Burnun formasının estetik dəyişdirilməsi psixoloji problem yaradırmı? - Həkim rəyi

Burnun formasının estetik dəyişdirilməsi psixoloji problem yaradırmı? - Həkim rəyi
Azərbaycanda ən çox yayılan əməliyyatlardan biri rinoplastika, yəni burnun forma və ölçülərinin cərrahi yolla dəyişdirilməsidir. Statistikaya görə, hər 10 estetik əməliyyatdan 5-6-sı burunda aparılır. Qadınlar isə kişiləri bu sahədə lap üstələyir, yəni 10 nəfər əməliyyat edəndən 9-u qadındır.

Burnun əyriliyinin düzəldilməsi sağlamlıqdan çox, insanın yaşadığı komplekslərlə də əlaqəlidir. Bu səbəbdən də çox vaxt əməliyyatdan sonra insan öz yeni roluna öyrəşə bilmir, hətta bəzən köhnə simasının qayıtmasını istəyir. Bəzi insanlar isə əməliyyatdan öncə çəkilmiş şəkilləri sosial media və digər platformalardan silir.

Faktor.az rinoplastikanın populyarlığının, əməliyyat sonrası yarana biləcək mümkün psixoloji problemlərin səbəbini araşdırıb.

Layihə meneceri Röya Vəliyeva burunda estetik əməliyyatı bir neçə il öncə keçirdiyini vurğulayıb: "22 yaşımda çoxdan istədiyim əməliyyatı yay tətilində keçirmək mənə qismət olub. Burnuma qarşı kompleks vardı, əyrilik məni narahat edirdi. Nəfəs almada problem yox idi, sadəcə estetik düzəlişə ehtiyac duyurdum. Əməliyyatdan sonra ilk üç gün çox çətin keçdi, hətta peşman olmuşdum, nəfəs ala bilmirdim. Ağrı yox idi, yarandıqda həkim yazdığı dərmanı içirdim. Boğazla nəfəs almaqdan ağzım və dodaqlarım quruyurdu, narahatçılıq keçirirdim. Həkim o vaxt burnuma tampon qoymuşdu, o mənə tənəffüsdə əziyyət verirdi. İndi, deyəsən, tibb inkişaf edib, tampona ehtiyac yoxdur”.

Röya Vəliyeva rinoplastikanın həyatında mühüm dəyişikliyə səbəb olduğunu bildirib: "Üç gün sonra tamponu çıxartdılar, gips isə qaldı. Ondan sonra rahatlaşdım. Gipsi bir həftə sonra götürdülər. Şişkinlik vardı. Burnumun formadan formaya düşməyi bir il yarım çəkdi. Orqanizmdən asılıdır, amma dəyişir. İlk dəfədən xoşuma gəlmişdi, bilirdim sima dəyişəcək, zamanla da formalaşdı. Günəş gözlüyündən istifadə eləmirdim. Həkim demişdi, bir il taxma, amma indi olar. Burunu təmizləyəndə əvvəl bir tərəfini, sonra digər tərəfini təmizləmək lazım gəlirdi. Həmən müddətə günəşin altında qalmaq olmazdı, qanaxma yarada bilərdi. Bir neçə ay sonra çətinliklərim bitdi. İndiki görünüşümü çox bəyənirəm, həyatımı tam dəyişdim”.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov rinoplastikaya olan marağın insanın daha gözəl görünmək istəyi ilə bağlı olduğunu deyir: "İnsan hər zaman mükəmməl üz quruluşuna sahib olmaq istəyir. Estetik əməliyyata xanımların marağının çox olması qadın psixologiyasından irəli gəlir. Kişi ilə müqayisədə qadın daha çox seçici, diqqətli və düşünən varlıqdır. Gözəl görünmək istəyir. Kişi olanla qane olur, qadın isə daha ali estetikanın dalınca gedir.



Rinoplastikanın populyarlığı burnun sırf üzdə yerləşməsi ilə əlaqəlidir. Biz ünsiyyət qurduqda ilk növbədə məhz burun və gözlər önə gəlir. Sonra ağız quruluşuna diqqət yetiririk. Qafqaz irqi olaraq üz cizgiləri içində daha çox burun ifadə olunub. Bir neçə estetik problemi olan insan ilk öncə burun dalınca qaçacaq”.

Elnur Əkbərov rinoplastikanı ağır əməliyyat kimi qəbul etdiyini bildirib: "O, həcmindən asılı olaraq 20-25 dəqiqədən tutmuş saatlarla davam edə bilər. Bu görülən işin texnikasından, cərrahın peşəkarlığından asılıdır. Burada həm fizioloji, həm də estetik nüanslar var. Burun nəfəs almalı, qoxu bilməli, rezonator funksiya yerində olmalıdır. Estetik parametr sağlam burun məfhumuna daxil deyil. Əməliyyat pasiyenti həm fizioloji, həm də estetik baxımdan qane etməlidir.

Hər insanının beynində tutduğu bir ideal görüntü modeli var. Əldə olunan nəticə təsəvvür etdiyi idealla üst-üstə gəlmirsə, onu qəbul etməmək düşüncəsi yaranır. Rinoplastikanın nəticəsi bəzən altı aya kimi uzana bilər. Erkən təkrar əməliyyat bu müddətdən tez icra olunmur.

Amma hər insanın istəyinə uyğun belə əməliyyatı reallaşdırmaq olmaz. Pasiyent seçimi olduqca incə məqamlara söykənir. Psixoloji sarsıntı keçirmiş, ailə dramı yaşayıb boşanma prosesindən sonra dəyişiklik etməyə qərar verən, yetkinlik yaşına yenicə qədəm qoymuş, simasını bəyənməyən onlarla pasiyent var. Hər hansı konkret nəticə gözləyən də az deyil, belə pasiyentlərin narazı qalma ehtimalı böyükdür. Hazırkinı bəyənməyən birisi cərrahin verəcəyi görüntünü bəyənəcəkmi?”

Həkimin fikrincə, düzgün məlumatlandırma baş verərsə, əməliyyata qərar verən insanların 40-50 faizi fikrindən dönür: "Artıq rinoplastika əməliyyatı keçirmiş pasiyentin burnuna 2-ci, 3-cü müdaxilə çətin cərrahiyyə hesab olunur. İstənilən cərrahi profilli həkimlər normal anatomiya oxuyur. Əməliyyat keçirmiş burun artıq normal anatomiyası dəyişdirilmiş orqan sayılır. Belə bir orqanla işləmək böyük səriştə, bacarıq, nəzəri və praktik bilik tələb edir. Rinoplastika planlı əməliyyatdır, təcili və ya təxirəsalınmaz qaydada icra olunmamalıdır. Əməliyyat önü müayinələr mümkün qədər daxili sistem və orqanlarda hər hansı bir patologiyanın olub-olmadığını aşkarlamalıdır. Əks göstəriş varsa, əməliyyat birmənalı icra olunmamalı, problem aradan qalxdıqdan sonra reallaşmalıdır. Bəzi patologiyalar müalicə olunmur, ya xroniki xəstəlik sırasında olur. Bu halda pasiyent ətraflı məlumatlandırılmalıdır”.

www.ann.az

Xəbər lenti