Deputat: "Yeni idarəetmə sisteminə keçid dövlət vəsaitində qənaətə imkan verəcək"

Deputat:
Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə dövlət şirkətlərinin işinin ciddi təftiş edilməli olduğunu bildirib və həmçinin yeni idarəetmə sisteminin qurulması tapşırığını verib.

Dövlət başçısı bildirib ki, artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar.

Milli Məclisin deputatı Vüqar Bayramov yeni idarəetmə sisteminin yaradılması məsələsini "MediaPost"a şərh edib. O bildirib ki, dövlət başçısının dövlət şirkətinin idarəedilməsi ilə bağlı məsələlərə münasibət bildirməsi pandemiya dövründə dərinləşmiş iqtisadi islahatların davam etdirilməsinin prioritet olduğunu bir daha təsdiq etdi: 

"İri dövlət müəssisələrinin idarəedilməsi istiqamətində islahatlarla bağlı xeyli müddətdir ki, müzakirələr keçirilirdi və güman olunur ki, yaxın vaxtlarda artıq islahatların yeni paketi təsdiq olunacaq. Bununla bağlı prezident də artıq qiymətləndirmənin aparıldığını və yaxın zamanlarda sənədin hazır olub, imzalanacağını deyib”.

Millət vəkili həmçinin əlavə edib ki, yeni paket iri dövlət şirkətlərini əhatə edəcək və bu sənəddə dövlət büdcəsinə ayrılan vəsaitin daha səmərəli xərclənməsi məsələləri əks olunacaq: "Yeni idarəetmə sistemi həm dövlət şirkətlərinin idarəetməsinin təkmilləşdirilməsi, həm də dövlət vəsaitinə qənaət edilməsi və onun səmərəli xərclənməsi anlamına gəlir. Paket elan olunduqdan sonra burada nələrin nəzərdə tutulduğu daha aydın bəlli olacaq. Ümumiyyətlə, bəzi dövlət şirkətlərinin səhmləşdirilməsi və səhmlərin bir hissəsinin özəl şirkətə verilməsi təklif edilirdi. Özəl kapitalın iri dövlət şirkətlərinin idarəedilməsinə cəlb olunması həmin şirkətlərdə korporativ idarəetmənin də formalaşmasına imkan yarada bilər. Güman olunur ki, islahatlar qeyd olunan iri dövət şirkətlərini əhatə edəcək və islahatların yeni mərhələsində onlarda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlər reallaşacaq”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti