Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi

Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Rasim həyatında ilk dəfə mənə gül alıb…

Əvvəllər ancaq "Facebook”dan dost idik. Sadəcə "salam-sağ ol”umuz var idi, əyani şəkildə hər hansı münasibətimiz yox idi. Onu ilk dəfə canlı tədbirdə görmüşdüm. Çəkiliş edib getmişdilər. Bu tədbirdən sonra mənimlə daha çox maraqlanmağa başlamışdı.  Yavaş-yavaş münasibətimiz istiləşdi. Hətta 14 fevralda həyatında ilk dəfə aldığı gül də mənə nəsib oldu. Ən yaxın rəfiqəm Rasimi yaxşı tanıyır. Rəfiqəm mənə dedi ki, Rasimin gül almasına və kiməsə hədiyyə eləməsinə inanmır. Digər dostları da deyirdi ki, o həyatında heç kimə gül almayıb. 

Hər bir sahədən məlumatı var idi...

Mənə görə Rasimin hansısa pis xüsusiyyəti yoxdur. Bəlkə də bu sevgidən irəli gəlir. Yaxşı xüsusiyyətlərini isə saymaqla qurtara bilmərəm. Heç vaxt mənə qarşı əsəbi olmazdı. İnsanlarla şirin dillə, zarafatla danışardı. Ən əsası, hər kəsi başa sala bilirdi. Hər bir sahədən məlumatı var idi. Savadlı, zəhmətkeş insan idi. Nəsə mənə qaranlıq olanda ilk Rasimə zəng edirdim. Bir şey haqqında bilməsəydim, dərhal o haqda mənə məlumat verərdi . Rasim o qədər xoş xasiyyət, mehriban insan idi ki, ondan heç kimin incidiyini eşitməmişdim. Ondan nadir hallarda küsərdim, amma o. bir sözüylə, baxışıyla, zarafatlarıyla, şirin dili ilə həmən könlümü alardı.

Anam Rasimlə olan münasibətimizi bilirdi...

Rasimlə olan münasibətimizi anam bilirdi. Özüm demişdim. Rasimlə olan hər şeyi anama danışırdım. Əyani olmasa da anamla Rasim bir-birini tanıyırdı. Hətta telefonda belə bir-birilərinə salam göndərirdilər. Amma atam, qardaşım bilmirdi, tanımırdılar Rasimi. Biz ikimiz fikirləşirdik ki, evi tikib qurtarsın, sonra Rasim bizə elçi göndərsin. Həmin vaxtda atam, qardaşım biləcəkdi. Amma Rasimin ailəsi - anası, bacısı məni tanıyırdı. Şəkildə görmüşdülər. 

Rasimlə bizim münasibət tamam başqa idi...

Ailənin ən ərköyün övladıyam, belə böyüdüblər məni. Atamdan-qardaşımdan indiyə qədər hər hansı hərəkətimə görə, müdaxilə hiss etməmişəm. Müdaxilə olsaydı belə onları susduracaq bir şey var idi: birincisi, Rasimlə aramızdakı böyük sevgi, mənim üçün bu, çox önəmli idi. Eyni zamanda Rasimlə adıma söz çıxaracaqlar, evdə qaldım, bu kimi şeylərin mənə görə əhəmiyyəti heçə bərabərdir. Rasim də bilirdi ki, mən ailə qurmaq üçün tələsmirdim. Mən ailə qurmaq istəsəydim Rasimi tanımamışdam əvvəl universiteti bitirən kimi ailə qurardım. Həmişə Rasimin özünə də deyirdim ki, mənim tez ailə qurmaq, səni tələsdirmək kimi niyyətim yoxdur. Rasimi çox sevirdim. Bunu hamıya bildirməkdə də heç bir qorxum yox idi. Qorxmurdum ki, kimsə bizi bir yerdə görər, nəsə deyər. Bu səbəbdən də biz şəhərdə rahat gəzir, əl-ələ tutur, dostlarımızla sərbəst bir yerdə oturub-dururduq.  Belə qorxularım, komplekslərim yox idi ki, Rasimlə münasibətimiz alınmazsa, sabah mənim taleyim necə olar, daha başqası məni almaz. Rasimlə  münasibətimiz tamamilə başqa cür idi. Həm dost, həm sevgili idik. Eyni zamanda bir-birimizə o qədər doğmalaşmışdıq ki... Hətta bu faciədən sonra da ailəmdən hər hansı təzyiq görmədim. 

Sadəcə Rasim dünyasını dəyişəndən sonra mətbuatda məni onun nişanlısı kimi təqdim etməyə başladılar. Buna görə də bütün qohumlar, yaxınlar ailəmə, atama, anama, bacıma, qardaşıma  zəng etməyə başladılar ki, siz nə vaxt Gülərə nişan qoymusunuz, xəbərimiz olmayıb? Bu kimi suallar verirdilər. Mən də bu səbəbdən media qurumlarından "nişanlısı” sözü əvəzinə "sevgilisi” yazmasını xahiş etdim ki, tanış-biliş, qohum-əqraba arasında anlaşılmazlıq olmasın. 

