Daxili gərginlik yaratmaq istəyən qüvvələr etnik qarşıdurmalar üçün nəbz yoxlayırlar - Həzi Aslanovun yeri başqa

Daxili gərginlik yaratmaq istəyən qüvvələr etnik qarşıdurmalar üçün nəbz yoxlayırlar - Həzi Aslanovun yeri başqa
"General Polad Həşimovun adının Qəbələ küçələrindən birinə verilməsi ətrafında yaradılan virtual gərginliyi qətiyyən təsadüf saymaq olmaz. Ölkədə baş verən bir çox məsələ kimi... Çox açıq şəkildə görünür ki, Azərbaycanın içərisində daxili gərginlik yaratmaq istəyən qüvvələr etnik qarşıdurmalar üçün nəbz yoxlayırlar.

Təxminən 5 gün öncə ölkənin şimalında belə bir provokasiya yaşandı. Qusarda ləzgi aydınlardan birinin sosial şəbəkə üzərindən Ermənistanın Azərbaycana təcavüzü kontekstində topluma birlik, bərabərlik çağırışına sərhədin o tayından sözün əsl mənasında, hücuma keçildi. Ardınca bu tay da "qızışdı”...”

Qaynarinfo xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı deyib. 

Onun fikrincə, general Polad Həşimovun adına küçə verilməsi ətrafında süni gərginlik yaradılması bir daha sübut etdi ki, proses eyni mərkəzdən idarə olunur. Şimalda ləzgiləri, cənubda talışları VƏTƏNlərinin üzərinə qaldırmaq istəyirlər: 

"Bunun başqa adı yoxdur. Ona görə də təxribatçılara hekayə anlatmaq yox, onlarla hüquq dilində danışmağa ehtiyac var. Özü də təcili şəkildə.                                                                                                                                                                      

Milli məsələ üzərindən spekulyasiya edənlər açıq şəkildə yazırdılar ki, Azərbaycanda yaşayan ləzgilər "bu məsələyə” qarışmamalıdırlar. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana gəlişini qabardan provokatorlar bildirirdilər ki, Azərbaycan özü dostları ilə bir yerdə təcavüz məsələsini həll eləsin, ləzgilərdən istifadə etməsin. Sanki Azərbaycanda etnik zəmində qarşıdurma var, hansısa azsaylı xalqlar sıxışdırılır, sanki 100 ildir ermənilər bu torpaqda qarşılarına çıxan hər müsəlmanı hədəf almayıblar. Azərbaycanda hər kəsin sabitlikdə, əmin-amanlıqda yaşaması, torpaqlarımızın bütünlüyü uğrunda şəhidlik zirvəsinə, qazilik mərtəbəsinə yüksələn qəhrəmanların haqqı gözünüzdən gəlsin!

1918-ci ildə ermənilər Qubada türk, ləzgi, avar demədən müsəlman əhaliyə divan tutublar. Kütləvi məzarlıqlar erməni vəhşiliyinin, türk-müsəlman qanına susayan cəlladların əməllərinin sübutu kimi qalmaqdadır. Klaviatura arxasına keçib Azərbaycanda etnik zəmində qarşıdurma yaratmaq istəyənləri tapıb o məzarlığa aparmağı, qanlı tariximizin hekayələrini anlatmağı təklif edərdim, əgər baş verənlərin kimlərinsə şəxsi təşəbbüsləri olduğunu düşünsəydim... 

Elə həssas zamandan keçirik ki, hökumət gözünü dörd açmalıdır. Dünən bütün gün sosial şəbəkələri "qoymayın, Həzi Aslanovun adını küçədən götürürlər” fəryadı bürümüşdü. Yəni Qəbələ Rayon İcra Hakimiyyətində bir nəfər də düşünmədi ki, 3 yox, 2 yox, cəmi 1 cümləlik açıqlama ilə bu saxta və ölkədə qarşıdurmaya yönəlik şayiəni darmadağın etmək olardı? Bunun üçün Bakıdan zəng gözləməyə nə ehtiyac var?

Ölkədə gündəmə oturan məsələ ilə bağlı rəsmi mövqe niyə 1 gün yubanır? Heç o xəbəri təkzib etməyə gərək yox idi. Telekanalların regional müxbirləri yalnız icra başçılarının mənasız tədbirlərindən heç kimin baxmadığı süjetlər çəkmək üçün deyil ki... 1 dəqiqə yarımlıq reportaj hazırladıb, Qutqaşınlı küçəsinin bundan sonra general Həşimov küçəsi adlandırılacağını xalqa çatdırmaq, reportaj hazırlamaq üçün mütləq Oxford-u bitirmək gərəkdir?”

A. Muradxanlı bildirib ki, təşəbbüskarlıq sıfır səviyyəsindədir. Hakimiyyətin nəzarətində olan, bütün imtiyazlardan istifadə edən media orqanlarının rəhbərləri də özlərinə əziyyət vermirlər: 

"Efirlərə çıxıb "dövlətin informasiya siyasəti bizim üzərimizdən yürüdülür” pozasını verib qaşları yuxarı dartmaqla olmur bu işlər... Könüllərinə Qəbələdə torpaq sahibi olmaq düşsəydi, icra hakimiyyəti başçısına gündə 5 dəfə zəng vurmağa ərinməzdilər, amma... Çevik düşüncə, zamanında qəbul edilən qərarlar olmadıqca, biz ixrac edilən provokasiyaların əlində əsir-yesir qalacağıq. Bir silkələnin”.

"Düşmən dirçəldiyimizi görüb təşvişə düşüb, yenidən separatçılığı körükləyir”

"Bu gün bizə ruhumuzu diri tutmaq, yenilmişlik yükünü çiynimizdən atmaq üçün qəhrəmanlıq salnamələri gərəkdir. Düşmən dirçəldiyimizi görüb təşvişə düşüb, yenidən separatçılığı körükləyir. Unutmamalıyıq ki, 2016-cı ildə Azərbaycan uğrunda vuruşub Azərbaycan Milli Qəhrəmanı adı alan şəhid Çingiz Qurbanov da, faşizmə qarşı vuruşub 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adı alan Həzi Aslanov da, Albert Aqarunov da, İsgəndər Aznaur da, qəhrəmanlığı dillərə dastan Raquf Orucov, Polad Həşimov da, İlqar Mirzəyev də, adını bildiyimiz, bilmədiyimiz minlərlə cəsur insan, bu gün səngərdə göz qırpmadan Vətəni düşməndən qoruyan sıravi əsgərlər… Hamısı bizim, hamımızın – Azərbaycanın qəhrəmanlarıdırlar. Onların adından istifadə edilərək təxribatlar qurulmasına cavab haqqı hamımızındır. Seyrçi qalmayın” - deyə, jurnalist çağırış edib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti