Deputat qiymət artımından danışdı: “Davam edəcək”

Deputat qiymət artımından danışdı: “Davam edəcək”

“İndiki vəziyyətdə yanacağın qiymətinin artırılması ağır məsələdir. 

Çünki burada qiymət artımı yalnız yanacaqla məhdudlaşmayacaq. Yanacaqla paralel olaraq digər kənd təsərrüfatı və ərzaq məhsullarının da qiymət artacaq və bu, əhalinin sosial vəziyyətinə təsir göstərəcək”. 

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. O bildirib ki, Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi müzakirə olunan zaman qiymət artımı məsələsi qaldırılıb: 

“Dövlət büdcəsindən 2014-cü ilin xərclərində kommunal xidmətlərin 15 faiz artımı gözlənilirdi. Bu da böyük vəsait idi. Baxırdıq ki, nəyinsə qiyməti artmalıdır ki, bu kompensasiya olunsun. Əlbəttə bu məsələ plenar və komitələrin iclasında qaldırıldı. Onda bizə dedilər ki, hələlik elə bir məlumat yoxdur və bu məsələyə baxılmır. 

Bizi sakitləşdirdilər ki, ümumiyyətlə bu məsələ gündəliyə salınmayıb. Ancaq büdcəni müzakirə edəndə, buradakı vəziyyəti, gəlir hissəsində gərginliyi görəndə hiss etdik ki, qiymət artımı gözləniləndir. Bilirsiniz, büdcənin gəlir hissəsində neft hasilatı aşağı düşür. Belə olan təqdirdə təklif etmişdim ki, bu artım 2014-cü ilin ikinci yarısında edilsin. Amma qərar verildi və qiymət artırıldı”. 

Yanacaq məhsullarının qiymətinin artımının digər məhsulların maya dəyərinə təsiri haqda da danışan V. Əhmədov həmin sahədə bahalaşmanın olacağını istisna etməyib: “Elə bir məhsul yoxdur ki, onun maya dəyərində yanacaq olmasın. Ona görə də digər məhsullarda qiymət artımı labüddür. Çünki heç kim ziyanla işləmək istəməz. Sadəcə bundan sonra qeyri-yanacaq sektorunda süni qiymət artımının qarşısını almaq üçün nəzarəti artırmaq lazımdır”. 

V. Əhmədov əlavə edib ki, rabitə xidmətlərində qiymətlərin azaldılması isə gözlənilən idi: “Çünki bu sahədə inkişaf var, abunəçilərin sayı getdikcə artır”. 

ANN.Az

Xəbər lenti