad deyil, amma Jozefinanın oxumağı qətiyyən buna uyğun gəlmir. Bir də ki, bunu oxumaq adlandırmaq olarmı? Bu, sadəcə olaraq ciyilti deyilmi? Doğrudur, biz hamımız ciyildəyirik və ciyildəmək bizim təbii istedadımızdı, hətta istedadımız da deyil, özümüzü ifadəmizdi. Bizim hamımız ciyildəyirik, amma heç birimizin ağlına gəlmir ki, ciyiltimizi sənət yerinə sırıyaq, biz düşünüb – daşınmadan, dərinə varmadan ciyildəyirik, çoxlarının yatsa yuxusuna da girməz ki, ciyildəmək bizim istedadımızdır. Əgər Jozefinanın oxuduğunu yox, ciyildədiyini və məncə, başqalarından heç də yaxşı ciyildəmədiyini həqiqət kimi qəbul etsək – Jozefina hətta səsinin gücünə görə çoxlarına uduzur, yadınıza salım ki, adi rəncbər ağır iş görə-görə ağına-bozuna baxmadan səhərdən axşama necə ciyildəyir – bunu həqiqət kimi qəbul etsək, Jozefinanın güman olunan sənətindən heç nə qalmayacaq; amma belə bir müəmmalı sual ortaya çıxacaq: eləsə onun dinləyicilərə qeyri-adi təsirini nə ilə izah etmək olar?
 
Əlbəttə, burada məsələ təkcə ciyildəməkdə deyil. Bir az uzaqda dayanın və qulaq asın, yaxud da bir halda ki, başlamısınız, onun səsini ümumi hay-küyün içindən seçməyə çalışın və siz adi ciyiltidən başqa heç nə eşitməycəksiniz. Uzaqbaşı Jozefinanın səsi başqalarının səsindən zəif və quru eşidiləcək. Amma onunla üzbəüz dayansanız, onun oxumağı sizə artıq təkcə ciyilti təsiri bağışlamayacaq: onun sənətini qiymətləndirmək üçün qulaq asmaq azdı, həm də özünü görmək lazımdı. Yəqin ki, siz lap adi ciyilti eşidəcəksiniz, eybi yoxdu, qeyri-adilik burasındadır ki, kimsə hansısa adi bir şeyi görməyə hazırlaşdığı halda, möhtəşəm poza alır. Qoz sındırmaq, Allah bilir, hansı sənətdi, çətin ki, kimsə camaatı bir yerə yığıb, onları əyləndirmək üçün qoz sındırmağa ürək eləsin. Kimsə bunu qəflətən edərdi və böyük gurultu qopardardı, doğrudur, biz də onun uğurunun səbəbini kənarda axtarardıq. Təsadüf elə gətirərdi ki, onun bu hoqqası hamının xoşuna gələrdi, bundan belə bir nəticə hasil olur ki, biz bu sənətin fərqinə varmamışıq, çünki uşaqlıqdan bu sənəti yaxşı mənimsəmişik, yalnız bizim bu qoz sındıranımız gözümüzü açdı, bu sənətin əsil mahiyyətini bizə göstərərdi. Digər tərəfdən, əgər o, ortabab qoz sındırandırsa və biz istənilən birimiz bu sənət sahəsində ondan üstünüksə, bu. Ancaq sənətin özünün xeyrinədir.
 
Eyni hal, görünür, Jozefinanın oxuması ilə bağlıdı: biz özümüzdə laqeyd qaldığımıza Jozefinada heyran kəsilirik və bu məsələdə Jozefina bizimlə tam razıdı. Bir dəfə mən iştirak elədiyim məclisdə kimsə mümkün dərəcədə nəzakətlə ciyildəməyin xalq arasında məşhur olması haqqında onunla hamıya bəlli bir məsələ kimi söhbət elədi. Jozefinaya bu da bəs idi. Məşhur müğənnimizin təkəbbürlə və iyrəncliklə özünü necə əzib-büzdüyünü görəydiniz! Sir-sifətdən əsil zəriflik mücəssəməsi idi, amma bu məqamda mənə bayağı göründü; doğrudu, Jozefina tez ayıldı və özünəməxsus taktla səhvini düzəltməyə çalışdı. Bunun özü bir daha göstərir ki, Jozefina oxumağı ilə ciyildəmək arasında müəyyən əlaqə olduğu fikrindən çox uzaqdır. Başqa fikirdə olanları müğənninin gözü götürmür, hətta, güman ki, daxilən onlara nifrət edir. Amma indiki məqamda onu adi şöhrət azarı danışdırmır – axı mənim özümün də daxil olduğum müxalifət onun heyranıdı; amma Jozefina heyranlıqla kifayətlənmir – adi heyranlıq onun üçün azdı; zəhmət olmasa, pərəstiş edin! Tamaşaçıların arasında oturub ona baxanda, siz bunları başa düşürsünüz; yalnız bizim məşhur müğənnidən uzaqda dayanmaqla müxalifətdə durmaq olar; amma tamaşaçıların arasında oturmaqla siz etiraf eləməyə hazırsınız ki, onun ciyildəməyi heç də ciyildəmək deyilmiş.
 
Bir halda ki, ciyildəmək bizim üçün təzə şey deyilmiş və necə ciyildəməyimizi özümüz də hiss eləmirik, belə fikirləşmək təbii olardı ki, Jozefinanın tamaşaçılarının arasında da ciyilti var. Axı onun sənəti bizi sevindirir, bizsə sevinə-sevinə ciyildəyirik. Amma Jozefinanın dinləyiciləri ciyildəmirlər, onlar süpürgə arxasındakı siçan kimi gizlənib otururlar; fikirləşmək olar ki, biz arzuladığımız sakitliyə nail olmuşuq və öz fitimizlə onu hürkütməyə qorxuruq. Bu konsertlərdə bizi daha çox nə cəlb edir – Jozefinanın oxumasını, yoxsa onun səsinin hiss olunmayacaq dərəcədə pozduğu təntənəli sükutmu? Bir dəfə yelbeyin siçan təsadüfən Jozefinanın oxumağını eşidib, onun səsinə səs verdi. Bu ciyilti də Jozefinanın bizi nəşələndirdiyi ciyiltinin eyni idi, ətalətə baxmayaraq, səhnədə müəyyən təmkin olsa da, dinləyicilər uşaqcasına fədakarlıqla ciyildəyirdilər; bütövlükdə heç bir fərq yox idi; bununla belə, yazıq – siçanın yerə girməyə hazır olduğuna baxmayaraq, biz sükutu pozanı fitə basdıq, Jozefina isə qələbə himninə başladı; o, cuşa gəlib qollarını daha geniş açdı və gözəl boynu imkan versəydi, başını geriyə daha çox atardı.
 
Həmişə belədi: ən xırda şeylərdən, hər cüzi təsadüflərdən, istənilən maneçilikdən, parketin cırıltısından, dişlərin xırçıltısından, işıqlandırmanın pozuntusundan, bir sözlə, istənilən çətinliklərdən Jozefina oxumağına maraq oyatmaq üçün istifadə edir; axı o, belə güman edir ki, ona karlar qulaq asırlar; doğrudu, təkrar-təkrar səhnəyə qaytarılması və alqışlar baxımından onun gileylənməyə haqqı yoxdu, amma həqiqi başa düşülməyi guya tapa bilmir və buna olan ümidini çoxdan itirib. Buna görə də Jozefina hər bir əngəli alqışlarla qarşılayır; axı xarici aləmdə ifası ilə uyğun gəlməyən şeylərin öhdəsindən o, dava-şavasız, yalnız adicə qarşıdurma gücünə gəlir və bütün bunlar dinləyiciləri hərəkətə gətirməyə, anlamağı təlqin edə bilməsə də, onun sənətinə həssas hörmət oyatmaqla kömək edir. Bir halda ki, Jozefina ən xırda şeylərdən öz xeyrinə istifadə edir, bu cür şeylərdən heç danışmağa dəyməz! Bizim həyatımız təşvişlərlə doludu, hər gün özü ilə gözlənilməzliyini, qorxusunu, ümidini və dilxorçuluğunu gətirir, əgər gecə və gündüzün hər bir anında dostlarımızın köməyini hiss eləməsəydik, bizim heç birimiz bu sınağa tab gətirə bilməzdik; hətta bu köməyi hiss etməkdə də biz bəzən çətinlik çəkirik; bir də görürsən ki, əslində bir nəfər üçün nəzərdə tutulmuş yükün ağırlığından minlərlə çiyin haldan düşür. Məhz belə vaxtlarda Jozefina vaxtının gəlib çatdığını hesab edir. Budur, bu zərif sizin qarşınızdadı və mahnı oxuyur: döşləri qarnından yuxarı əsim-əsim əsir, sanki Jozefina var gücünü mahnıya verir, oxumağında iştirak etməyən hər şeyi isə heysizləşib, tam tükənib, sanki müğənni çılçılpaqdı, bütövlükdə stixiyanın hökmünə və xeyirxah ruhların himayəsinə verilib, özünü bütün varlığı ilə oxumağa verdiyi məqamda küləyin ilk soyuq mehi onu öldürə bilər. Müğənnini haldan çıxmış gördükdə biz – onun xəyali rəqibləri deyirik: "Jozefina heç əməlli-başlı ciyildəyə də bilmir: hər bir adamın ciyildəyə biləcəyi kimi ciyildəmək üçün – oxumaq üçün yox, oxumaq nədi! – özünü belə zora salmağa dəyməz.” Bizim ilk və qaçılmaz təəssüratımız belə idi, amma deyildiyi kimi, ilk təəssürat keçicidi, tezliklə küləyə hakim kəsilən hiss bizə də sirayət edir: bir-birimizə qısılıb, onun hər həniri ilə isinib nəfəsimizi dərmədən qulaq asırıq.
 
Daimi hərəkətdə olan, qeyri-müəyyən məqsədlə irəli-geri qaçan bu kütləni yığmaq üçün Jozefinanın başını geri atması və gözlərini axıtması – bir sözlə, oxumağa hazırlaşdığını göstərən poza alması kifayətdi. Bundan ötrü istənilən yer yarayar, onu hətta səhnə də lazım deyil, onu təsadüfü seçilmiş ilk yer də qane edir. Jozefinanın oxuyacağı haqqında xəbər bir andaca hər tərəfə yayılır və camaat tökülüşüb gəlir. Bəzən maneələr ortaya çıxır, Jozefina narahat vaxtlarda çıxış etməyi xoşlayır, belə vaxtlar hərə öz ehtiyacı və qayğısı ilə yaşayır, hərə öz işinin dalınca düşür, hətta istəsək belə, Jozefinanın ürəyindən keçən tezliklə yığışa bilmirdik, bəzən o, xalq yığılana kimi özünün möhtəşəm pozasında dayanıb durur; aydındır ki, müğənni hiddətlənir, ayağını yerə döyür, qıza yaraşmayan söyüşlər işlədir və hətta dişləyir. Amma belə davranış da onun məşhurluğuna xələl gətirmir; tamaşaçılar müğənninin ifrat tələblərinin qarşısını almaq əvəzinə, onu təmin etməyə çalışır: hər tərəfə çapar göndərirlər (əlbəttə, Jozefinadan xəbərsiz) ki, çox dinləyici toplasınlar; yollar boyunca məntəqələr qoyurlar ki, gecikənləri tələsdirsinlər; kifayət qədər adam yığışmayana kimi bütün bunlar davam edir. Hamını Jozefinaya yarınmağa kim məcbur edir? Bu suala cavab vermək Jozefinanın oxumağı ilə bağlı suala cavab vermək qədər çətindi, bunlar bir-biri ilə bağlıdır. Əgər oxumağı naminə xalqın Jozefinaya qeyd-şərtsiz sədaqətli olduğunu təsdiq etmək mümkün olsaydı, ikinci tərəflə birləşdirib birinci tərəfi atmaq mümkün idi. Amma bu barədə söhbət də gedə bilməz. Bizim camaat heç kəsə qeyd-şərtsiz sədaqətli deyil, özünün qərəzsiz bicliyini, özünün uşaqvarı şirin söhbətini, özünün günahsız boşboğazlığını – təki dil işləsin – çox istəyən xalq qeyd-şərtsiz sədaqətliliyə qadir deyil və Jozefina bunu hiss edir, özünün zəif boğazına yazığı gəlmədən buna qarşı mübarizə aparır.
 
Təbii ki, belə ümumi təsdiq bizi uzağa apara bilər, hər halda xalq qeydsiz-şərtsiz olmasa da, Jozefina sədaqətlidi. Məsələn, xalq heç vaxt Jozefinaya gülməz, halbuki Jozefinada gülməyə layiq cəhətlər var, xüsusən nəzərə almaq lazımdır ki, gülüş bizim arzulanan qonağımızdır; ehtiyatımıza baxmayaraq, bizim özümüz özümüzə gülürük, amma Jozefinaya gülmürük. Bəzən mənə elə gəlir ki, xalq Jozefinanı zəif, köməksiz, müəyyən mənada qeyri-adi məxluq (onun nəzərində qeyri-adi müğənni) – qayğısı ona etibar edilmiş məxluq kimi qəbul edir; bu təsəvvürün xalqda haradan yarandığını demək çətindir, sadəcə olaraq faktı qeyd etmək mümkündü. Amma sənə etibar edilənə gülməzsən, ona gülsən, deməli, öz borcunu tapdalamış olarsan; bizim ən yaman adamlarımız bircə bunu deməyə qadirdilər: "Biz onu görəndə, gülüş dodaqlarımızda donub qalır”. Xalq, ata uşağının qayğısına qalan kimi Jozefınanın qayğısım çəkir; uşaq ol açır, nəsə istəyir, ya da ki, nəsə tələb edir. Güman eləmək təbii olardı ki, belə borc bizim xalqın əxlaqına yaddı, amma öz borcunu nümunəvi şəkildə yerinə yetirir, ən azı indiki halda. Bütövlükdə xalqın qadir olduğuna bizim ayrı-ayrılıqda gücümüz çatmaz. Təbii ki, imkanlar da ölçüyəgəlməzdir: xalqın öz yetirməsini həniri ilə isitməsi kifayətdir ki, o, özünü etibarlı müdafiədə hesab etsin. Bu barədə Jozefina ilə danışmamaq daha yaxşıdı. Jozefina; "Mənə sizin müdafiəniz lazım deyil” deyir. Biz isə öz-özümüzdə fikirləşirik: "Baxaq görək, bizsiz sən nə oxuyacaqsan.” Yeri gəlmişkən, bu, heç etiraz da deyil, əslində bu, uşaq dəlisovluğu və uşaq nankorluğudur; adətən, ata belə şıltaqlıqları qulaqardına vurur. Amma burada Jozefina ilə xalq arasında belə qarşılıqlı əlaqəyə çox pis uyuşan nəsə ortaya çıxır. Sən demə, Jozefina başqa fikirdəymiş, müğənni belə hesab edir ki, xalq onu yox, o xalqı müdafiə edir. Guya onun oxuması xalqı hər cür siyasi və iqtisadi çətinliklərdən xilas edir – onun belə hökmü varmış, əgər çətinlikləri aradan qaldırmırsa da, ən azı onlara dözməyə güc verir. Doğrudur, Jozefina bunu açıq-aşkar, bu və ya digər sözlərlə demir, ümumiyyətlə, – o çox şey deyə bilər, bizim naqqalların tayı deyil, amma bunu onun işıldayan gözləri, sıxılmış dişləri ifadə edir – bizdə çox az adam dilini dinc qoya bilir, amma Jozefina bunu bacarır. Hər dəfə xoşagəlməz xəbər eşidəndə, bəzən belə xəbərlərdən — o cümlədən yalan və yoxlanılmamış xəbərlər üstümüzə torbadan tökülən kimi tökülür -Jozefina dik atılır, tufanın yaxınlaşdığını duyan çoban kimi boynunu uzadıb həmməzhəblərini nəzərdən keçirir. Bəzən inadkar, ərkəsöyün uşaqlar çərənçi tələblər irəli sürürlər; Jozefınanın tələbləri hər halda əsaslandırılmış tələblərdi. Şübhəsiz, Jozefina bizi xilas etmir və bizə güc vermir; ən asanı özünü bizim xalq kimi xalqın – həddindən artıq dözümlü, özünə qarşı amansız, qərarında ehtiyatsız, ölümün gözünə soyuqqanlılıqla baxan və mövcud olmaq məcburiyyətində qaldığı ağılsız şücaət şəraitindəki ağciyər, cəsarətli olduğu qədər də məhsuldar bir xalqın – mən deyərdim ki, ən asanı öz gücünə özünü fəlakətdən xilas edən, hətta tarixçinin – biz tarixlə çox az maraqlanırıq – başının tükləri biz-biz duran qurbanlar hesabına çıxardan belə xalqın sonradan xilaskarı elan etməkdir. Bu da düzdü ki, biz sınaq illərində Jozefinanın konsertinə daha çox can atırıq. Yaxınlaşan təhlükə ilə əlaqədar biz itaətkarlaşırıq, sakitləşirik və adi vaxtlarla müqayisədə Jozefinanın hökmlü şakərlərinə itaətkarcasına dözürük: biz həvəslə bir yerə toplaşırıq və bizə əzab verən məsələlərdən bir anlığa ayrılıb, bu dostanə tünlükdə dincəlirik; biz sanki döyüş qabağı sonuncu dəfə tələsirik – axı vaxt gözləmir, Jozefina bunu çox vaxt unudur – tələsirik ki, birlikdə dünya kubokunu udaq. Bu, konsertdən daha çox xalq yığıncağıdı, özü də elə bir yığıncaqdı ki, tribunadan zorla qulaq çalan ciyiltidən başqa heç nə eşidilmir: bu saat bizim üçün elə əzizdi ki, mənasız naqqallığa sərf edə bilmərik. Əlbəttə, belə rol Jozefinanı təmin edə bilməzdi. Doğrudur, cəmiyyətdəki qeyri-müəyyən mövqeyinin doğurduğu yüksək vasvasılığının nəticəsində bir çox şeylər Jozefınanın nəzərindən yayınır, çünki şübhələr onu kor edib, bir çox şeyləri isə görməməyə meyillidi, bu işdə yaltaqlar sürüsü ona kömək edir, bununla da onlar bizim marağımız naminə çalışırlar; amma elə-belə, tək-tənha, yersiz olaraq oxumaq – belə xırda şey üçün, hərçənd ki, buna xırda şey də demək olmaz, Jozefina öz sənətini havaya sovurmaz.
 
 
Amma Jozefina sənətini havaya sovurmaz, onun sənəti hər halda tanınır və qəbul olunur. Hərçənd ki, bizim fikrimiz-zikrimiz başqa yerdədi və ancaq onu yaxşı eşitmək üçün sakitcə oturmamışıq – hətta kimsə gözünü qonşusunun xəzli yaxalığına dikmişdi və başını qaldırmırdı, belə çıxırdı ki, sanki Jozefina yuxanda nahaqdan cəh-cəh vurur – hər halda onun ciyiltisi müəyyən mənada bizə çatırdı. Bütün ağızların sükutla bağlandığı yerdə göylərə yüksələn ciyilti bizə -ayrı-ayrılıqda hər birimizə ünvanlanmış xalqın səsi təsir bağışlayır; bu ağır məqamda Jozefinanın zəif səsi düşmən dünyanın qarışıqlığında itib-batmış xalqımızın acınacaqlı taleyini xatırladır. Jozefina özünü təsdiq edir – özünü təsdiq edən və qəlbimizə yol tapan nə səsdi, nə də sənət, bu barədə fikirləşmək bizim köməyimizə gəlir. Bizim aramızdan əsil müğənni çıxsaydı, belə bir vaxtda biz ona qulaq asmazdıq, belə çıxışı biz cəfəngiyat kimi yekdilliklə rədd edərdik. Bizi ona qulaq asmağımızın mahiyyət etibarı ilə onun oxumağının xeyrinə olmadığım Jozefinanın bilməsi – Allah eləməsin – lazım deyil, Doğrudu, bəzi məsələlər ona çatır, yoxsa, ehtirasla bizim ona qulaq asmadığımızı israr etməzdi, ancaq burası da var ki, bu, çıxışını davam etdirməyə və ciyildəyə-ciyildəyə gümanlarını unutmağa mane olmur.
 
Jozefinanın xeyrinə bir səbəb də var: hər halda biz bu və ya digər dərəcədə ona qulaq asırıq, hətta əsil müğənniyə qulaq asan kimi qulaq asırıq; özü də bu vaxt Jozefina bizdə elə təəssürat oyadır ki, məharətli müğənni nə qədər əlləşib-çalışsa da, belə təəssüratı oyada bilməz və bu təəssürat məhz onun bacarığının və səs vasitələrinin kifayət dərəcədə olmadığından asılıdır. Bu isə ilk növbədə həyat şəraitimizlə izah olunur.
 
Bizim xalqın yeniyetməliyi olmayıb, gödək ömürlü uşaqlığı olub. Bəzən belə tələblər irəli sürülür ki, uşaqlara sərbəstlik vermək, onları qayğı və diqqətlə əhatə etmək, onların qayğısız yaşamaq, gülmək, oynamaq hüququnu təkcə etiraf yox, həm də həyata keçirmək lazımdı; belə tələbləri tez-tez eşidirsən və çətin ki, bu tələblərə etiraz edən tapılsın, bu tələblərə etiraz etmək, həqiqətən, qeyri-mümkündü, amma onları bizim şəraitimizdə həyata keçirmək də qeyri-mümkündü; biz yekdilliklə bu tələbləri müdafiə edirik, hətta təşəbbüs də göstəririk, amma dönüb baxmağa macal tapmamış hər şey köhnə qaydasına düşür. Bizim şəraitimiz elədi ki, uşaq yeriyər-yeriməz və işıqlı dünyadan baş çıxardar-çıxartmaz yaşlılar kimi özünün qayğısını çəkinək zorundadı. Biz özümüzə ruzi əldə etmək üçün dağınıq, hər tərəfdən saysız-hesabsız düşmən əhatə edən və ən gözlənilməz təhlükələr güdən geniş ərazidə yaşamağa məcburuq; biz öz uşaqlarımızı yaşamaq uğrunda gündəlik mübarizəyə cəlb edə bilmərik, çünki bu, onları fəlakətə aparardı. Belə kədərli səbəblə yanaşı xoş səbəb də var: bu da ki bizim qəbiləyə xas törəmə məhsuldarlığıdı: bizim bir nəsil digərini qarşısıalınmaz şəkildə sıxışdırır və bu nəsillərin hər biri sayca elə çoxdu ki, uşaqların uşaq kimi qalmağa vaxtı yoxdu. Başqa xalqlar öz gənclərini qayğı ilə böyüdür, onların məktəbləri var, hər gün həmin məktəbdən dəstə-dəstə uşaq axışır – onlar xalqların gələcəyidi, günlər keçir, uşaqlarsa həmin uşaqlar kimi qalır, onların tərkibi uzun müddət dəyişmir. Bizimsə məktəbimiz yoxdu, əvəzində xalqın içindən qısa müddət ərzində çoxlu uşaq axını üzə çıxır: baxın görün onlar sevinc içində necə cırıldaşır və zingildəşirlər, çünki hələ əməli-başlı ciyildəməyi bacarmırlar; üzüaşağı, bəzən də kəlləmayaq, arxadan sıxışdırılanların təzyiqi ilə necə diyirlənirlər, çünki hələ yeriməyi bacarmırlar; kor kimi hər şeyi arxalarınca necə aparırlar, çünki gözləri hələ görmür, –     bizim uşaqlar! Amma həmin məktəblərdəki uşaqlar kimi deyillər –        günlər keçir, uşaqlarsa həmin uşaqlar kimi qalırlar – yox, bütün vaxtı, fasiləsiz, nəhayətsiz başqadılar; uşaq dünyaya gələr-gəlməz onu arxadan bu çoxluqda, bu tələsiklikdə seçilməyən, səadətdən çəhrayılaşmış yeni, qəşəng uşaq sifəti sıxışdırır. Bütün bunlar nə qədər qəşəng olsa da, başqa xalqlar bizə nə qədər həsəd aparsalar da, biz təbii ki, öz körpələrimizə əsil uşaqlıq verə bilmirik. Bu isə qaçılmaz nəticələrə aparıb çıxardır. Yaşanmamış uşaqlığımız bizi yaşlı vaxtlarımızda da tərk etmir; özümüzdə olan yaxşı cəhətlərin əksinə –          bizim etibarlı, – praktiki dərrakəmizin – biz bəzən özümüzü heyrətamiz dərəcədə pis, uşaqlar kimi aparırıq – ağılsız, israfçı, dəmdəməki, alicənab oluruq və bütün bunları boş əyləncə naminə mənasızcasına və səbəbsiz edirik. Bunun bizə verdiyi sevinc qiymətli uşaq sevinci ilə müqayisəyə gəlməsə də, eyni hal bizim üçün də səciyyəvidi, Jozefina da dinləyicilərini məhz xalqdakı bu uşaq keyfiyyətinə səsləyir.
 
