Cəzasızlıq cinayətə təhrik edən ən böyük amillərdən biridir

Cəzasızlıq cinayətə təhrik edən ən böyük amillərdən biridir
Togrul Bagırov

Desəm ki, Rusiya ilə bağlılığı olmayan azərbaycanlını tanıyıram – inanmazsız. Düz də eləyərsiz. Çünki tanımıram. Demirəm ki, eləsi yoxdur, bizi hələ məktəbdə öyrədirdilər ki, istisnasız qayda olmur. Amma nəzərə alsaq ki, Rusiyada 2,5 milyon azərbaycanlı yaşayır və onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır, bu o deməkdir ki, hər dörd azərbaycanlıdan biri bozbaşını şimal qonşusunun ərazisində yeyir. Yəni Azərbaycandakı hər bir ailənin, ya ən azı hər bir nəslin bir çox üzvü oralardadır. Yaşayır, çalışır və qazandığı pulların əhəmiyyətli hissəsini Azərbaycana gətirir ki, bu da ölkə iqtisadiyyatının gəlirlərinin mühüm hissəsini təmin edir.

Mən hələ demirəm ki, Bakı küçələrində 10-15 il bundan əvvəllə müqayisədə rus dilində danışanların sayı artıb; demirəm ki, Azərbaycanın aldığı (satın) silahların çoxu, Ermənistanın isə aldığı (havayı) silahların hamısı Rusiya istehsalıdır; demirəm ki, Azərbaycanda ən çox içilən spirtli içki rus vodkasıdır; demirəm ki, ölkə bazarında Rusiya istehsalı olan mallara – avtomobildən tutmuş kolbasaya qədər, tələbat böyükdür və demirəm ki, keçirilən son sorğulara əsasən, dünya fövqəldövlətlərinin yarışmasında azərbaycanlılar ABŞ-dan daha çox Rusiyaya meyillidirlər. Və bu baxımdan bu ölkədə baş verən hadisələr bizlər üçün çox maraqlıdır. Hətta idmanda baş verənlər belə. Xüsusən də bu idman hadisələri millətçilik və siyasi məsələlərlə bağlı olanda.
 

Uzun sözün qısası, ötən həftənin sonunda Rusiyanın futbol çempionatında Moskvanın CSKA klubu ilə Mahaçqalanın "Anji” komandasının qarşılaşmasında yerli (Moskva) fanatları bütün oyun ərzində dağıstanlılar və ümumiyyətlə bütün Qafqaz xalqları haqqında ağızlarından çıxanları deyirdilər. Özü də xorla. Bir neçə min adamdan ibarət bu xor iştirakçılarının söylədikləri son dərəcədə təhqiredici sözlərlə yanaşı Rusiyada gəlmələri öldürmək çağırışları da öz yerini tapmışdır. Xatırladım ki, Dağıstan Rusiyanın tərkib hissəsidir və bu adamların öz həmyerlilərinə qarşı münasibəti elədirsə, başqa ölkələrdən gələnlərə münasibəti barədə adam heç düşünmək də istəmir.

Əslində, öz özlüyündə bu hadisə o qədər də təəccüblü deyil. Millətçilər dünyanın hər bir ölkəsində var və onlar tez-tez futbol klublarının fanat (azarkeş yox – fanat) qruplaşmalarında birləşirlər. Bu tendensiya Avropanın bir çox ölkələrində izlənilir. CSKA fanatları isə bu baxımdan xüsusən seçilirlər və iş o dərəcəyə çatmışdır ki, ötən il UEFA Çempionlar Liqasında bu klubu cəzalandıraraq, ev oyunlarını azarkeşlərsiz oynamağa məcbur etdi.
 

Burada məsələ ondadır ki, Avropanın bütün ölkələrində millətçilik təzahürlərinə qarşı kəskin mübarizə aparılır, Moskvadakı oyundan sonra isə heç kim heçnə etmədi. Yəni, oyunda təhlükəsizliyi təmin edən yüzlərlə polis işçilərindən heç biri, milli düşmənçilik və ayrıseçkilik şüarlarını, habelə ölüm hədələrini açıqcasına ifadə edən (Rusiya qanunları ilə bu cinayət sayılır) adamlardan heç birini saxlamadı. Və Rusiyanın ən nüfuzlu idman qəzeti "Sport-Ekspress” işə qarışmasaydı, güman ki, hər şey elə belə də bitəcəkdi.
 

Qəzet jurnalistləri müəyyənləşdirdilər ki, polisin hərəkətsizliyindən əlavə, fitbol hakimiyyəti də bu işi ört-basdır eləməyə çalışırdı. Oyunun protokoluna hakim yalnız tribunalardakı söyüşlər barədə məlumatı yazsa da, bunun milli zəminində olduğunu qeyd etməyib. Qəzetin bir neçə günlük kəskin çıxışlarından sonra (tək əldən də səs çıxarmış!), Rusiya Futbol Federasiyası CSKA-ya maliyyə cəriməsi kəsdi və növbəti oyunda bir neçə tribunaya azarkeşlərin buraxılmayacağına qərar çıxardı. Vəssalam. Daxili İşlər Nazirliyindən onların təhrikçiləri müəyyənləşdirməyə çalışdıqlarını bildirsələr də, "Sport-Ekspress” jurnalistləri kiminsə cəzalanacağına inanmadığını yazırlar. Onlar isə öz ölkələrində işlərin necə görüldüyünü bilirlər...
 

Xatırladım ki, 2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək və oraya bütün dünyadan azarkeşlər gələcəklər ki, oyunları canlı izləsinlər. Və onlarla eyni stadionlarda insanları başqa millətə mənsub olduqlarına görə öldürməyə çağıran və buna görə cəzalandırılmayan adamlar yığışacaq. Kimsə desə ki, belə səfər təhlükəli ola bilər, mən onunla mübahisə etmərəm. Axı cəzasızlıq cinayətə təhrik edən ən böyük amillərdən biridir.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti