Demokratik İslahatlar Partiyası və Asim Mollazadə xalqa müraciət etdi

Demokratik İslahatlar Partiyası və Asim Mollazadə xalqa müraciət etdi
Demokratik İslahatlar Partiyası və onun sədri, millət vəkili Asim Mollazadə yeni koronavirus infeksiyasının ölkəmizdə sürətlə yayılması ilə bağlı xalqa müraciət ünvanlayıb. 

Müraciətdə deyilir: 

"Əziz həmvətənlər! Dünyada böyük narahatlıqlara və dəyişikliklərə səbəb olan yeni koronavirus pandemiyası məlum olduğu kimi ölkəmizi də ağuşuna alıb. Son günlər Azərbaycanda virusa yoluxanların sayında sürətli artım müşahidə edilməkdədir. Buna paralel olaraq, ölüm sayı da artmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı gündəlik rəqəmlər ciddi narahatlıq doğurur. 

Məlumdur ki, hətta səhiyyə büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik olan ən inkişaf etmiş ölkələr belə bu epidemiyanın qarşısında aciz duruma düşüblər. Dünyanın ABŞ kimi superdövləti, inkişaf etmiş Avropa ölkələri koronavirusla effektiv mübarizə apara bilmirlər. Hər gün minlərlə insan pandemiyanın qurbanı olur. 

Adi laqeydlik, rəsmi çağırışlara, mütəxəssislərin tövsiyələrinə əməl edilməməsi, pandemiyanın ciddiyə alınmaması ölkəmizdə də qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Biz məsuliyyətli olmalı, özümüzü, doğma və yaxınlarımızı, ətrafımızı və ümumilikdə içində yaşadığımız toplumu qorumalıyıq. Bizim adi səhlənkarlığımız, çağırışlara məhəl qoymamağımız özümüzün və doğmalarımızın geri dönüşü olmayan faciəsi ilə nəticələ bilər. Biz bu virusun ölümdən başqa gələcəkdə insan orqanizmində hansı fəsadları yaradacağını bilmirik. Ona görə də ən pis ehtimallara hazır olmalı, COVİD -19-la effektiv tibbi mübarizə üsulları, peyvəndlər, dərmanlar icad olunana qədər özümüzü və ətrafımızı qorumalıyıq. 

Sizdən rəsmi çağırışlara, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə riayət etməyi, bu xəstəliyə laqeyd yanaşmamağı, sanitar-gigiyenik qaydalara əməl etməyi, ciddi zərurət olmadıqca evdən çıxmamağı, adamların sıx toplaşdığı yerlərdən uzaq durmağı, dövlətin koronavirusla mübarizə çərçivəsində gördüyü tədbirlərə mane olmamağı xahiş edirik! 

İnanmaq istəyirik ki, xalqımız, dövlətimiz bu qlobal bəladan maksimum az itki ilə çıxacaq və öz səyləri nəticəsində ona qalib gəlməyi bacaracaq!”
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti