Deputat: “Azərbaycan birinci devalvasiyanı şok formada keçirdi, indi isə…”

Deputat: “Azərbaycan birinci devalvasiyanı şok formada keçirdi, indi isə…”
"Azərbaycan bir il bundan qabaq devalvasiyaya hazır deyildi. Ona görə də, birinci devalvasiya ölkədə şok formada təsir göstərdi. İndi isə vəziyyət dəyişib”.  

Bunu ANN.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Azərbaycanın növbəti devalvasiyaya hazır olmasına münasibət bildirərkən deyib. 
 

Rüfət Quliyev - millət vəkili
 
Azərbaycan növbəti devalvasiyaya hazırdırmı? 

Millət vəkilinin sözlərinə görə, dollar günü-gündən real məzənnəyə yaxınlaşır:

"Bu gün manatla dolların məzənnəsi tələb-təklif əsasında müəyyənləşir. Dolların məzənnəsinin günü-gündən dəyişməsi o deməkdir ki, biz artıq real məzənnəyə yaxınlaşırıq. Hazırda məzənnə 1,67-dir. Real məzənnənin qiyməti isə təxminən 1,71 manatdır. Amma bu o demək deyil ki, məzənnə dəyişməyəcək. Yox, qalxıb-düşəcək. Ancaq kəskin formada artacağı gözlənilmir”.

"FED-in qəbul etdiyi qərarlar Azərbaycana birbaşa olmasa da, müəyyən qədər təsir göstərir. Bizdə məzənnənin müəyyən edilməsi neftin qiyməti və ölkəyə tələb olunan valyutadan asılıdır. Yəni, neftin qiyməti daimi olaraq, 40 dollardan yuxarı qalsa və import əvəzetməni axıra qədər sürətlə edə bilsək, bizə idxal üçün bir o qədər də valyutaya ehtiyac olmayacaq. O zaman məzənnə daha da stabilləşərək aşağı düşəcək”, - deyə deputat əlavə edib.

Rüfət Quliyev Azərbaycanda kəskin devalvasiya olması fikri ilə razı deyil:

"Növbəti devalvasiyaya hazır olmaq məsələsinə gəlincə, bir il bundan qabaq Azərbaycan bəlkə də indiki  kimi hazır deyildi. Birinci devalvasiya Azərbaycanda şok formada keçdi. Sanki insanlar özlərini itirdi. Ancaq bir ildir, prezidentin imzaladığı sərəncamlar əsasında iqtisadi sistem dəyişilir, qeyri-neft sektoruna daha çox önəm verilir. Bütün bunlar ona gətirib çıxarır ki, biz ötən illə müqayisədə növbəti devalvasiyaya daha çox hazırıq. Qeyri-neft sektorunun inkişaf etdirilməsi inflyasiyanın qarşısını alacaq. Növbəti illər üçün Azərbaycanı kəskin inflyasiya gözləmir”, -  deyə millət vəkili əlavə edib.

Xatırladaq ki, FED noyabr ayının 2-də keçirdiyi iclasda dolların uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün üçün manatın dollara nisbətdə olan rəsmi məzənnəsinin 1,6596 manat təşkil etdiyini açıqlayıb. 

Orxan Aslanlı

www.ann.az

Xəbər lenti