DSX Xəzərdə təlimlər keçirdi (VİDEO)

DSX Xəzərdə təlimlər keçirdi (VİDEO)
"Хəzər dənizinin Azərbaycan sektorunda dəniz təhlükəsizliyinin təmin оlunmasi” mövzusunda taktiki təlimlər keçirilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) Ann.az-a verilən məlumata görə, taktiki təlimlərə cəlb olunmuş sərhəd gözətçi gəmiləri Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin «Gəmi İnşası və Təmiri Mərkəzi»ndə inşa olunub. Gəmilər iti­sürətli və yüksək üzmə qabiliyyətinə malik olmaqla yanaşı, mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, o cümlədən müasir silahlarla təchiz edilib.

Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində Azərbaycan Respublika­sının maraqlarının qorunması, neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və Dövlət Sərhəd Xidmə­tinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, dənizdə və sahildə təxribat qruplarının, sualtı hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi, gəmilərlə, helikopterlərlə dənizdə sərhəd axtarışının və xilasetmə əməliyyatlarının keçirilməsi üzrə xidməti təcrübənin artırılması, məlumat mübadiləsinin təkmilləşdirilməsi olub.

Üç mərhələdə yeddi taktiki epizod üzrə keçirilən təlimdə neft-qazçıxarma rayonlarının, platformaların, boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi üzrə bütün təlim tapşırıqları uğurla yerinə yetirilib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatı və helikopterlərinin raket kom­plekslərindən, həmçinin zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə qarşı döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib, küləkli hava və dalğalı dəniz şəraitinə baxmayaraq şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Təlimlərin yekun mərhələsində iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələrin əldə olunması münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə­sizliyi­nin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.


www.ann.az

Xəbər lenti