Bizdə gecikmiş uşaqlıq vaxtından əvvəl saralmaqla uyuşur-bizim uşaqlığımız və qocalığımız başqa xalqlarda olduğu kimi deyil. Biz cavanlıq nə olduğunu bilmirik, bir andaca yetişirik və uzanan yetkinlik bizim həyatsevər, ümumiyyətlə, yaşamağa qabil naturamıza yorğunluğun və ümidsizliyin hiss edilən möhürünü vurur; bəlkə də, musiqini sevməməyimiz bundan irəli gəlir; biz musiqi üçün çox qocayıq, musiqi ilə bağlı həyəcanlar, bütün bu coşqunluqlar və ruh yüksəklikləri bizdən ötrü ağırdı. Biz yorğun-arğın musiqini başdan edirik; özümüzü ciyildəməklə elə belə məhdudlaşdırmamışıq; təsadüfdən təsadüfə yüngülvari ciyildəmək — bizə ancaq bunlar lazımdı. Çox güman ki, bizim aramızdan da istedadlı musiqiçilər çıxır, amma bizim təbiətimiz elədi ki, onlar özlərini göstərməmiş qaçılmaz şəkildə səsləri batır.
 
Ürəyi istədiyi qədər oxumağı və ya ciyildəməyi — özü necə istəyir elə adlandırsın – biz Jozefınaya qadağan etmirik – onun ciyildəməyi bizə mane olmur, ürəyimizcədi, biz onu qəbul eləyirik, onun ciyildəməsində müəyyən musiqi elementi varsa da, hiss olunmayacaq dərəcədədi; beləliklə, müəyyən musiqi ənənəsi qorunub saxlanılır, amma bu ənənə bizə qətiyyən əziyyət vermir.
 
Jozefina isə bu özünəməxsus xalqa musiqidən artıq nəsə verir. Onun konsertlərində, xüsusən ağır vaxtlarda keçən konsertlərində incə sütül cavanlar müğənniyə maraq göstərirlər, bizim yalnız yeniyetmələrimiz heyrətlə Jozefınanın dodaqlarını necə büzməsinə, sədəf kimi qabaq dişlərinin arasından havanı necə üfürməsinə, öz ruladasından ehtizaza gəlib leş kimi yerə necə sərilməsinə və bundan yeni, daha anlaşılmaz ruh yüksəkliyi qazanmaq naminə hazırlaşmaq üçün necə istifadə etməsinə baxırlar. Dinləyicilərin böyük əksəriyyəti isə göründüyü kimi, özünə qapılır, Döyüş arası bu yığcam fasilədə xalq şirin xəyala dalır; elə bil hər biri yorğun əzələlərinə dinclik verir, sanki itaətkar zəhmətkeşə uzun fasilədən sonra geniş və isti yataqda istədiyi qədər uzanıb nazlanmağa imkan verilib, xalqın şirin xəyalına ən azı Jozefinanın ciyiltisi qarışır; qoy müğənni bunu trel adlandırsın, bizsə cırıltı adlandıraq, bunun əhəmiyyəti yoxdu, əsas məsələ budu ki, burada o, heç yerdə olmayan kimi yerindədi, musiqiyə nadir hallarda yerinə və vaxtında çatmaq xoşbəxtliyi nəsib olur. Bu musiqi nədəsə xalqa qısa, yoxsul uşaqlığını, itirilmiş, gedər-gəlməz xoşbəxtliyini xatırladır, eyni zamanda bu musiqidə indiki fəal həyatdan, onun xırda, inadkar, dərkedilməz, məhvedilməz nikbinliyindən nəsə var. Bütün bunlar gurultulu, uğultulu səslə yox, astadan, etibarlı pıçıltı, bəzən də xırıltılı səslə bəyan edilir. Təbii ki, bu ciyiltidi. Başqa cür necə ola bilər? Axı ciyilti bizim xalqın dilidi, bəzən biri ömrü boyu ciyildəyir, amma ciyildədiyini bilmir, indiki halında ciyilti gündəlik həyatın buxovlarından azaddır və bizi də qısa müddətə azad edir. Jozefinanın çıxışlarının bizi belə cəlb etməsi təəccüblü deyil və biz onun çıxışlarını buraxmamağa çalışırıq.
 
Amma Jozefinanın guya belə anlarda bizə yeni güc verdiyini deməsi və s. həqiqətdən uzaqdı. Mən sadə adamlardan danışıram, Jozefinanın yaltaqlarından yox. "Bəs necə! – onlar Özlərinə məxsus sırtıq inamla deyirlər. – Elə isə, tamaşaçı axınını, xüsusən də bizi təhlükə gözləyən vaxtlarda zalın adamla dolmasını necə izah edərsiniz? Məgər onun konsertinin şöhrəti zəruri ölçü götürməyimizə azmı maneçilik törədib!” Təəssüf ki, sonuncu fikir Jozefınaya başucalığı gətirməsə də, doğrudu, xüsusan də nəzərə almaq lazımdı ki, belə toplantılar düşmən tərəfindən qəflətən dağıdılanda və bizimkilərin çoxu həyatım qurban verəndə, onların qurban getmələrinin günahkarı, bəlkə də, ciyiltisi ilə düşməni tovlayan, amma həmişə ən təhlükəsiz yer seçən Jozefina məiyyətlərinin müdafiəsi altında tələm-tələsik aradan çıxmaq üçün bundan istifadə edir, heç kəs üçün sirr deyil ki, biz əvvəlki kimi indinin özündə də harada və nə vaxt çıxış etməsindən asılı olmayaraq, onun konsertinə axışırıq. Buradan belə nəticə çıxır ki, Jozefina bizdə qanundan yüksəkdə durur, hətta ümumi təhlükəsizliyimizin ziyanına olsa belə, onun ürəyi istəyəni eləməyə icazəsi var, hər şeyi ona bağışlamaq olar. Belə olsaydı, Jozefinanın iddiaçılarını başa düşmək olardı: xalqın ona bəxş etdiyi azadlıqda, bu qeyri-adi, başqaları üçün ağlasığmaz, mövcud qanunlarla uyuşmayan halda belə bir etiraf yerinə düşərdi ki, Jozefinanın özünün də yorulmadan təkrarladığı kimi, xalq onu başa düşmür; xalq yalnız onun səsindən köməksizcəsinə vəcdə gəlir və özünü ona layiq saymadığından bu incikliyin əvəzini eşidilib-görünməmiş payla çıxmaq istəyir: Jozefinamn sənəti onun anlama qabiliyyətindən üstün olduğu kimi, xalq da bu xanımı özünün nəzarətindən və hökmündən kənarda saxlamaq istəyir. Amma bunu heç yada salan da yoxdu: ola bilsin ki, xalq hansı məsələdəsə Jozefinaya təslim olur, amma xalq heç kəsə qeydsiz-şərtsiz təslim olmur, o cümlədən Jozefinaya.
 
Lap əvvəllərdən, təxminən özünün müğənnilik kariyerasının başlanğıcından Jozefina çalışır ki, oxumağına qarşı yönəlmiş diqqət onu hər cür işdən azad etsin, qoy onu ruzi qayğısından, yaşamaq uğrunda mübarizə ilə bağlı bütün məsələlərdən xilas etsin. Qoy etsin! Görünür, onun əvəzinə xalq işləyir. Belə tələbin və ovqatın qeyri-adiliyindən sınmış belə tələbi başa düşməyə qadir, coşqun və həssas şəxsiyyətlər – belələri bizdə də olub – çox güman ki, bunu qanuni saya bilərdilər. Xalq isə əvvəlki xalq deyil – xalq müəyyən nəticəyə gəlir və sakitcə bu tələbləri qulaqardına vurur. Xalq özünü hətta Jozefinanın dəlillərini təkzib etmək əziyyətinə də salmır. Məsələn, Jozefina sübut edir ki, işlə bağlı gərginlik onun səsinə ziyandı; oxumaqdan yorucu olmayan iş hətta konsertdən konsertə dincəlmək və yeni konsertə hazırlaşmaq imkanını əlindən alır – bütün bunların hamısı bir yerdə onu taqətdən salır və istedadının genişlənməsinə aman vermir. Xalq bütün bunları eşidir, amma maraq göstərmir. Bəzən xalq elə sərtliklə etirazını bildirir ki, hətta Jozefina da karıxıb qalır; müğənni sanki təslim olur, tələb olunan kimi işləyir, bacardığı kimi oxuyur, amma çox dözə bilmir – bir də görürsən ki, Jozefina yeni güclə mübarizəyə başlayır, görünür, bu sahədə onun gücü tükənməzdi.
 
Belə məlum olur ki, Jozefinaya əslində öz sözlərinə görə, iddiasında olduğu da lazım deyil. Ağıllı bir insan kimi müğənni işdən boyun qaçırtmır, bizim camaat tənbəllər haqqında heç nə eşitməyib; Jozefina hətta istəyinə çatsaydı da, həyat tərzini dəyişməzdi, iş onun oxumağına mane olmazdı, eyni zamanda indi oxuduğundan yaxşı oxumazdı; ona yalnız sənətinin şübhə doğurmayan, əbədi əhəmiyyətinin etiraf olunması lazımdı, elə etiraf ki, indiyəcən mövcud olan etirafların hamısını bu mənada ölçüyəgəlməz dərəcədə üstələsin. Bütün digər nemətlər Jozefinaya mümkün göründüyü halda, buna heç cür nail ola bilmir. Bəlkə də müğənni lap əvvəldən başqa istiqamətdə mübarizə aparmalı idi; bəlkə də onun özü öz səhvini başa düşüb; amma onun üçün geriyə yol bağlıdı, geriyə çəkilmək gecdi, bu, özündən imtina etmək demək olardı. Jozefina istər-istəməz bununla ölməliydi, yaxud da qələbə çalmalıdı.
 
Özünün inandırmağa çalışdığı kimi, əgər Jozefinarnın, həqiqətən düşmənləri vardısa, onlar barmaqlarını qımıldatmadan istehza ilə bu mübarizəni müşahidə edə bilərdilər. Amma o, düşmənsizdi, kiminsə ona etiraz etməsinin isə elə bir əhəmiyyəti yoxdu: bu mübarizə bütövlükdə heç kimə nəşə vermir. Bu mübarizədə xalq ona xas olmayan və bizdə nadir hallarda müşahidə edilən ehtirassız, hakim mövqeyi tutur. Hətta kimsə bu qeyri-tipik halda xalqın mövqeyini təqdir edəndə də belə bir şeyin onun başına gələ biləcəyi fikri bütün sevincinə zəhər qatır. Jozefinanın tələblərində olduğu kimi, xalqın etirazında da məsələnin mahiyyətindən deyil, xalqm qəflətən öz oğullarının birindən kar, keçilməz divarla ayrılmağından, bu yaxınlaracan fədakarlıqla – ata kimi deməsək – onun qayğısını çəkdiyindən söhbət gedir.
 
Əgər bu xalq yox, ayrıca bir insan olsaydı, onu şübhəli bir oyun oynamaqda suçlandırmaq olardı: o, guya ki, gözdən pərdə asmaq üçün Jozefinaya güzəştə gedibdi, bununla da günlərin bir günü hər cür imtiyazlara son qoymaq istəyini ört-basdır edibdi; xalq gec-tez onlara bir hədd qoymaq meyli ilə buna gedirdi, lazım olduğundan daha çox güzəştə gedirdi ki, işi sürətləndirsin – daha doğrusu, Jozefina daha da ərköyünləşdirməklə, onu yeni-yeni şıltaqlıqlara cəlb etməklə onun sonuncu tələbini də gözləsin və o vaxt, hazırlaşdığı kimi, müğənnini qətiyyətlə yerində oturtsun. Əslində belə bir şey yoxdu: xalqa belə kələklər lazım deyil, hələ onu deməyə ehtiyac yoxdu ki, xalq həqiqətən Jozefinaya ehtiram bəsləyir və ehtiramım dəfələrlə sübut edibdi; digər tərəfdən Jozefınanın tələbləri elə mənasızdı ki, bu tələblərin nə ilə qurtaracağını uşaq da qabaqcadan deyə bilərdi. Ola bilsin ki, belə gümanlar Jozefınanın özünə də yad deyil və onun incikliyinə xüsusi acıqlıq verirdi.
 
Belə gümanlar Jozefinaya yad olmasa da, müğənni mübarizəsini hər halda dayandırmır. Son vaxtlar mübarizə hətta kəskinləşmişdir, bu mübarizə indiyəcən sözlə çəkişmə xarakteri daşıyırdısa, indi bizim məşhur aktrisamız, fikrinə görə, daha əməlli təsir göstərən vasitələrə əl atır, bu vasitələr isə bizim nəzərimizdə onun özü üçün daha çox təhlükə törədir.
 
Bir sıra müşahidəçilərin fikrincə, Jozefina ona görə qətiyyətlə hərəkət etmək qərarına gəlib ki, qocalığın qapının ağzını kəsdirdiyini duyur, səsini itirir, deməli, etirafı naminə sonuncu döyüşə girmək vaxtı çatıbdı. Şəxsən bu, məni inandırmır. Belə olsaydı, Jozefina Jozefina olmazdı. Ondan ötrü nə qocalıq var, nə də səsini itirmək təhlükəsi. Əgər Jozefina nə üçünsə əlləşib-vuruşursa, onu buna daxili ardıcıllıq, özünə sadiqlik vadar edir. Jozefina ali çələngə ona görə can atmır ki, çələng təsadüfən alçaqdan asılıbdı, ona görə can atır ki, çələng ən ali məqamdadı: ondan asılı olsaydı, çələngi daha yüksəkdən asardı.
 
Zahiri çətinliklərə belə nifrət onun ən pis vasitələrə əl atmasına mane olmur. Jozefina özünün hüquqlarına şübhə etmir, deməli, hüquqlarına necə nail olmaq məsələsinin onun üçün heç bir fərqi yoxdu, xüsusən də bu işıqlı dünyada, onun fikrinə görə vasvasıçılıqla uzağa getmək olmaz. Bəlkə də, elə buna görə, müğənni mübarizəsini oxumaq sahəsindən başqa, özü üçün bir o qədər əhəmiyyətli olmayan sahəyə köçürür. Onun istedadının pərəstişkarları Jozefinanın sözlərini təkrarlayırlar ki, guya müğənni elə oxumaq gücündədi ki, ən gizli müxalifətə kimi xalqın bütün təbəqələri həqiqi nəşə – indiyəcən aldıqları nəşədən yox, Jozefinanın onlar üçün istədiyi nəşəni ala bilərlər. Amma Jozefina onu da əlavə edir ki, alini alçaltmaqla və göz yummaqla onun işi yoxdu, buna görə də qoy hər şey olduğu kimi qalsın. Onun işdən azad olmaq mübarizəsi isə başqa məsələdi; doğrudur, o, bu mübarizəni də incəsənət adından aparır, halbuki mübarizəsini incəsənətin qiymətli vasitələrilə aparır, çünki belə adi mübarizə üçün bütün vasitələr yaxşıdı.
 
Belə şayiə yayıldı ki, qayğısına qalmasalar guya Jozefina öz koloraturasını ixtisar etmək qəsdindədi. Şəxsən mənim heç bir koloraturadan xəbərim yoxdu. Mən onun oxumasında heç bir koloratura görməmişəm. Sən demə, Jozefina koloraturadan tam imtina etmək niyyətində deyil, hələlik ancaq qısaltmaq istəyir. Jozefina hətta hədəsini yerinə yetirdi, halbuki mən oxumasında heç bir dəyişiklik görmədim. Xalq ona həmişəki kimi qulaq asırdı, koloratura heç kimin yadına düşmürdü. Jozefinanın tələblərinə münasibət də dəyişməz qalmışdı. Amma Jozefina həm zahiri görkəm, həm də natura baxımından məlahətdən məhrum deyildi, Koloratura ilə əlaqədar qərarlarının xalq üçün həddindən artıq sərt və ya həddindən artıq gözlənilməz olduğu deyəsən, birdən yadına düşən Jozefina həmin konsertdən sonra söz verdi ki, bütün toxunmazlığı ilə öz koloraturasına qayıdacaq. Amma sonralar konsertdən sonra yenidən götür-qoy edib elan elədi ki, onun üçün münasib qərar qəbul olunana kimi koloraturadan birdəfəlik imtina edir. Xalq bu gün bu bəyanatları, qərarları, eks-qərarları qulaqardına vurur. Fikirlərə qərq olmuş yaşlı adam uşağın dil-dil ötməsinin beləcə fərqinə varmır: uşaq həmişəki kimi onu rəhmə gətirmək istəyir, o isə uşaqdan çox-çox uzaqdı.
 
Jozefina isə təslim olmur, müğənni bu yaxınlarda elan elədi ki, işdə ayağını zədələyib və ayaq üstə oxuya bilmir. Müğənni isə həmişə ancaq ayaq üstə oxuyub, buna görə də mahnını ixtisar etmək məcburiyyətindədi. Doğrudu, müğənni azca axsamağa başladı, tamaşaçıların qarşısına pərəstişkarlarının köməkliyi ilə çıxdı, onda heç kəs ona inanmadı. Onun zəif əndamının hissiyyatlı olduğunu təsəvvürümüzə gətirsək də, unuda bilmərik ki, biz işçi xalqıq, Jozefinamn qanı qanımızdan, canı canımızdandı; əgər biz hər xırda sıyrıntıya, cırmağa fikir versəydik, onda bütün xalqın işi gecə-gündüz axsamaq olardı. Doğrudu, Jozefinanı əlil kimi eldə gətirirdilər, müğənni bu görkəmdə həvəslə tamaşaçıların qarşısına çıxırdı, bütün bunlar proqramın qısaldılmasından incimədən bizim heyranlıqla ona qulaq asmağımıza mane olmurdu.
 
Amma əbədi axsamaq olmaz və Jozefina yeni səbəblər fikirləşib tapırdı: yorulubdu, ovqatı çox pisdi, ruhi düşkünlük içindədi. Konsertlə yanaşı bizə belə tamaşalar da verilirdi. Jozefinanın arxasınca məiyyətləri gəzişirdi, oxuması üçün onu dilə tuturlar, ona and verirlər. Oxumağa çox şad olardı, amma oxuya bilməz. Jozefinaya yaltaqlanırlar, ona təskinlik verirlər, az qala əllərində ondan ötrü hazırlanmış yerə aparırlar. Səbəbsiz göz yaşlan tökən Jozefina yola gəlir, sonuncu gücünü toplayıb oxumağa cəhd göstərir – başıaşağı dayanıb durur, əllərini yana açmağı unudur və yalnız həyat əlaməti olmadan bədəni boyu sallayır, belə təsəvvür yaranır ki, onun qolları gödəkdi — beləliklə, o oxumağa çalışır, amma əbəs yerə, onun başı sinəsinə düşür və bütün tamaşaçıların gözü qarşısında müğənni huşunu itirir, sonra isə özünü toplayıb, heç nə olmamış kimi oxumağa başlayır, hətta mən deyərdim ki, həmişəkindən pis oxumur; ancaq həssas, ən xırda çaları belə tutan duyumlu adamlar bizim gözəl müğənnimizin qeyri-adi həyəcanım hiss edə bilirlər, bundan isə onun oxumağı ancaq qazanır. Di gəl ki, proqramın axırına yaxın yorğunluqdan əsər-əlamət qalmır: o, pərəstişkarlarının köməyindən imtina edərək qəti yerişlə çıxıb gedir və soyuq, sınayıcı baxışlarla ehtiramla ona yol verən kütləni süzür.
 
Bu yaxınlara kimi beləydi; bu günlərdə isə bəlli oldu ki, Jozefina növbəti konsertə gəlməyibdi. Onu yalnız pərəstişkarları axtarmır, pərəstişkarlar köməkçilər sarıdan korluq çəkmirlər, amma əbəs yerə – Jozefina yoxa çıxdı, o daha oxumaq istəmir, hətta istəmir ki, ondan oxumağım xahiş eləsinlər, bu dəfə Jozefina bizi, həqiqətən, tərk elədi.
 
Bizim bu ağıl dağarcığımızın belə səhvi qəribədi, bu hətta səhv də deyil; o, hər şeyə tüpürüb taleyinin hökmünə boyun əyir, onun taleyisə bizim dünyamızda ancaq və ancaq çox kədərli ola bilər. Oxumaqdan onun özü imtina edir, dinləyicilərinin qəlbində qazandığı hökmü özü dağıdır. Bu hökmü o necə qazanmışdı, axı dinləyicilərin qəlbi onun üçün əlçatmazlıq idi! Jozefina gizlənir və oxumur, hakim xalq dilxorçuluğu heç nə ilə aşkarlanmayan, zahiri tərəfin nə deməsindən asılı olmayaraq, pay, hətta həmin Jozefınanın özündən pay almağı yox, əzməyi bacaran sarsılmaz kütlə-xalq öz yolu ilə getməyindədi.
 
Jozefina isə aşağı diyirlənməyə məhkumdu. Onun axırıncı ciyiltisinin səslənəcəyi və həmişəlik susacağı ana az qalıb, Jozefina bizim xalqın əbədi tarixində xırdaca bir epizoddu ve xalq bu itkini də yaşayacaq. Bu, bizim üçün asan olmayacaq, bəs qəbiristanlıq lallığında keçirdiyimiz yığıncaqlarımız nəyə çevriləcək? Məgər onlar Jozefina ilə də lal deyildilərmi? Məgər onun ciyiltisi xatirələrimizdə yaşayacağından canlı və gurultulu deyildimi? Məgər bu ciyilti onun sağlığında xatirədən başqa bir şey deyİldimİ? Bizim xalq müdrikcəsinə onun oxumasını ona görə belə qiymətləndirmirdimi ki, müğənninin oxumağı bu mənada itkiyə çevrilmirdi?
 
Hər halda biz Jozefinasız keçinə biləcəyik. Jozefınaya gəlincə, işıqlı dünyanın, onun fikrincə, seçilmiş adamlara hazırlanmış əzablarından xilas edilmiş müğənni sevinclə bizim qəhrəmanlar toplusuna qarışaraq bizdə hörmət kəsb etmədiyindən tezliklə öz həmkarları ilə birlikdə unudulacaq.
 
1924-cü il
 
Tərcümə: Arif Əmrahoğlu
 

www.ann.az

Xəbər lenti