Atam, qardaşım da bu hadisədən sonra bildi ki, Rasim kimdi, nə işlə məğuldular, necə bir insan olub? Hazırda onlar mənim dərdimə şərik olurlar. Atam, anam, qardaşım, qardaşım arvadı mənə təsəlli verir, Rasim üşün heyfslənir, kədərlənirlər. Hər gün xəbərlərdə Rasim barədə olan bütün xəbərləri izləyirlər. Nə qədər kənardan təəccüblü görünsə də, ailəm artıq mənim yanğımı gördü. 
 

Rasimin ölümünü qəbul edə bilmirəm...

Düşünürəm ki, Rasim harasa gedib. Rasimin qayıdacağını gözləyirəm. Həmişəki kimi müvəqqəti bir yerə getdiyini təsəvvür edirəm. Gözümün qabağında dəfn olunmasına, onu özüm dəfn etməyə aparmağıma, Rasimin meyidini qucaqlamağıma baxmarayaq, hələ də onun rəhmətə getdiyinə inanmıram, qəbul etmirəm, nə vaxtsa qayıdacağını düşünürəm.  Yas mərasimində də, evlərində də qadınlar ağlayır, mərsiyə deyir, mən də bir kənara çəkilib ağlayıram, amma onu da dərk edə bilmirəm ki, bu axan göz yaşları mənə aiddirmir? Ağlayan mənəmmi? Rasim həqiqətən də, artıq yoxdurmu? Elə bilirəm ki, yenə Gürcüstana, ya da harasa gedib və həmişəki kimi qayıdacaq. Rasimin ölümünü qəbul edə bilmirəm (ağlayır). Çünki bizim Rasimlə xəyallarımız, arzularımız var idi. Biz bir-birimizə söz vermişdik, bəs onlar necə oldu?

Rasimin yolunu davam etdirmək barədə heç düşünməmişəm...

Jurnalist olmaq uşaqlıq arzum olub. Mən Çingiz Mustafayev kimi jurnalist olmaq istəyirdim. Sonra düşündüm ki, heç vaxt Çingiz kimi jurnalist ola bilmərəm və bu sahədən, peşədən əl çəkdim. Amma böyüdükdən sonra başqa sahəni seçdim və başqa universitetə -  Azərbaycan Dillər Universitetinə daxil oldum.  Mən olmasam da Rasim Çingiz Mustafayev kimi jurnalist oldu. Rasimin yolunu davam etdirmək barədə heç düşünməmişəm.

Rasimin çox dərdi var idi, amma mənə danışmırdı...

Həmişə hər yerdə demişəm Rasim heç vaxt mənə problemlərini deməyib. Bir dəfə o qədər çox üstünə getdim ki, mənə "odnoklassnik”də özünə gələn təhdidlərdən danışdı.  Onu təhdid edirdilər, söyürdülər. Ancaq bu barədə danışmışdı. Onun çox dərdi var idi. Çox gülmürdü, üzündə çox təbəssümü olmurdu. Amma heç vaxt mənə dərdini danışmırdı. Birlikdə olanda qəti özünü problemli insan kimi göstərməzdi. Cavid Hüseynovla olan münasibətini də məhz həmin gün bilmişdim. Rasim xəstəxanada olanda mənə dedi ki, heç nə yoxdu, narahat olma. Mənə yenə də heç nə demədi, dərdini bildirmədi... 

Onları heç nə düşünmədən öldürərdim...

Ən böyük istəyim onun qanının batmamasıdır. Onun qanının yerdə qalmamasıdır. Rasimi döyənlərdən qisasımı almaq istəyərdim: Hansını görsəm, öldürə bilərəm, acımadan. Heç nəyi düşünmədən, gələcək həyatımın məhv olmasını belə nəzərə almadan. Onu da bilirəm ki, Rasim bunu istəməzdi, amma bu gün o qədər acılı, yanğılıyam ki, onları öldürə bilərəm, qatil ola bilərəm. İŞİD terror qrupunun üzvləri necə insanları məhv edirsə, imkanım olsa mən də elə edərəm, ya da bu adamları terrorçulara təhvil verərəm ki, onları edam etməklə cəzalandırsınlar. Bəlkə onda ürəyim sakitləşə, bəlkə onda qismən üzüm gülə...

Bundan sonra onu yuxularımda gözləyəcəm... 

Hər gün ALLAHdan Rasimə yeni bir can verməsini arzulayıram (ağlayır). Tək bir can verib onu bizlərə qaytarsın.  Öldüyü gündən tək arzum, istəyim yalnız və yalnız budur. Hər gün ALLAH-a yalvarıram ki, Rasimə bir möhlət versin. Heç olmasa, bir azda olsa Rasim yaşasın. 

Gələcək həyatımla bağlı heç nəyi düşünmürəm. Heç nəyi xəyal etmirəm. Rasimsiz heç bir şey istəmirəm. Ancaq Rasimi düşünürəm. Hər yerdə Rasimi görürəm. Rasimin ölümündən iki gün sonra yuxudan Rasim deyə-deyə qışqıraraq ayılmışam. Heç yuxuda nə gördüyümü də yada sala bilmirəm. Tək yadıma düşən ayılmağım və "Rasim, Rasim” deməyimdir. 

Hələki yuxuma gəlmir. Yəqin bilir ki, ürəyim partlayar. Amma bundan sonra onu yuxularımda gözləyəcəm, bunu da bilirəm...

Orxan Aslanlı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

     

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti