E-kitab: L.N. Tolstoy - Patriotizm və hakimiyyət

E-kitab: L.N. Tolstoy - Patriotizm və hakimiyyət



Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun "Patriotizm və hakimiyyət” adlı məqaləsini Araz Gündüzün tərcüməsində təqdim edirik. Tolstoyun bu essesi bu mövzuda yazılan ən şedevr əsərlərdən biri sayılır...
 
 
 
I

Bu sözümü artıq bir neçə dəfə dilə gətirmişəm: patriotizm yaşadığımız çağın qeyri-təbii, ağılsız, ziyanlı bir özəlliyidir və o, bugünümüzdə insanlığa ağrı-acılar yaşadan bir gerçəkliyə çevrilmişdir, mən bugün insanlığın patriotizm ruhunda tərbiyə olunmasına qarşıyam və bu duyğunun bütün mümkün olan yollarla sıxışdırılıb aradan qaldırılmalı olduğunu doğru sayıram. Ancaq çox qəribədir, xalqı kütləvi silahlanma və sarsıdıcı müharibələrlə üzüb əldən salmağa gətirib çıxaran bu duyğunun yaramazlığı açıq-aydın görünsə də, patriotizmin–geriçi, vaxtı keçmiş və ziyanlı bir insani özəllik olması ilə bağlı irəli sürdüyüm bütün dəlillər indiyədək ya susqunluqla, ya da bilərəkdən olan bir anlamazlıqla qarşılanmışdır, yaxud da bununla bağlı yalnız biri-birinə oxşar olan etirazlar eşitmişəm: deyirlər, yalnız ağılsız vətənpərvərlik, cinqoizm (aşırı milliyətçilik), şovinizm ziyanlıdır, yaxşı və əsl patriotizm isə çox yüksək mənəvi dəyərlərdən qaynaqlanan duyğudur və onu danmaq, yaxud da pisləmək təkcə elə ağılsızlıq deyil, həm də cinayətdir. Ancaq bu sözləri deyənlərdən əsl və yaxşı patriotizmin nə demək olduğunu soruşanda onlar ya susurlar, ya da bu sorğuya aydınlıq gətirmək yerinə çoxsaylı şişirdilmiş və bəzəkli sözlərlə baş qatmağa çalışırlar, yaxud da bizim hamımızın nə olduğunu yaxşı bildiyimiz və amansız ağrı-acılarına dönə-dönə tuş olduğumuz bu patriotizmin yerinə, onunla heç bir bağlılığı olmayan hansısa anlaşılmazlığı mənə sırımağa çalışırlar.   
Patriotizmə arxa durmaq istəyənlər adətən belə deyirlər: əsl, yaxşı patriotizm, başqa xalqların pisliyini istəmədən, öz xalqı və dövləti üçün ən yaxşı şeyləri arzulamaqdır.
Bugünlərdə bir ingilislə indiki müharibədən danışarkən mən ona dedim: bu müharibənin başlıca səbəbi heç də adətən göstərildiyi kimi eqoist məqsədlər deyil, bütün ingilis toplumunun yoluxduğu patriotizm ovqatıdır. İngilis mənimlə razışlamayıb dedi: sizin dediyiniz kimidirsə, onda indi ingilisləri ilhamlandıran bu patriotizm ağılsız patriotizmdir; yaxşı patriotizm isə mənim yurddaşlarım olan ingilislərə bütün ağılısızlıqlardan çəkinməyi aşılayır.
–Siz ingilislərdən başqa yerdə qalan xalqların da ağılsızlıqlardan çəkinməsini istəməzdinizmi? – deyə, mən ondan soruşdum.
–Mən bunu bütün xalqlara arzulayıram! – deyə o cavab verdi, ancaq o, bu cavabı ilə özü-öz dediyini danmış olurdu, axı gerçək yaxşılıqların mənəvi, elmi, praktiki, lap texniki dəyərlər olmasından asılı olmayaraq, onların bütün insanlığın arasında yayılmasını arzu eləmək doğrudursa, onda bu artıq patriotizm deyil, onun inkarı deməkdir.   
Eləcə də, patriotizmin qorucularının bilərəkdən başqa xalqlara sırımaq istədikləri özəlliklər də patriotizm sayıla bilməz. Onlar öz düşüncələrini belə doğrultmağa çalışırlar: hər bir xalqın özünəməxsus xüsusiyyətləri bütövlükdə insanlığın tərəqqisini şərtləndirən zəruri amillərdir və ona görə də, patriotizm xalqları tərəqqiyə aparan bu özünəməxsusluqları saxlamağa çalışdığı üçün çox yaxşı və yararlı bir duyğudur. Yəni doğrudanmı aydın deyildir: xalqların adətləri, inancları, dilləri haçansa insanlığın yaşaya bilməsi üçün zəruri amillər idisə, indi də bu özünəməxsusluqlar insanların anlamağa başladıqları: bütün xalqların qardaşlaşması, biri-birinə qovuşması idealının qarşısını alan maneəyə çevrilir? Elə buna görə də, rus, alman, fransız, ingilis xalqlarının özünəməxsusluqlarını qorumağa çalışması, yalnız macar, polyak, irland xalqlarının da özünəməxsusluğunu qorumağa canatmasına gətirib çıxarmır, habelə bu proses bask, provansal, mordva, çuvaş və bir çox başqa xalqlarında arasında yayılmağa başlayır və insanları yaxınlaşdırmaq, birləşdirmək yerinə onları getdikcə daha çox biri-birindən uzaqlaşdırır, yadlaşdırır və ayırır.
Beləliklə də, uydurulan yox, gerçək patriotizm, yəni bizim tanıdığımız patriotizm, indiki çağımızda, insanların böyük çoxluğunu öz təsiri altına salan bir duyğu olmaqla insanlığı çox ağır əzablara salmaqdadır və o, öz xalqına mənəvi özəlliklər diləmək kimi də dəyərləndirilə bilməz (axı yalnız öz xalqına mənəvi özəlliklər diləmək istəyi doğru yanaşma deyildir), habelə xalqların özünəməxsusluğu da sayıla bilməz (axı özünəməxsusluq bir özəllikdir, duyğu deyildir)–bir sözlə, bu patriotizm, açıq-aydın göründüyü kimi, öz xalqını və dövlətini bütün başqa xalq və dövlətlərdən üstün tutmaqdır, yaxud da, öz xalqı və dövləti üçün ən yüksək dolanışıq və güc arzulamaqdır, bu isə başqa xalq və dövlətlərin dolanışıq və güclərinə ziyan vurmadan başa gələn bir iş deyildir.     
Açıq-aydın göründüyü kimi, patriotozm çox zərərli və yaramaz bir duyğudur; o, elə bir təlim kimi də, olduqca böyük anlamazlıq sayılmalıdır, axı bu təlimə arxalanan hər bir xalq və dövlət özünü bütün başqa xalq və dövlətlərdən üstün sayacaqsa, onda bu təlimə inanıb yaşayan xalqlar və dövlətlər hamısı doğru yoldan azıb kobud və ziyanlı sonuclara aparıb çıxaracaq bir yola düşəcəklər.

II

Adama elə gəlir, patriotizmin yamanlıqların qaynağı və ağılsızlıq olduğu gərək bütün sağlam düşüncəli  insanlar üçün aydın olsun. Ancaq çox təəcüblüdür, oxumuş və ağıllı insanlar bunu nəinki özləri görə bilmir, üstəlik, çox böyük tərslik və qızğınlıqla–sözsüz, heç bir əqli dəlilə əsaslanmadan–patriotizmin yamanlıq və ağılsızlıq olması ilə bağlı deyilənləri danmağa çalışırlar və onun yaxşı və üstün bir duyğu olduğunu deyib onu öyməyə davam eləyirlər.
Bu nə üçün belədir?
Görünür, bu əcaib olaya aydınlıq gətirmək də mənim burada görməli olduğum işlərdən biri olacaqdır. İnsanlığın çox-çox keçmişlərdən başlayaraq, bugünədək gəlib çıxan tarixinə, ayrıca götürülmüş insanların və birtürlü insanlar topluğunun–aşağı səviyyəli ideyalardan yüksək ideyalara doğru inkişafı kimi də baxmaq olar. 
Ayrı-ayrı insanların, eləcə də bu birtürlü insanlar topluğunun keçdiyi yolu pillələrlə qalxmağa da bənzətmək olar və bu pillələrin ən aşağısında insanın heyvanlarla bir səviyyədə olduğu dönəm dayanırsa da, onun ən yüksək pillələrini, indiki tarixi dönəmdə, insanların şüurca yüksəlişi ilə bağlamaq olar. 
Ayrıca götürülmüş hər bir insan, habelə, xalq və dövləti təmsil eləyən birtürlü insanlar topluğu həmişə bu dediyimiz pillələrlə yuxarı qalxmışdır. Bu irəliləyişin gedişində insanlığın bir hissəsi daha yuxarı pillələrə qalxır, bir başqaları çox geridə qalır, çoxluqda qalan üçüncülər isə ortada addımlayırlar. Ancaq hansı pillədə dayanmasından asılı olmayaraq, onların hamısı qaçılmaz olaraq və dayanmadan aşağı səviyyəli ideyalardan daha yüksək ideyalara doğru irəliləyirlər. Eləcə də həmişə, bütün dönəmlərdə, istər ayrıca götürülmüş insanlar, istərsə də bu, birtürlü insanlar topluğu olsun, onlar irəlidə, ortada və arxada gəlməklə bağlı olaraq, hansısa bir ideyanın üçpilləliyini doğuraraq, bu pillələrdən birini keçməkdə olurlar.
Həmişə istər ayrıca götürülmüş, istərsə də birtürlü  topluq yaratmış insanlar üçün artıq keçmişdə qalmış, öz ömrünü başa vurmuş və yadlaşmış olan ideyalar da olur və insanlar bir də bu ideyalara qayıda bilmirlər, örnək üçün, bizim yaşadığımız xristian dünyasında–insan əti yemək, kütləvi talançılıq, qızqaçırma, habelə, bunun kimi ideyalar indi yalnız xatirələrə çevrilərək yaşamaqdadır; bir də var çağdaş ideyalar və bunlar insanlara tərbiyə yolu ilə aşılanır, onlar bugünümüzdə, yanyörədə bu ideyaya bağlı olan çoxluğun örnəyində öz yerlərini bərkidirlər, bunlara örnək olaraq: xüsusu mülkiyyətin toxunulmazlığı, dövlət quruluşu, ticarət, ev heyvanlarından yararlanmaq kimi ideyaları göstərmək olar. Bundan başqa, gələcəyin ideyaları da vardır və onlardan bir çoxu indi gerçəkləşməyə çox yaxındır və getdicə daha çoxsaylı insanların öz yaşamlarını bu ideyalara uyğunlaşdırıb dəyişdirməsini zəruri eləyir, çağdaş günümüzdəki: fəhlə sinfinə azadlıqlar verilməsi, qadınların hüquq bərabərliyinə çatması, ət yeyilməsinin aradan qaldırılması və bu kimi başqa ideyalar insanlar tərəfindən dərk olunsalar da, ancaq bütün bu ideyalar, indilikdə, keçmişdən qalma yaşam formaları ilə kəskin savaş dönəminə keçməmişlər.
Bugünümüzdəki ideyaların irəli sürdüyü ideallar isə belə səslənir: zorakılıq aradan qaldırılsın, mülkiyyət ümumiləşdirilsin, insanlar vahid bir dini inanca gəlsinlər, insanlar bütünlüklə qardaşlaşsınlar.
Buna görə də, istənilən insan və istənilən birtürlü insanlar topluğu hansı pillədə dayanmasından asılı olmayaraq, özündən arxada: yaşanmış keçmişlə bağlı xatirələri, öndə isə: gələcəyin idealı olmaqla–həmişə bugünün yaşanmış və vaxtı keçmiş ideyaları ilə bugünə sirayət eləyən gələcəyin ideallarının savaşı arasında olur. Adətən belə də olur: keçmişdə yararlı, hətta zəruri olan bir ideya indi yararsız və artıq bir yükə çevrilir, habelə, ya qısa, ya da uzun çəkən bir savaşdan sonra bu ideya öz yerini yeni bir ideyaya verməli olur və bu yeni ideya artıq bugünün ideyasına çevrilir.      
Ancaq bir də görürsən belə də olur: ömrünü başa vurub insanların şüurunda yenisi ilə əvəz olunmağa başlayan köhnə ideyanın aradan qalxmaması, öz təsirini saxlaması, toplumda yüksək nüfuz yiyəsi olan kimsələr üçün yararlı olur. Bu durumda, vaxtı keçmiş ideya yaşamın quruluşunda baş vermiş münasibətlər sistemi ilə kəskin uyuşmazlıq yaratmasına baxmayaraq, insanların düşüncələrinə və davranışlarına təsir eləməkdə davam eləyir. Vaxtı keçmiş ideyaların aradan qalxmasının ləngiməsi dini oblastda özünü daha çox göstərməkdədir. Bunun başlıca səbəbi isə, vaxtı keçmiş bu dini ideyaların öz yararlarına işlədiyini anlayan ruhanilərin, əllərində toplaya bildikləri hakimiyyətdən yararlanaraq, insanların düşüncələrini bilərəkdən bu vaxtı keçmiş ideyalara bağlayıb saxlamasıdır.
Dövlətçiliyin yer aldığı oblastda, patriotizmlə bağlı da, elə bu səbəbdən, belə bir durum yaradılır və demək olar, hakimiyyətlərin hamısı bundan eyni dərəcədə yararlanmağa çalışırlar. Heç bir anlamı, yararı qalmamış bu ideyanı ondan xeyir götürə bilən insanlar süni surətdə yaşatmağa çalışırlar. İnsanlar üzərində çox böyük təsir imkanlarına yiyələndikləri üçün də onlar demək olar həmişə bunu bacarırlar. 
Ona görə də, mən bu çox əcaib ziddiyətə aydınlıq gətirmək istəyirəm, bu ziddiyət isə çağdaş günümüzdə xristian dünyasının şüurunda oturuşmağa başlayan yeni ideyalarla, vaxtı keçmiş patriotizm ideyasının qarşıdurmasından yaranmışdır. 

III

Patriotizm, yalnız və yalnız öz xalqını sevmək duyğusudur və o bir təlimə çevrilərək, insanlara öz dincliyini, əmlakını, hətta ömrünü qurban vermək bahasına olsa belə, zəifləri güclü düşmənin basqısından və zorakılığından qorumaq özəlliyini aşılamışdır, habelə, o, istənilən bir xalqın özünün xeyri və qüdrəti üçün başqa xalqlardan olan insanları əzməsinin və talamasının mümkün və ədalətli sayıldığı çağların yüksək ideyası olmuşdur; ancaq təxminən  2000 il bundan öncələrdən başlayaraq, insanlığın içində yetişmiş müdrik kimsələr insanların hamılıqla qardaş olması kimi yüksək bir ideyanı anlamağa başlamışlar və bu ideya getdikcə daha çox şüurlarda özünə yer eləyərək çağdaş günümüzdə ən müxtəlif formalarda özünü gerçəkləşdirməyə başlamışdır. Məlumatların daha asan yollarla və yeyinliklə yayılmağa başlaması, vahid sənaye, ticarət, incəsənət və bilik şəbəkəsinin yaranması ilə, bugünkü insanlıq çox sıx tellərlə biri-birinə bağlandığından, indi qonşu xalqlar tərəfindən baş verə biləcək gözlənilməz, basqınların, qanlı savaşların, zorakılıqların olması qorxusu büsbütün aradan qalxmışdır və bütün xalqlar (mən burada hökümətlərdən yox, yalnız xalqalardan danışıram!) barış içində yaşayır, biri-biri üçün qarşılıqlı yararlığa əsaslanan ticarət, sənaye və elmi aldım-verdim ilişkiləri saxlayır və bu ilişkilərin pozulmasının onlar üçün heç bir anlamı və səbəbi də yoxdur. Buna görə də, insanların şüuruna hopmuş bu, bütün xalqların qardaşlığı ideyasının yayılması ilə, vaxtı keçmiş patriotizm duyğusunun artıq bir şeyə çevriləcəyini və tədricən büsbütün yox olacağını düşünmək olardı. Ancaq bəlli olduğu kimi, indi bunun büsbütün əksi baş verir: bu ziyanlı və vaxtı keçmiş duyğu nəinki qalmaqda davam eləyir, hətta getdikcə daha çox qızışmağa başlayır.            
Xalqlar heç bir ağlabatan məntiqə əsaslanmadan, öz şüurlarının və yararlarının əksinə gedərək, nəinki öz hakimiyyətlərinin başqa xalqların üzərinə basqın eləməsini, özgə torpaqlarını mənimsəməsini və bütün bunları zor işlədərək davam elətdirməsini bəyənir və dəstəkləyir, habelə, onlar belə basqınları özləri də öz hakimiyyətlərindən tələb eləyir və bütün bu baş verən zorakılıqlara sevinir, onlarla öyünürlər. Böyük dövlətlərin basqısı altına düşmüş polyaklar, irlandlar, çexlər, finlər, ermənilər kimi azsaylı xalqlar da onları əsarətə salan xalqların patriotizmindən qıcıqlanaraq, özləri də, bu, xalqları əzmək vasitəsinə çevrilmiş, vaxtı keçmiş, gərəksiz, anlamsız və ziyanlı patriotizm duyğusuna qapılmışlar və özlərindən güclü olan xalqların patriotizmindən zərər çəkən bu kiçik xalqlar da, gücləri çatan başqa xalqlara qarşı, eyni ilə onları basqıda saxlayan xalqların patriotizmi tərzində davranmağa hazırdırlar.   
Bunun başvermə səbəbi isə, hakimiyyətdə olan siniflərin (bu ad altında heç də hökumət və onun məmurları anlaşılmamalıdır, toplumda çox mənfəətli mövqelər tutan: kapitalistlər, jurnalistlər, yaradıcılıqla və elmlə məşğul olan adamların çoxu da bu sıradandır) özlərinin xalqla müqayisədə çox yararlı olan mövqelərini qoruyub saxlaya bilmələri üçün patriotizmin köməyi ilə qorunan mövcud dövlət quruluşunu nəyin bahasına olursa olsun, yaşatmağa cəhd eləmələridir. Əllərində xalqa təsir eləyə bilməyin çox güclü vasitələri olan bu siniflər, özlərində və başqalarında, arası kəsilmədən, patriotizm duyğularını alovlandırırlar, axı dövlət hakimiyyətinin qorunub saxlanması üçün çox gərəkli olan bu duyğunun yaşamasından ən böyük mükafatı da elə hakimiyyət özü alır.  
İstənilən məmur daha çox patriot olduqca daha da yüksək mənsəb qazana bilir; eləcə də, hərbçilər yalnız patriotizmin doğura bildiyi müharibələrdə öz karyeralarını artıra bilirlər. 
Patriotizm və onun doğurduğu sonuc olan müharibə qəzetçilərə və o sıradan bütün alverçilərə də çox böyük qazanclar gətirir. İstənilən yazıçı, müəllim, professor nə qədər çox patriotizmi təbliğ elyirsə, o qədər də çox öz dolanışığını yaxşılaşdıra bilir. İstənilən imperator, kral, özünün patriotizmə bağlı olduğunu daha çox gözə çarpdırdıqca, daha böyük şöhrət qazanır.  
Hakimiyyətdə olan siniflərin bu işi gerçəkləşdirmək üçün əllərində ordu, pul, məktəb, din, mətbuat kimi çox güclü vasitələri vardır. Məktəblərdə onlar tarix dərsinin köməyi ilə uşaqlarda patriotizm duyğusunu alovlandırırlar, burada uşaqlara onların mənsub olduqları xalqın bütün başqa xalqlardan yaxşı və bütün gördüyü işlərdə həmişə haqlı olduğu aşılanır; yaşlı insanlarda isə bu duyğunu müxtəlif tamaşalarla, təntənəli mərasimlərlə, tarixi abidələrlə, patriotizm duyğusunu körükləyən yalançı mətbuatla qızışdırırlar; ən başlıcası isə, başqa xalqlara qarşı çoxsaylı ədalətsizliklər və amansızlıqlar eləyən hakimiyyət bu xalqlarda öz xalqına qarşı yağılıq duyğusu yaradır, sonra isə onların bu yağılıq duyğusundan öz xalqını, bu xalqlarla yağılaşdırmaq üçün yararlanır. 
Bu qorxunc patriotizm duyğusunun qızışdırılması Avropa ölkələrinin xalqları arasında çox böyük bir sürətlə artaraq yayılmış və bizim günlərdə artıq gəlib dözülməz bir həddə çatmışdır. 

IV

Hamının, o sıradan bugünümüzdə yaşayan çox da yaşlı olmayan adamların da yaddaşında yaşayan bir hadisəni xatırlatmaq istəyirəm, bu hadisənin gedişində xristian dünyasının adamları, patriotizm vasitəsi ilə, ağılsızlıq olduğu açıq-aydın görünən bir avantyuraya  sürüklənmişdilər.
Almaniyanın hakim sinifləri xalq kütləsinin patriotizm duyğularını ən yüksək həddə qədər qızışdırandan sonra, XIX yüzilliyin ikinci yarısında ölkənin bütün adamlarının əsgər sayılması ilə bağlı qanun qəbul eləmişdilər; bütün oğlan uşaqları, kişilər, atalar, alimlər, ruhanilər insan öldürməyi öyrənməli və ölkə başçısının sadiq qullarına çevrilməli, onun buyurduğu adamları öldürməli idilər, indiyədək hakimiyyət sürmüş hökmdarların ən həyasızlarından biri olan II Vilhelm bununla bağlı deyirdi: hakimiyyətin əmr elədiyi təqdirdə alman patriotu öz dövlətinin basqın elədiyi ölkələrin xalqlarını, öz haqlarını qorumaq üçün qalxışan alman fəhlələrini, hətta, doğma atalarını və qardaşlarını öldürməkdən belə çəkinməməlidirlər.
Necə dəhşətli görünsə də, insanların bütün yaxşı duyğularını kobudcasına alçaldan bu buyuruqlar patriotizmin təsiri altında Alman xalqı tərəfindən tərəddüdsüz olaraq qəbul olundu. Bunun nəticəsi olaraq Almaniya Fransa üzərində qələbə çaldı. Bu qələbə Almaniyada patriotizmi biraz da qızışdırdı, sonra isə baş verənlərin təsirindən Fransada, Rusiyada, habelə, başqa ölkələrdə də patriotizm alovlanmağa başladı və Avropada yerləşən dövlətlərdə yaşayan bütün insanlar, insanın kölələşdirilməsi demək olan hərbi mükələfiyyətə danışıqsız boyun əydilər və insanların bu yeni köləliklə alçaldılması və iradəsizləşdirilməsini heç uzaq tarixi keçmişlərin köləlikləri ilə də müqayisə etmək mümkün deyildir. Kütlənin patriotizm adı ilə ona sırınan bu köləliyə boyun əyməsindən sonra, hakimiyyətin həyasızlığı, amansızlığı və axmaqlığı daha heç bir sərhəd tanımamağa başladı. Beləliklə də, biri hansısa şıltaqlıqdan, o biri ötkəmlikdən, bir başqası eqoizmdən doğan yaramazlıqlar baş qaldırmağa başladı, bu isə özünü Asiyada, Afrikada, Amerikada, getdikcə daha çox torpaqları zəbt eləməkdə, habelə hakimiyyətlərin biri-birinə qarşı getdikcə artan inamsızlığında və qarşılıqlı olaraq yamanlığa əl atmalarında özünü göstərməyə başladı. 
Ələ keçirilən torpaqlarda yerli xalqların qırılıb tükədilməsinə artıq təbii bir proses kimi baxmağa başladılar. Burada başlıca problem isə, başqalarının torpaqlarını birinci kimin ələ keçirib buradakı xalqları kimin birinci yer üzərindən silib atması oldu. 
Bütün bu hakimiyyətlər yalnız elə köləyə çevirdikləri başqa xalqlara və biri-birinə qarşı ədalətliyin ən ilkin tələblərini pozmaqla qalmadılar, bundan başqa da, öz fəaliyyətlərində yalanın, fırıldaqçılığın, satqınlığın, aldadıb tələyə salmağın, çuğulluğun, talanın, kütləvi insan qırğınlarının bütün mümkün formalarından da yararlanmağa başladılar və bu hakimiyyətləri yaradan xalqlar nəinki başları üstündə duran bu hakimiyyətlərə acıqlanıb, onların incitdikləri başqa xalqların durumuna acıdılar, əksinə, bütün bu yamanlıqları və cinayətləri başqa dövlətlərin deyil, öz dövlətlərinin eləyə bilməsinə görə öyünüb, onların bu işlərindən sevinc duymağa başladılar. Xalqların və dövlətlərin bu qarşılıqlı yağılığı ağlagəlməz dərəcədə artıb son həddə gəlib çıxdığından, indi artıq bir dövlətin başqasına basqın eləməsinə hansısa bir səbəb olmadığı bir durumda da, bütün bu dövlətlər biri-birinə qarşı iti caynaqlarını və qıcanmış dişlərini hazır saxlayaraq dayanırlar və qarşılarındakı dövlətlərdən hansısa birinin fəlakətlə üzləşib zəifləməsini gözləyir, onlara basqın eləmək daha az qorxulu olanda isə yağılıq eədikləri dövlətlərin üzərinə yeriyib onları didib-parçalamaq fürsətini əldən qaçırmırlar.  
Xristian dünyası adlanan dövlətlərin xalqları onlara aşılanan patriotizmin qızışdırılması ilə yırtıcılığın və vəhşiliyin çox yüksək həddinə gətirildiyindən, indi təkcə vəzifəsi ölüb-öldürmək olan insanlar gördükləri bu yaramazlıqlara görə sevinmirlər, habelə, onların Avropadakı dinclik və barış içində yaşayan həmvətənləri də, bugünümüzdə məlumatların tez yayılmasının mümkünlüyünə görə, baş verən bu qanlı olayları və ölüm-itimləri keçmiş Roma sirkinin tamaşaçıları kimi, böyük bir sevinc içində izləyir və gördükləri qanlı tamaşadan çılğınlaşıb qışqırırlar: "Pollice verso!” (latıncada: "işini bitir, öldür getsin” anlamındadır”)
Təkcə böyüklər deyil, uşaqlar da, bu təmiz və müdrik varlıqlar da artıq mənsub olduqları xalqların ziyanlı adətlərinə qapılaraq, yeni tətbiq olunan liddit mərmilərinin 700 yox, 1000 ingilisi öldürə bildiyini eşidəndə buna ürəkdən sevinirlər.
Onların ata-anaları da, mən belələrini şəxsən tanıyıram, uşaqlarda yaranmaqda olan bu vəhşiliyi biraz da gücləndirməyə çalışırlar. 
Hələ bu da az imiş. Bir dövlətin öz qoşunlarının sayını artırması (patriotizmin başqa dövlətlər və xalqlar arasında getdikcə daha da artmasına görə, qorxu içində yaşayan istənilən dövlət ordusunun sayını artırmağa çalışmaya bilməz) onun qonşuluğundakı, patriotizmin hökm sürdüyü, başqa dövləti də öz qoşunlarının sayını artırmağa sürükləyir, bu isə, silahlarını artırmağa birinci başlayan dövləti qoşunlarının sayını daha da artırmağa təhrik eləyir. 
Qalalar tikilməsi, donanma qurulması da bunun kimi: bir dövlət 10 zirehli hərbi gəmi düzəldir, qonşusu ona baxıb bunlardan 11-ni düzəldir; onda birinci dövlət zirehli gəmilərinin sayını 12-yə çatdırır və beləliklə də, sonu görünməyən bir silahlanma yarışı başlayır.
–"Mən indi səni cırmaqlayaram”. –"Mən isə səni yumruqlayaram”. –"Mən isə səni qamçılayaram”. –"Mən səni çomaqlayaram”. –"Mən də səni tüfəng ilə”... Yalnız pis tərbiyə görmüş uşaqlar, içkili adamlar və heyvanlar beləcə boğuşurlar, indi isə belə sözləşmə və savaşmalar öz təbəələrinin tərbiyəsi və mənəvi inkişafı ilə məşğul olduğunu deyən ən qabaqcıl və maarifpərvər sayılan dövlətlərin başında dayanan adamların arasında baş verir. 





Durum isə dayanmadan pisləşir və bu, insanları açıq-aydın fəlakət və qırğınlara sürükləyən prosesin dayandırılması mümkünsüz görünür. Durumun yaxşılaşacığına inanan sadəlövh insanların son ümidini də bu günlərdə baş verən bir olay puç elədi; mən bu yaxınlarda barış yaratmaq üçün çağırılmış Haaqa konfransını nəzərdə tuturam, ancaq yazıqlar olsun, bu konfrans qurtarar-qurtarmaz İngiltərə ilə Transvaal arasında qanlı savaşlar başladı (Transvaal, indiki Cənubi Afrika Respublikasının keçmiş adıdır). 
Dardüşüncəli və olaylara üzdən yanaşan insanlar hələ bugünə kimi də, ümumdünya məhkəməsinin müharibə fəlakətini və getdikcə artan silahlanmanı dayandıra biləcəyinə inanmaqla özlərini ovundura bilirdilərsə, ancaq Haaqa konfransından az sonra qızışan müharibə problemlərin bu yolla aradan qaldırıla bilməyəcəyini açıq-aydın şəkildə göstərmiş oldu. Haaqa konfransından sonra bu da bütün aydınlığı ilə görünməkdədir: haçanacan əlinin altında ordu olan hakimiyyətlər qalacaqsa, oçağacan da silahlanmanı və müharibələri dayandırmaq mümkün olmayacaqdır. Hər hansı bir anlaşmaya gəlmək üçün gərək anlaşmaq istəyən tərəflər biri-birinə inansınlar. Dövlətlərin biri-birinə inanması üçün, onlar gərək hamılıqla silahı yerə qoysunlar, bunun bir örnəyini, müharibəni qurtarmaq üçün sülh danışıqları aparan nümayəndələrin danışıq yerinə silahsız olaraq gəlmələrində görmək mümkündür. Haçana kimi hakimiyyətlər, biri-birilərinə inanmadıqları üçün, ordularını buraxmaq, onların sayını azltmaq yerinə, onların sayını biraz da artırırırsa və bununla da öz qonşularını da belə bir yarışmaya qoşursa, ardı-arası kəsilmədən, öz çuğullarının köməyi ilə qonşu ölkələrin qoşunlarının yerdəyişmələrinə göz qoyursa, istənilən başqa bir hakimiyyətin ilk imkan yaranan kimi qonşu ölkəyə basqın edəcəyini bilirsə, onda bu dövlətlər arasında heç bir anlaşma yarana bilməyəcəkdir və bu işi yoluna qoymaq üçün təşkil olunan istənilən konfrans da, ya qanmazlıq, ya oyun-oyuncaq, ya yalançılıq, ya da özünü aldatmaqdır, yaxud da elə, bunların hamısının bir yerə toplanmasından yaranan bir yanlışlıq deməkdir.      
Bu konfransda rus hökumətinin özünü tərbiyəsiz uşaq yerinə qoyması açıq-aydın görünürdü. Rus hökuməti indiyədək çox ərköyünləşdirilmişdir, öz evində onun, yalançılığı açıq-aydın görünən, manifest və fərmanlarına kimsə etiraz eləmədiyindən, bu hakimiyyət aşırı silahlanma yolu ilə öz xalqını var-yoxdan çıxarmış, Polşanı boğmuş, Türküstanla Çini çapıb-talamış, Finlandiyaya əlindən gələn bütün yamanlıqları eləmiş və bütün bunlardan sonra, bu konfransda, hamının onun sözlərinə inanacağını düşünərək, Avropanın hökumətlərinə hamılıqla tərkisilah olmağı təklif eləmişdir.      
Rus hökumətinin bu gözlənilməz və əxlaqsız təklifinin ölkə daxilində qoşunlarının sayının artırılması ilə bağlı qərar verməsi ilə eyni bir vaxta təsadüf eləməsinə və onun hay-küylə qəbul elədiyi bu qərarının başqa dövlətlərə də bəlli olmasına baxmayaraq, Avropa ölkələrinin hökumətləri xalqlarının qarşısında özlərini doğrulda bilmək üçün bu komik və açıq-aydın yalançı müşavirəyə getməyə bilməzdilər, ona görə də, bu dövlətlərin hamısı, öncədən də, bu işdən heç nə alınmayacağını bilsələr də, bu konfransa öz nümayəndə heyətlərini göndərdilər və konfransın keçdiyi bir neçə ayda buradakı iştiraklarına görə çox böyük məbləğdə əməkhaqqı alan bu nümayəndələr ürəklərində baş verənlərə gülsələr də, ancaq üzdə özlərini çox xeyirxah və xalqlar arasında barışın yaranmasının qayğısına qalan siyasətçilər kimi aparırdılar. 
Haaqa konfransı qorxunc və qanlı transvaal savaşının başlaması ilə qurtardı və bu konfransa qoşulan hökumətlərdən heç biri bu, qaniçənliyin baş alıb getdiyi savaşı dayandırmaq istəmədilər və indi də bununla bağlı hansısa tədbir görmürlər, ancaq bütün bunlara baxmayaraq, bu konfransın heç kimin ondan gözləmədiyi bir dəyəri də oldu; bu konfransın başlıca dəyəri, xalqların yaşamını ağrı-acılarla dolduran yamanlığın hakimiyyətlər tərəfindən aradan qaldırıla bilməyəcəyini açıq-aydın bir şəkildə göstərməsi oldu, çünki indiki hakimiyyətlər, hətta bunu istəsələr belə, silahlanmanın və müharibənin qarşısını ala bilmirlər. Hakimiyyətlərin varlığını zəruri eləyən onların öz xalqlarını başqa xalqların basqısından qorumaqdır; ancaq heç bir xalq özbaşına durub başqa bir xalqa basqın eləmək istəmir, ona görə də, hakimiyyətlər öz varlıqlarını qoruyub saxlaya bilmək üçün başqa xalqlarda özlərinə və bunun yanısıra, öz xalqlarına qarşı da yağılıq duyğusu yaratmağa çalışırlar. Öz xalqında patriotizm, başqa xalqda isə özünə qarşı yağılıq duyğusu yaratmaqla, hakimiyyət öz xalqına onun varlığına qarşı qorxu yarandığını və bu qorxuya qarşı döyüşməli olduğunu aşılayır.  
Əlində güclü hakimiyyət vasitələri olduğundan, hakimiyyət başqa xalqlarda özünə qarşı yağılığı qızışdırmağı da, öz xalqının içində patriotizmi alovlandırmağı da bacarır və bu iki işi böyük çalışqanlıqla eləyir, hakimiyyətlər bu işdən əl çəkə bilməzlər, çünki bunlar olmasa onların varlığı da ortadan qalxmış olardı.
Keçmişlərdə hökumətə öz xalqını başqa xalqların basqısından qorumaq gərək idisə, indi isə əksinə, hökumət xalqlar arasında yaranmış barışığı süni surətdə pozmağa onlar arasında yağılıq yaratmağa çalışır.   
Kimsə toxum əkmək üçün tarlanı şumlayırsa, bu ağıllı bir iş sayılır; ancaq artıq əkilmiş və toxumların cücərib boy atmağa başladığı tarlanı şumlamaq, bəlli olduğu kimi ağılsız və ziyanlı bir iş sayılır. Bax, hakimiyyətlər də, öz xalqlarını buna bənzər bir işi görməyə sürükləyirlər–xalqlar arasında pozulmasına heç bir səbəb olmayan barışığın və birliyin pozulması üçün indi təkbir səbəb varsa, o da onların mövcud hakimiyyətləridir.
VI

Gəlin görək, insanların onsuz yaşaya bilməyəcəklərini düşündüyü, bugünün hakimiyyətləri nə deməkdir?
Doğrudan da, bir zamanlar xalqın öz hakimiyyətini yaratması qaçılmaz idi və bu xalqın üstünə basqın eləyən başqa bir mütəşəkkil xalqın onun başına gətirə biləcəyi yamanlıqlarla tutuşduranda hakimiyyətlərin varlığı daha az yamanlıqlar yaradırdı, ancaq indiki zamanda artıq bu hakimiyyətlər gərəksiz şeylərə çevrilmişlər və bu hakimiyyətlər onların öz xalqarını qorxutduqları şeylərin hamısından daha çox yamanlıq törədiciləridirlər.   
Təkcə hərbi yox, elə istənilən hakimiyyətin varlığı yalnız bir durumda ziyansız ola bilərdi (mən hakimiyyətlərin heçbir halda faydalı ola bilməyəcəyini düşünürəm), onda bu hakimiyyətlər gərək, çinlilərin dediyi kimi, ən doğrucul və müqəddəs insanlardan yaradılaydı. Ancaq özünün yaranmasında və fəaliyyətində zorakılığa arxalanan hakimiyyət müqəddəsliyə zidd olan elementlərdən qurulduğundan, bu hakimiyyətin təmsilçiləri də ən sırtıq, qaba və pozğun adamların arasından çıxır.  
Buna görə də, istənilən hakimiyyət, ən çox da hərbi gücdən yararlanmaq səlahiyyəti olan hakimiyyət, yer üzündə ən iyrənc və ən qorxulu bir qurumdur. Hakimiyyət özünün geniş anlamında, onun içində olan kapitalistlər və mətbuat da daxil olmaqla, belə bir sistem üzrə qurulur: burada böyük bir qrup, özündən sayca az olan kiçik bir qrupun hökmü altında olur; bu kiçik qrup da özlüyündə daha kiçik bir qrupun tabeliyində olur, bu kiçik qrup da özündən daha kiçik qrupa tabe olur və bu tabeçilik sonunda ən yuxarıda dayanan bir neçə, yaxud da bir adamın tabeçiliyinə düşməyə kimi gedib çıxır və ən başda duran bu azlıq hərbi gücə arxalanaraq bütün başqa qruplar üzərində ağalıq eləyir. Belə bir quruluş öz təbiətinə görə konusa bənzəyir və konusun aşağısını təşkil eləyən adamlar bütünlüklə, bu konusun təpə nöqtəsində dayanan bir neçə və ya bir adamın tabeliyində olurlar.     
Bu konusun təpəsində özünə yer eləyə bilən adamlar və ya tək bir adam bütün yerdə qalanlardan daha çox hiyləgər, həyasız və vicdansız olur, ya da belə bir həyasız və vicdansız birisinin təsadüfi varisi olaraq burada otura bilir.  
Bu yaramaz hakmiyyət hərisi: bu gün Boris Qodunovdursa, sabah onun yerini Qriqori Otrepyev tutur, bugün ərini öz oynaşlarına boğdurub öldürtdürən pozğun Yekaterinadırsa, sabah bu yerə can atan Puqaçov olur, o birisi gün dəli Pavel gəlir, onun ardınca isə Nikolay, III Aleksandr və başqaları ortaya çıxırlar.
Bu gün Napoleon, sabah isə Burbon və ya Orleanski, Bulanje və ya fırıldaqçıların hansısa birliyi hakimiyyəti ələ keçirir: bugün hakimiyyətdə olan Qladstonun yerini sabah Solsberi, Çemberlen, Rode tutur.
Və belə hakimiyyətlərə yalnız adamların əmlakı və həyatı üzərində bütünlüklə hökm eləmək səlahiyyəti verilmir, bununla yanaşı, bütün bu adamların mənəvi inkişafı, tərbiyə olunması, dini baxışlarla bağlı işlərini yönətmək də onların səlahiyyətində olur.
Adamlar özlərinə belə qorxunc bir hakimiyyət maşını düzəldir, bu hakimiyyətin təsadüfi adamların əlinə keçirməsinə yol verir (bununla da mənəvi baxımdan ən dəyərsiz adamların hakimiyyətə gəlməsi üçün çox böyük şansları yaranır), onlara köləcəsinə boyun əyirlər və sonradan da nədən belə axmaq duruma düşdüklərinə təəcüblənirlər. Anarxistlərdən, onların partlatdıqları bombalardan qorxurlar, ancaq onları istənilən anda qorxunc fəlakətlərə gətirib çıxara biləcək belə bir quruluş yaratmaqdan qorxub çəkinmirlər.
Adamlar özlərini yağılarından qorumaq üçün belə bir yararlı üsul tapmışlar: onlar da döyüş qabağı özlərini hamılıqla bir iplə bağlayan çərkəzlər kimi, belə bir quruluşun onları hamılıqla biri-birilərinə bağlamasına üstünlük verirlər. Ancaq indi ortalıqda heç bir savaş qorxusu olmasa da, adamlar bu bağlılığı saxlamaqda davam eləyirlər.  
Beləliklə də, özlərini hamılıqla və çox ciddi-cəhdlə biri-birilərinə bağladıqları üçün də, bir nəfər adamların bağlandıqları bu ipin ucundan tutub onları haraya istəsə çəkib apara bilir; sonra onların bağlandığı bu ipi atır, bu ip yerdə düşüb qalır və sonradan, hansısa bir yaramazın və axmağın yenidən bu ipin ucunu ələ keçirib xalqın başına istədiyi oyunu aça bilməsinə imkan yaradır. 
Belə bir iş tutur, sonra nədən pis duruma düşdüklərinə heyrətlənirlər.  
Doğrudan da, hərbi gücə yiyələnən hakimiyyət yaratmaq və ona tabeçilik göstərməklə xalq öz başına belə bir gülünc oyun açmırmı?

VII

İnsanları hələ də dözdükləri, onları günü-gündən daha böyük fəlakətlərə sürükləyən və günü-gündən daha da artan silahlanma və müharibə bəlasına salmağa doğru aparan bu yaramaz qurumlardan qurtara bilmək üçün konqreslərə, konfranslara, fəlsəfi traktatlara, beynəlxalq məhkəmələrə gərək yoxdur, bunun üçün onları bu ağrı-acılara tuş eləyən və hakimiyyət adlanan bu zorakılıq qurğusu dağıdılmalıdır.
Hakimiyyəti dağıtmağın isə yalnız bir yolu vardır: insanlar gərək hakimiyyət adlanan bu zorakılıq silahını qoruyub saxlamağın ən başlıca vasitəsinə çevrilən patriotizmin qaba, ziyanlı, utanmaz və ağılsız, ən başlıcası isə əxlaqsız bir duyğu olduğunu anlaya bilsinlər. Bu duyğunu qaba eləyən, onun əxlaqın ən aşağı plləsində dayanan adamlara xas olmasına görədir və bu adamlar başqa xalqlardan özlərinə qarşı eyni zorakılığı gözləyərək özləri onlara qarşı zor işlətməkdən çəkinmirlər; bu duyğunu ziyanlı eləyən, onun insanların işinə yarayacaq və onlara sevinc gətirəcək xalqlararası sülh ilişkilərini pozması, ən başlıcası, bu yamanlığı gerçəkləşdirmək üçün ən pis hakimiyyət formaları yaradıb onun ən yaramaz adamların əlinə keçməsinə imkan yaratmasıdır; bu duyğunu utanmazlığa gətirib çıxaran isə, onun insanları nəinki kölələşdirməsi, habelə, onları döyüşkən xoruzlara, buğalara, qladiotorlara çevirməsidir və bu adamlar öz güclərini öz məqsədləri üçün işlətməkdənsə, onu hakimiyyətin anlamsız məqsədlərinə qurban verirlər; bu duyğunu əxlaqsız eləyən isə, insanların: xristianlığın bizi öyrətdiyi kimi, özünü tanrının oğlu saymaqdansa, heç olmasa özünün sağlam düşüncələrinə arxalanıb yaşayan azad bir insan olmaqdansa, onların, patriotizmin təsiri ilə, özlərini yalnız öz vətənlərinin övladı saymaları, hakimiyyətin köləsi olmaları, öz sağlam düşüncə və vicdanlarının əksinə olan işləri görməyə yönəlmələridir.       
İnsanlar bu gerçəyi anlaya bilən kimi, doğrudan da, heç bir savaşa gərək olmadan, onları qorxunc şəklə salan bir formada biri-birinə bağlayan bu, hakimiyyət adlanan qurğu da özü-özünə dağılıb gedəcəkdir və bununla yanaşı olaraq, onun öz xalqına gətirdiyi təhlükəli və yararsız yamanlıqlar da ortadan qalxacaqdır.
İnsanlar artıq bunu anlamağa başlayıblar. Baxın, görün, Şimali Amerika Ştatlarının bir vətəndaşı nə yazır: "Bizlərin–əkinçilərin, mexaniklərin, tacirlərin, fabrikantların, müəllimlərin–sizdən yalnız bir istəyimiz var: şəxsi işlərimizlə məşğul olmaq haqqımızı özümüzə verin. Bizim özümüzə görə evimiz, sevimli dostlarımız var, öz ailəmizə sədaqətliyik və qonşularımızın şəxsi işlərinə qarışmırıq, bizim bacardığımız işlər var və biz işləmək istəyirik.
Bizi rahat buraxın!
Ancaq siyasət düşkünləri yaxamızdan əl çəkmək istəmirlər. Onlar üstümüzə vergilər qoyur, əmlakımızı mənimsəyir, bizi siyahıya alır, gənc törəmələrimizi özlərinin maraqları üçün apardıqları müharibələrə çağırırlar. 
Sayı bəlli olmayan uzun bir sıra yaradan çoxlu adamlar dövlətin hesabına yaşayırlar və öz dolanışıqlarını qura bilmək üçün bizdən vergi toplayırlar; bu vergini vaxtında və yetərincə toplaya bilmək üçün də, daimi ordu saxlayırlar, onların bu ordunu ölkəni qorumaq üçün yaratdıqlarını deməsi isə ağ yalandan başqa bir şey deyildir.
Fransız hakimiyyəti öz xalqını almanların basqını ilə qorxudur; ruslar ingilislərin basqınından qorxurlar; ingilislər hamının onlara basqın eləyə biləcəyindən qorxurlar; İndi isə Amerika hökuməti bizə deyir: gərək donanmamızı və qoşunlarımızın sayını artıraq, yoxsa Avropa istənilən anda gücünü toplayıb üstümüzə basqın eləyə bilər. Bu, iyrənc bir yalandır. Fransanın, Almaniyanın, İngiltərənin və Amerikanın sadə xalqları müharibəyə qarşıdır. Bizim tək istəyimiz, başqalarının dincliyimizi pozmamasıdır. Arvadı, valideyinləri, uşaqları, evi olan insanlar heç vaxt bunları başlı-başına buraxıb, kimliyindən asılı olmayaraq, heç kimlə savaşmağa getmək istəməzlər. Biz, barışsevər insanlarıq, qanlı savaşlardan qorxuruq və onları görməyə belə gözümüz yoxdur.     
Biz başqalarının bizə qarşı eləməsini istəmədiyimiz şeyləri özümüz də onlara qarşı eləmək istəmirik.
Müharibə silah gəzdirən adamların, daimi olaraq, ortalıqda olmasınının nəticəsində baş verir. Daimi olaraq, böyük ordu saxlayan istənilən ölkə gec-tezi savaşmağa başlayacaqdır. Yumruq döyüşündə hamıdan güclü olduğu ilə öyünən birisinin qarşısına gec-tez özünü ondan güclü sayan başqası çıxacaqdır və onlar savaşacaqlar. Almaniya ilə Fransa biri-birinə qarşı öz güclərini göstərə bilmək üçün fürsət axtarırlar. Onlar artıq bir neçə dəfə savaşıblar və görünür, hələ yenə də savaşacaqlar. Bu savaşı onların sadə xalqları istəməzdi, ancaq yuxarı təbəqədən olan adamlar bu xalqların arasında qarşılıqlı nifrət yaradıb bunu qızışdırır və bu xalqlara özünü qorumaq üçün mütləq savaşmalı olduğu düşüncəsini aşılayır.   
İsa Məsihin göstərdiyi yolu tutub yaşamaq istəyən insanların üstünə ağır vergi yükü qoyurlar, alçaldırlar, aldadırlar və müharibələrə sürükləyirlər.
İsa Məsih dinclik və barış içində yaşamağı, biri-birinə qarşı yumşaq davranmağı öyrədirdi, incikliyi unutmağa çağırırdı, başqasını öldürməyin yaramazlıq olduğunu deyirdi.  
   Müqəddəs kitablar bizi and içməkdən çəkindirir, ancaq yaşadığımız toplumun "yüksək sinifləri” bizi özlərinin inanmadıqları bu müqəddəs kitablara and içməyə məcbur eləyirlər. 
Biz yaxamızı bu soyğunçuların əlindən necə qurtaraq? – bunlar işləməsələr də, ən incə parçalardan, mis düyməli, bahalı paltarlar geyinir, qiymətli daş-qaşlarla bəzənirlər, bizim əməyimizlə gen-bol dolanırlar, biz qan-tərə batıb torpağı bunlar üçünmü becəririk? 
Yoxsa onlarla savaşmağamı qalxaq?
Ancaq biz qan tökməyə qarşıyıq, həm də onların silahı və pulu çoxdur və onlar bu savaşda bizdən daha çox duruş gətirə bilərlər.
Onların bizim üstümüzə göndərəcəyi orduda döyüşən adamlar kimlər olacaqdır?
Bu ordunu yaradanlar da elə bizlərik, onlar–bizim aldadılmış qonşularımız və qardaşlarımızdır, onları çaşdıraraq, öz ölkələrini yağılardan qorumaqla tanrıya qulluq elədiklərinə inandıra bilmişlər. Özlüyündə isə, bizim onlara vergi ödəməyimizin qarşılığında maraqlarımızı qoruyacağını vəd eləyən "yüksək sinifdən” başqa bizim bu ölkədə ayrı bir düşmənimiz yoxdur. Onlar bizim əlimizdə olanları silib-süpürüb aparırlar və bizi kölələşdirmək və alçaltmaq üçün öz doğma qardaşlarımızı bizə qarşı qoyurlar. 
Siz, yeri gələndə üstünüzə gəlib sizləri öldürə biləcək silahlı adamların saxlanması üçün xərclənən vergiləri ödəmədən öz arvadınıza teleqram, dostunuza poçtla sovqat göndərə bilməzsiniz, sizə gərəyinizcə olan şeylər satmış adamların pulunu verə bilməzsiniz və bu vergiləri ödəmədiyiniz üçün sizi dustaq da eləyə bilərlər.
Bizim təkbir çıxış yolumuz insanlara başqasını öldürməyin böyük bir yamanlıq olduğunu aşılamaq, onlara peyğəmbərlərin də qanunlarında: "başqasının sənə eləməsini istəmədiyin şeyləri sən də ona qarşı eləmə” deyildiyini anlatmaqdır. Dinməz-söyləməzcə, bu yüksək sinifi saya salmayın, onların savaş bütlərinə boyun əyməyin. Patriotizmi nəsə önəmli bir şey kimi öyənlərə və müharibə eləmək üçün öyüd verənlərə sayğı ilə yanaşmağı dayandırın, onlara qulaq asmağı buraxın.
Qoy, onlar da gəlib bizim kimi işləsinlər.
Biz İsa Məsihə inanırıq, onlar isə yox. İsa Məsih nəyi düşünürdüsə onu da deyirdi; onlar isə "yüksək sinifin”–hakimiyyətdə olanların bəyənəcəyini düşündükləri sözlərdən başqa heç nə demirlər.
Biz, hərbi xidmət keçməkdən boyun qaçıracağıq. Onların buyuruğuna qulaq asıb adamlara güllə atmayacağıq. Biz, xeyirxah və mehriban xalqımıza qarşı süngülərlə silahlanmayacağıq. Biz, Sesil Rodsun təhriki ilə, öz doğma ocaqlarını qoruyan çobanlar və əkinçilərlə döyüşməyəcəyik.
Sizin yalançı: "üstümüzə qurd gəlir!” kimi qışqırıqlarınız bizi qorxutmur. Biz, vergiləri də məcburiyyət ucbatından ödəyirik. Biz, bu məcburiyyətdən qurtula biləndə, bu soyğunçu vergiləri ödəməkdən də boyun qaçıracağıq. Biz, qazancımızın ondan birini kilsə vergiləri kimi bu ikiüzlü ruhanilərə, onların yalançı xeyriyyəçiliklərinə verməyəcəyik və bütün imkanımız olan yerlərdə düşündüklərimizi ucadan deməyə çalışacağıq.
Biz, insanları tərbiyələndirib dəyişməyə çalışacağıq.
Beləliklə də bizim bu dinməz-söyləməz şəkildə göstərdiyimiz təsirlər ardı-arası kəsilmədən yayılacaqdır; bizim göstərdiyimiz təsirlər, hətta, əsgər kimi qulluğa çağırılan insanları da savaşmaqdan çəkindirməyə başlayacaqdır. Biz bütün dünyaya xristian əxlaqına uyğun yaşamağı aşılayacağıq və xoş məramlarla yaşamağın savaşlar və qaniçən müharibələrlə keçən ömürdən qat-qat üstün olduğuna insanları inandıracağıq.  
"Bütün dünyada barış olsun!” şüarı yalnız insanların savaşdan əl çəkmələri və başqalarının onlar üçün eləməsini istəmədiklərini, özləri başqalarına qarşı eləməyəndə özünü doğruldacaqdır”.
Bu sözləri Şimali-Amerika Ştatlarının vətəndaşı yazır və dünyanın müxtəlif yerlərindən, fərqli formalarda olsa da, buna bənzər çağırışlar səslənməkdədir.
Bunu isə bir keçmiş alman əsgəri yazır: "Mən, 1866-70-ci illərdə pruss qvardiyasının iki hərbi yürüşündə iştirak etmişəm və məni ağlagəlməz bir bədbəxtliyə düçar elədiyi üçün müharibəyə bütün varlığımla nifrət eləyirəm. Biz yaralanıb əlil olmuş keçmiş döyüşçülər indi gülünc görünəcək miqdarda pensiya alırıq və doğrudan da, adam keçmişdə patriot olduğu üçün özü-özündən utanmalı olur. Örnək üçün, 18 avqust 1870-ci ildə S. Privanın ələ keçirilməsi uğrunda aparılan döyüşdə alldığım güllə yarasından sağ qolum həmişəlik çolaq olduğu üçün mən indi bir günə 80 pfenniq pul alıram. İndi ov itlərinə, gündəlik, bu məbləğdən artıq pul xərcləyirlər. Mən isə iki ağır güllə yarası aldığım bu, sağ qolumla düz bir il ağrıların içində qovrulmuşdum. Artıq 1866-cı ildə mən Avstriyaya qarşı müharibədə iştirak eləmiş, Trautenau və Keniqripanın ələ keçirilməsi uğrunda döyüşmüş, gördüyüm qorxunc olaylardan dəhşətə gəlib sarsılmışdım. 1870-ci ildə məni, ehtiyatda olan hərbçi kimi yenidən müharibəyə göndərdilər və dediyim kimi, S. Priva şəhəri uğrunda döyüşdə ağır yaralandım: orada aldığım iki güllə yarası sağ qolumu yararsız hala saldı. Hərbi qulluğa çağrılanda mən yaxşı qazanc götürdüyüm bir yerdə pivəbişirən işləyirdim, müharibədən qayıdandan sonra mən daha bu işimə qayıda bilmədim. O gündən başlayaraq mən bu həyatda necə yıxılmışamsa, bir daha ayaq üstə qalxmağa özümdə güc tapa bilmirəm. Beynimi dumanlandıran patriotizm duyğusu dağılıb getdi və keçmiş döyüşçü indisə köməksiz bir əlil olan mən, hökumətin verdiyi dilənçi payına oxaşayan qəpik-quruşla yaşamağa möhtac olmuşam...     
İnsanların əhliləşdirilmiş heyvanlar kimi ora-bura qaçdıqları və öz ehtiraslarını ödəməkdən ötrü, biri-birinə fırıldaq gəlməkdən başqa bir şey düşünməyi bacarmadıqları bu dünyada onlar məni özgə və anlaşılmaz birisi saysalar belə, ancaq mən öz daxilimdə, İsa Məsihin dağüstü moizələində olduqca gözəl təsvir elədiyi, ilahi bir dünya ilə bağlı düşüncələr gəzdirməkdəyəm. Mənim çox dərin inamıma görə, maharibə geniş miqyaslı bir ticarətdir, burada xudbin və güclü adamlar xalqların səadəti ilə alver eləyirlər. 
Bu müharibələrə qatılanda, sözlə deyilə bilməyən dəhşətlərlə üzləşirsən! Mən savaş meydanlarında eşitdiyim o, adamın iliyinədək işləyən iniltiləri heç vaxt unuda bilməyəcəyəm.
Biri-birini tanımayan və biri-birinə heç bir yamanlığı keçməyən adamlar bu müharibələrdə biri-birini yırtıcı heyvanlarsayağı öldürürlər və köləliyə öyrəşmiş ruhlar isə tanrının uca adını da bu qanlı savaşla bağlamağa çalışırlar. Atılan güllələrdən biri mənimlə yanaşı döyüşən qonşumun çənəsini parçalamışdı. O bərdbəxt insan duyduğu ağrıdan ağlını itirmək dərəcəsinə çatmışdı. O qızmar yay gününün adamı yandırıb-yaxan istisində dəli kimi oyana-buyana qaçır, özünün qorxunc yarasını sərinləşdirib toxdada bilmək üçün heç yerdən su da tapa bilmirdi. Sonradan adlı-sanlı imperator Fridrix olmuş, onda isə bizim komandirimiz olan kronprints Fridrix o günlərdə gündəliyində yazmışdı: "Müharibə–İncildə yazılanları ələ salmaqdır...”
 Bu alman əsgərinin məktubundan da göründüyü kimi, insanlar hakimiyyətlərin onları ciddi-cəhdlə tutub saxlamaq istədikləri patriotizm yalanının mahiyyətini anlamağa başlayırlar.

VIII

Söz gəlib bu yerə çatanda, adətən, soruşurlar: "Hökumət olmasa, onda nə baş verəcəkdir?”
Heç nə olmayacaqdır; artıq çoxdan dəyərsizləşən və buna görə də önəmsiz və anlamsız olan bir qurumun dağılıb yox olmasından başqa heç nə baş verməyəcəkdir; gərəksiz və ziyanlı bir qurum aradan qalxacaqdır.     
Yenə də adət üzrə deyirlər: "Hakmiyyət olmasa onda insanlar biri-birini öldürəcək, biri-birinə qarşı zorakılıq eləyəcəklər”.
Nə üçün belə olmalıdır? Nə üçün, zorakılığın nəticəsi kimi yaranmış və bu zorakılığı ardıcıl olaraq yürütmək üçün nəsildən nəsilə ötürülən bu qurumun dağıdılmasından, özünün yararlığını itirmiş belə bir nizamın pozulmasından sonra, insanlar biri-birini öldürməli və biri-birinə qarşı zorakılıq eləməlidirlər? Axı, gərək, əksinə olsun, zorakılıq orqanının dağıdılmasından sonra insanlar biri-birini öldürməkdən və biri-birinə qarşı zorakılıq eləməkdən əl çəksinlər.  
İndi bu hakimiyyətin fəaliyyəti nəticəsində adamları öldürmək və onlara qarşı zorakılıq eləmək üçün xüsusi hazırlanmış və öyrədilmiş adamlar vardır–bu adamların başqalarına qarşı zorakılıq eləməsinə hüquqi don geyindirmək üçün xüsusi təşkilatlar da yaradılmışdır; habelə, belə zorakılıqlar və başqalarını öldürmək yaxşı bir iş, igidlik sayılır, ancaq adamlara bu şəkildə zorakılığı və başqalarını öldürməyi öyrətməyəndə, heç kimin başqasına qarşı zorakılıq eləmək hüququ da olmayacaqdır, habelə, zorakılığı yürüdən təşkilatlar da olmayacaqdır və indiki çağımızın bir çox adamlarında özünü göstərən: zorakılığa və adam öldürməyə qarşı mənfi münasibət də, hamılıqla qəbul ediləcək, unversal əxlaqi dəyərlərə çevriləcəkdir. 
Birdən hakimiyyətin dağıdılmasından sonra zorakılıqlar baş verərsə belə, bu, hər halda, indiki kimi zorakılığın və adam öldürməyin yaxşı bir iş sayıldığı və qanuniləşdirildiyi, habelə, xüsusi təşkilatlar tərəfindən mütəşəkkil formada həyata keçirildiyi zorakılıqlardan qat-qat az olacaqdır. 
Hakmiyyətin dağıdılması, yalnız nəsildən-nəsilə ötürülən və zorakılığı həyata keçirməklə yanaşı onu qanuniləşdirən bir təşkilatın aradan qaldırılması demək olacaqdır. 
Bu yerdə, çox vaxt bilərəkdən, hakimiyyətin zorakılığını toplumda görülməli olan müxtəlif ictimai fəaliyyət növləri ilə qarışdırmağa çalışıraq deyirlər: "Demək, onda qanunlar da, mülkiyət də, məhkəmələr də, xalq təhsili müəsissələri də olmayacaqdır”.
Hakimiyyətin insanlar üzərində zorakılıq eləmək üçün yaratdığı təşkilatların dağıdılması heç də qanunların, məhkəmələrin, mülkiyyətin, polis müdaxiləsinin, maliyyə qurumlarının və xalq təhsili müəsissələrinin də dağıdılması demək deyildir. Əksinə, hakimiyyətin ancaq özünü qorumağa yönəlmiş qaba ağalığı olmazsa, onda yalnız zorakılığa ehtiyac duymayacaq ictimai təşkilatlar fəaliyyət göstərəcəkdir. Məhkəmə də, ictimai fəaliyyət də, xalq təhsili də, xalqa gərək olan ölçülərdə mövcud olacaqdır; aradan qaldırılan isə yalnız, xalqın öz iaradəsini azad şəkildə gerçəkləşdirməsinə əngəl olan yararsız və yaramaz qurumlar olacaqdır. 
Tutalım, hakimiyyətin yoxluğu qarışıqlıq və ölkə içində qarşıdurma yaradacaqsa da, ancaq onda da, xalqların durumu indikindən yaxşı olacaqdır. İndi xalqlar elə bir durumdadırlar, onun bundan da pis olacağını ağla belə gətirmək mümkün deyildir. Xalqlar büsbütün yoxsulluq içində yaşayırlar və belə getsə, bu durumun daha da ağırlaşacağı qaçılmazdır. Bütün əli silah tutan kişilər hərbi kölələrə çevriliblər və istənilən anda ölüb-öldürmək üçün veriləcək əmri gözləyirlər. Bundan daha pisi nə ola bilər? Yoxsa, bundan da pisi bu yoxsullaşmış xalqların acından ölməsi olacaqdır? İnsanların aclıq çəkməsi artıq Rusiyada, İtaliyada və Hindistanda özünü göstərməkdədir. Yoxsa, kişilərlə yanaşı qadınlarıdamı əsgərliyə çağırmalıdırlar? Taransvaalda artıq buna başlayıblar. 
Ona görə də, əgər hakimiyyətin yoxluğu anarxiyaya gətirib çıxaracaqsa (ancaq bunu anarxiya adlandırmağı mən düzgün saymıram), onda heç bir anarxiyanın gətirə biləcəyi başıpozuqluq indi hakimiyyətlərin öz xalqlarını saldıqları və getdikcə daha da pisləşən bu durumdan pis olmayacaqdır.
Ona görə də, indi insanlıq üçün patriotizmdən azad olmaqdan və bununla da onun yaratmış olduğu despot hakimiyyətləri məhv eləməkdən də daha yararlı bir iş ola bilməz.

IX

Ayılın, ey insanlar, özünüzün və qardaş-bacılarınızın çata biləcəyi cismani və mənəvi rifahın naminə dayanın, nə elədiyinizi bir də götür-qoy eləyin, düşünün!
Bir də düşünün və anlayın, ey insanlar: sizin yağılarınız heç də burlar, ingilislər, fransızlar, almanlar, çexlər, finlər, ruslar deyildir, sizin tək bir yağınız var, o da sizin özünüzsünüz, öz patriotizminizlə sizi əzən və bədbəxtçilyə sürükləyən hakimiyyətlərə arxa durmaqla, sizlər özünüz özünüzlə yağılıq eləyirsiniz.
Onlar sizi qorumaq adı ilə ortaya çıxdılar və bu xəyali, qorumaq deyilən fəaliyyətləri ilə sizləri belə bir duruma gətirib çıxardılar: indi siz hamılıqla əsgərlərə, kölələrə çevrilmisiniz, hamınız yoxsullaşmısınız və bu bundan artıq da yoxsullaşacaqsınız, habelə, hər an bu gərilmiş simin qırılacağını və öz yaratdığınız və arxa durduğunuz hakimiyyətin sizi və uşaqlarınızı dəhşətli bir şəkildə döyüb yerinizdə oturtmağa başlayacağını da gözləməlisiniz.     
Və sizin yaranmış durumla bağlı narazılığından doğan qalxışmanızı yatırmaq üçün hakimiyyətin sizi necə döyməsindən və bunun nə ilə sonuclanmasından asılı olmayaraq düşdüyünüz bu durum dəyişməyəcəkdir. Hakimiyyət yenə də, öncələrdə olduğu kimi, daha böyük gərginliklə silahlanacaq və sizi daha da çox yoxsullaşdıracaqdır, bununla da, sizi də, uşaqlarınızı da, alçaltmaqda davam eləyəcəkdir, ona görə də, siz özünüz bu prosesi dayandırmasanız, onun qarşısını almasanız, bu işdə heç kim sizə kömək eləyə də bilməyəcəkdir.  
Burada yalnız bir çıxış yolu vardır: xalqın üzərində qurulmuş bu qorxunc zorakılıq konusu dağıdılmalıdır, bu konusu yaradanlar, onun təpəsinə dırmaşanlar bütün xalqlar üzərində ağalıq eləyirlər və bu ağalıqlarının ömrü uzandıqca onlar daha da amansız və daha da qeyri-insani olurlar, biz onları: Napoleonun, I Nikolayın, Bismarkın, Çemberlenin, Rodsun, bizdəki kimi, xalqı çarın adından idarə eləyən diktatorların örnəyində artıq çoxdan tanıyırıq.
Bu asılılıqdan qurtarmağın, onu məhv eləməyin isə yalnız bir yolu var– bu da, patriotizm hipnozundan ayılmaqdır. 
Anlayın, ağrı-acılarına tuş gəldiyiniz bütün yamanlıqları siz özünüz-özünüzə eləyirsiniz, imperatorların, kralların, parlament üzvlərinin, hakimiyyətlərin, hərbçilərin, kapitalistlərin, ruhanilərin, yazıçıların, rəssamların, bir sözlə, sizin əməyiniz hesabına harınca yaşaya bilmək üçün bu patriotizmin işlərinə yarıdığı adamların hamısının, sizlərə aşıladığı yalanlara uymaqla özünüz yaxanızı bu yamanlıqların əlinə verirsiniz. 
Kim olmağınızdan asılı olmayaraq–istər fransız, rus, polyak, ingilis, irland, alman, çex olun və ya bir başqası–anlayın, sizin əsil insani maraqlarınız–necəliyindən asılı olmayaraq–bu, istər əkinçilik, sənayeçilik, ticarətçilik, bədii və elmi yaradıcılıq olsun, bütün bu maraqlarınız da sizin bütün başqa əyləncələriniz və həzzləriniz kimi, bütün başqa xalqların və dövlətlərin maraqları ilə heç bir ziddiyət yaratmır və çağdaş günümüzdə siz bütün bu xalqlar və dövlətlərlə qarşılıqlı əlaqələr və mübadilələr şəraitində yaşayırsınız, qardaşcasına münasibətlərin sevinci ilə bağlanmısınız, sizi başqa xalqlarla bağlayan təkcə hansısa malların mübadiləsi deyil, həm də siz onlarla düşüncə və duyğu mübadiləsindəsiniz. 
Başa düşün, Vey Xay-veyi, Port-Arturu, və ya Kubanı kimin birinci tutacağı, bunun sizinmi, yoxsa başqa bir xalqınmı hökumətinin eləyəcəyi problemi, sizin üçün nəinki önəmsizdir, həm də sizin hakimiyyətinizin hər bir belə işğalı sizin ziyanınızadır, axı, sizin hakimiyyətiniz bu işğalı gerçəkləşdirə bilmək, bu talanlarda, zorakılıqlarda, kiminsə torpaqlarını güclə əlindən alıb özündə saxlamaqda sizin köməyinizə arxalanır. Anlayın, Elzasın almanların, yoxsa fransızların əlində olması, yaxud da İrlandiyanın azadlıqda, yoxsa əsarətdə qalması sizin həyatınızı azacıq da olsa yaxşılaşdırmayacaqdır; onların kimin olmasından asılı olmayaraq, siz istədiyiniz yerdə yaşaya bilərsiniz; hətta, siz elzaslı, irland və ya polyak olsanız belə–bunu anlamağa borclusunuz: patriotizmin qızışdırılması üçün göstərilən bütün çalışmalar sizin vəziyyətinizi biraz da ağırlaşdıracaqdır, çünki sizin öz xalqınızın kölələşdirilməsi də, elə patriotizmlərin savaşından törəmişdir və istənilən bir xalqda özünü göstərən patriotizm başqa xalqlarda da bu xalqa qarşı yönələn güclü qıcıqlanmalar və daha aqressiv patriotizmlər yaradır. Başa düşün, siz bu düşdüyünüz fəlakətlərdən yalnız bir yolla qurtula bilərsiniz, bunun üçün də gərək bu köhnəlmiş, vaxtı keçmiş patriotizm ideyasından əl çəkəsiniz və onun sizin başınızın üstündə ağalıq eləmək üçün yaratdığı hakimiyyətə olan köləliyinizdən yaxanızı qurtarasınız və yalnız bundan sonra siz xalqların qardaşlığı deyilən yüksək ideyaların yaşadığı oblasta sarı ürəklə addımlaya biləcəksiniz, bu böyük ideyalar artıq çoxdan həyatımıza daxil olmuşlar və hər tərəfdən sizi özlərinə qoşulmağa çağırırlar.      
İnsanlar, yalnız, hansısa vətənin və hakimiyyətin övladları deyil, tanrı övladları olduqlarını və buna görə də, başqa xalqların köləsi və yağıları ola bilməyəcəklərini anlasaydılar, onda bu ağılsız, heç nəyə yaramayan, keçmişlərdən qalma bu fəlakətli, dövlət adlanan qurum da, bununla yanaşı olaraq, bu qurumların doğurub özləri ilə daşıdığı bütün ağrı-acılar və zorakılıqlar da, yaramazlıqlar və cinayətlər də, özü-özünə yox olub aradan qalxardı.

Lev Tolstoy.
Piroqovo, 10may 1900-cü il. 

Çevirəni: Araz Gündüz

Kultura.az
   

www.ann.az

Xəbər lenti