"Dövlət bağçaları rəhbərlərinin 60 faizi, tərbiyəçilərin isə 70 faizi ali təhsilli deyil" - Ekspert

"Dövlət bağçaları rəhbərlərinin 60 faizi, tərbiyəçilərin isə 70 faizi ali təhsilli deyil" - Ekspert

1 iyun "Uşaqların müdafiəsi günü" ərəfəsində sosial şəbəkədə paylaşılan bir fikir diqqətimi çəkdi. Təxminən belə idi: "Ən yaxşı müdafiə hücumdur. Döyün uşaqları". Düzdür, bu hər nə qədər zarafatla yazılmış olsa da, bu, danılmaz bir faktdır ki, istər ölkəmizdə, istərsə də dünyada hər gün minlərlə uşaq həm fiziki, həm də mənəvi zorakılığa məruz qalır. Elə dünənki məlum hadisə kimi. Uşaqların müdafiəsi gününü bəh-bəhlə qeyd etməyimizdən heç 10 gün keçmədi ki, Bakıda fəaliyyət göstərən "Kids Studio” bağçasın uşaqların döyülməsi ilə bağlı video yayımlandı.

 
Bəs, problemin kökü nədədir? Tərbiyəçilərin psixoloji vəziyyətinin yerində olmaması, şəxsi həyatdakı problemlərin işə yansıması, yoxsa verilən əməkhaqqının azlığı?
 
Bununla bağlı Qaynarinfo olaraq, təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndik. Ekspertin sözlərinə görə, əməkhaqqı azlığı sosial səbəb ola bilər, lakin burada əsas məsələ bu tip müəssisələrin nəzarətdən kənar qalması və qeyri-peşəkarlar tərəfindən idarə olunmasıdır:
 

"Təəssüf ki, Azərbaycanda məşiət zorakılığı zəminində istər dövlət, istərsə də özəl müəssisələrdə uşaqlara qarşı ciddi zorakılıq törədilir. Bu, danılmaz faktdır. Bu bir mental xüsusiyyətdir. Təkcə Azərbaycanda deyil, ümumiyyətlə dünyada hər il 2,5 milyon uşaq təkcə valideynləri tərəfindən döyülür. Məişət zorakılığına məruz qalan uşaqların sayı ümumi uşaqların sayının 50%-dən çoxdur.

Birinci, səbəbə nəzər yetirsək ki, bu nə üçün törədilir?
 
Qeyd etdiyiniz nüans, yəni dövlət müəssisələrində və dövlət bağçalarında uşaqların döyülmə halı əməkhaqqının doğurduğu sosial səbəb ola bilər, amma özəl müəssisələrdə əməkhaqqılar kifayət qədər yüksəkdir. Əgər dövlət bağçalarında tərbiyəçilər 200-250 manat pul alırlarsa, özəl müəssisələrdə bu rəqəm 500-1000 manat arasında dəyişir. Sadəcə burada ən ciddi faktor odur ki, bağçalar nəzarətsiz haldadır. Bu, əsasən, özəl bağçalara aiddir ki, onlara dövlət tərəfindən nəzarət bu və ya digər təhsil qurumları tərəfindən həyata keçirilmir. Bu da nəticə etibarilə sonda uşaqların fiziki zorakılığa məruz qalmasına gətirib çıxarır.

Ümumiyyətlə, Azərbaycanda hazırda dövlət bağçalarının sayı 671-dir, onların 317-si Bakı şəhərində yerləşir. Özəl bağçaların sayı isə cəmi 94-dür və onların 20-yə yaxını fəaliyyət lisenziyası alıb. Bilirsiniz ki, Azərbaycanda biznes mühiti formalaşdırılıb və vergi qeydiyyatından keçmiş hər bir şəxs özəl olaraq təhsil fəaliyyəti göstərə bilər. Kimsə bir bina götürüb 3-4 stol qoymaqla kurs aça bilirsə, o zaman ciddi problemlər ortaya çıxır.

Hesab edirəm ki, uşaq bağçalarının, liseylərin fəaliyyətinə ciddi şəkildə nəzarət olunmalıdır. Problem odur ki, bu tip müəssisələrin çoxu peşəkarlar tərəfindən idarə olunmur. Hətta, dövlət müəssisələrində vəziyyət bundan da acınacaqlıdır. Təsəvvür edin ki, dövlət bağçalarında çalışan rəhbər şəxslərin 60 faizi ali təhsilli deyil. Tərbiyəçilərin isə təxminən 70 faizi orta təhsillidir. Halbuki, "Məktəbəqədər təhsil müəssisələri haqqında" qanunda bu, qadağan edilib. Biz, ümumiyyətlə, dövlət bağçaları ilə yanaşı, özəl bağçalarda çalışanların da təhsilindən xəbərsizik. Hər kəs təhsil müəssisəsi açıb, buraya öz yaxın ətrafını yığaraq tərbiyə ilə, təhsillə məşğul ola bilməz. 
 
Problemin həlli yolu odur ki, mütləq şəkildə bütün özəl müəssisələr valideynlərə açıq kamera xidməti göstərsin ki, hər bir valideyn orada baş verən prosesləri izləyə bilsin".


www.ann.az

Xəbər lenti