Deputat: "Eyni siyasi əqidənin daşıyıcısının öz komanda yoldaşını şantaj etməsi dövlətə, xalqa vurulan zərbədir"

Deputat:
"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən iqtisadi müşavirədə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı, doqquz ayın iqtisadi göstəriciləri, aparılan islahatlar və onlara mane olan amillər barədə geniş söhbət açılıb. Prezident haqlı olaraq aparılan islahatlara mane olan köhnə fikirli, müasirliyi qəbul etməyən, gündəlik iş prosesində ancaq şəxsi maraqlarını güdən, sağlam, dövlətə sədaqəti ilə seçilən peşəkar kadrları ləkələyən məmurlar barədə kəskin fikirlər səsləndirdi”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

"Necə ola bilər ki, bir komandada təmsil olunan, eyni siyasi əqidənin daşıyıcıları öz komanda yoldaşını şantaj etsin, qısqanclığa, paxıllığa və yaxud hansısa mənfi hisslərinə görə komanda yoldaşının gördüyü müsbət işləri ləkələsin, ictimaiyyətin gözündə aşağılasın. Belə yanaşma bütövlükdə dövlətə, xalqa vurulan zərbədir və əhali arasında çaşqınlıq yaradır” – deputat qeyd edib.

N.Məhəməliyev vurğulayıb ki, belə halların qarşısının alınması üçün kadr təyinatlarının tam şəffaflıqla aparılması, mütləq savadlı, peşəkar kadrlara üstünlük verilməsi, qohumluq əlaqələri olan insanların eyni orqanlarda çalışmasının qarşısının alınması, qanunsuz himayədarlığın qarşısı alınmalıdır: "Təyinatlar, "Dövlət qulluğu haqqında” qanuna uyğun aparılmalıdır. Bu sahədə görülməli çox iş var. Məmurlar anlamalıdırlar ki, indi İKT əsridir və buna uyğun işlərini qurmalıdırlar. Hesab edirəm ki, heç bir vətəndaş saatlarla vaxt itirərək, boynu bükük şəkildə hansısa məmurun qapısında gözləməməlidir, öz evindən istənilən məmura müraciət edə bilməlidir. Bunun üçün dövlət idarəetmə sistemində çalışan məmurlar sosial şəbəkələrə açıq olmalıdırlar. Belə olan halda qanunsuz tələblər də olmayacaq”.

www.ann.az

Xəbər lenti