DYP yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

DYP yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Ann.az-a açıqlamasında bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: "Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq. Şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman hər hansı təhlükə yaranarsa, sürücü bundan yayına bilsin. Bəzən sürücülər hava şəraitini nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin "Yol hərəkəti haqqında" qanuna əsasən, yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".

V.Əsədov qeyd edib ki, belə hava şəraitində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməli, nəqliyyat vasitəsini avtomobilin texniki xarakteristikasına uyğun idarə etməlidir: "Əgər sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar. Sürücülərimizdən bir daha sadaladığım qaydalara riayət etmələrini xahiş edirəm".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti