Cəbhədə atəş səslərinin müşayiətiylə dərs öyrənən şagirdlər - FOTOLAR

Cəbhədə atəş səslərinin müşayiətiylə dərs öyrənən şagirdlər - FOTOLAR
Təhsil nazirliyi ilə Müdafiə nazirliyinin birgə təşkil etdiyi cəbhəyanı məktəblərə təşkil olunmuş media turun iştirakçıları növbəti səfərlərini Ağdamın Qaradağlı kəndinə ediblər. Media turun məqsədi Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar cəbhəyanı təhsil müəssisələrinə səfər etmək, insanlarla yaxından təmasda olmaqdır. 

Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbinin direktoru Muradova Gülnurə ANN.Az-a açıqlamasında bildirdi ki, məktəbdə 323 nəfər təhsil alır və 49 müəllim şagirdlərə dərs deyir: "Keçən il 7 nəfər ali məktəbə qəbul olub. 8 nəfər orta ixtisas məktəblərinə qəbul olub. Bu ilki 11-ci sinifdən gözləntilərim çoxdur. Məktəbimiz cəbhədən 3 km məsafədə yerləşsə də, bu, dərs şəraitinə mane olmur. Əvvəllər siniflərdə taxta pəncərələr olduğu üçün atışma səsləri çox gəlirdi. Əsaslı təmirdən sonra, pəncərələr də dəyişdirilib, indi isə az da olsa, səs gəlir, amma biz artıq bu səsə öyrəşmişik. Məktəb şagirdlərindən 3 nəfər şəhid olub. Təxminən 10 gün qabaq atışma olub və bu səsləri biz eşitmişik. Bu səslərin dərs davamiyyətinə təsiri yoxdur. Uşaqlarda qorxu var. Atışma olan zaman valideynlərin hamısı gəlir məktəbə".

Məktəbin tarixi müəllimi Böyükağa Əliyev isə deyir ki, məktəbin cəbhə xəttinə yaxın olması şagirdləri və onları narahat etmir. Atəşkəsin pozulması davamiyyətə təsir etmir, hər şey qaydasındadır. 

Məktəbin ən gənc tarix və coğrafiya müəllimi Məhərrəmov Sübhan jurnalistlərə açıqlamasında belə dedi: "25 yaşım var, müəllimliyə imtahan verib qəbul edilmişəm və özüm könüllü olaraq cəbhə xəttində yaxın məktəbdə dərs tədris etməyi seçmişəm. Ailəliyəm və ailəmlə birlikdə burda yaşayıram. Cəbhəxəttini seçməyimdə əsas məqsəd, burdakı uşaqların da təhsil almasıdır. Amma çoxları bura gəlməkdən qorxurlar. Gənc müəllimlərə də demək istəyərdim ki, heç nədən qorxmasınlar və gəlib burda təhsillərini davam etdirsinlər".

Məktəbin gənc şahinlər komandasının müəllimi baş leytenant Allahverdi Həmidov 1996-cı ildən məktəbin seçmə uşaqlarından ibarət yığma komandasının yaradıldığını deyir: "Uğurlarımız, nailiyyətlərimiz çox olub və uşaqların bugünki geyindiyi geyimlər də əldə olunmuş qələbənin nəticəsidir. Regionda başqa komandalar olsa da, hər dəfə biz qalib gəlirik. Məktəbin cəbhə xəttinə yaxın olması komanda üzvlərini narahat etmir, əksinə, onlar tezliklə torpaqları qaytarmaq üçün daha çox həvəslənirlər".

Gənc şahinlər komandasının üzvü 11-ci sinif şagirdi Quliyev Cavid ANN.Az-a açıqlamasında belə dedi:  "2 ildi bu komandanın üzvüyəm, bizim komandanın uğurları çox olub. Bu da bizə keçirilən yüksək səviyyəli təlimlərin nəticəsidir. Biz Ağdam rayonunun məcburi köçkünləriyik və prezidentin əmrini gözləyirik ki, işğal olunmuş torpaqlarımızı azad edək. Atəş səslərini biz məktəbdə eşidirik, amma bu bizə mane olmur".
 
Ağdam rayon təhsil şöbəsinin məsləhətçisi Muradov Fariz bildirib ki, burdan təqribən 3-4 km məsafədə Ağdam rayonunun 6 məktəbi yerləşir: "Atəşkəs olmasına baxmayaraq, atəş səsləri məktəblərdə eşidilir. Bu təhsilin gedişinə mane olmasa da, bizi narahat edir. Ən çox atışma gecə radələrində pozulur. Biz artıq buna normal hadisə kimi baxırıq. Çünki artıq öyrəşmişik. Cəbhə xəttinə yaxın olmasına baxmayaraq, məktəblərdə kompüter, istilik sistemləri var. Hər hansı problem olanda, biz təhsil şöbəsi hər yardımı göstərməyə çalışırıq".

Orxan Aslanlı

ANN.Az
 







Tərəfdaşların xəbərləri

Xəbər lenti