Britaniyalı ekspert: "SOCAR-ın LNG sahəsindəki fəaliyyəti neft-qaz biznesinin şaxələndirilməsi strategiyasının təbii davamıdır"

Britaniyalı ekspert:
"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maye təbii qazın (LNG) satışı sahəsindəki fəaliyyəti neft və qaz təchizatı zəncirində biznesin şaxələndirilməsi strategiyasının təbii davamıdır".

Bu barədə "Report"a energetika sahəsində ekspert, Şərqi London Universitetinin Neft və Qaz İdarəetməsi proqramının rəhbəri Slavomir Raşevski bildirib.

Onun fikrincə, hazırda dünya bazarında LNG-yə tələbat artır, kiçik və daha böyük LNG layihələri getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır və neft-qaz şirkətlərinin nəzərdən keçirmələri üçün çox sayda variant var.
 


"Azərbaycan Dövlət Neft Şirkəti artıq LNG ticarəti ilə məşğuldur. Şirkətin LNG satışı sahəsində iştirakı, görünür, neft və qaz təchizatı zəncirində biznesin şaxələndirilməsi strategiyasının təbii davamıdır", - ekspert deyib.

S.Raşevski vurğulayıb ki, SOCAR regiondakı, o cümlədən neft-kimya sahəsindəki iştirakını getdikcə genişləndirir: "Fikrimcə, şirkət bazardakı mövqeyini möhkəmləndirir, bu da gələcək inkişaf və LNG biznesinə mümkün investisiyalar yatırlması üçün zəmin təmin edəcək".

Ekspert qeyd edib ki, LNG-yə tələbatın artmasının səbəbi əsasən Çin və Hindistandakı iqtisadi artımla əlaqədardır: "Ötən il Çində LNG-yə tələbat öncəki ilə nisbətən azalmışdı, bir qədər qeyri-sabitlik var idi. Təbii ki, Avropa da LNG-yə tələbat baxımından digər vacib mərkəzdir, burada artıq idxal üçün əhəmiyyətli imkanlar var. Məsələn, Almaniyanın LNG terminalı yeni güclər əlavə edib, bundan əvvəl isə Polşanın LNG terminalı əlavə güclər təmin etmişdi".

S.Raşevskinin sözlərinə görə, boru kəməri qazının xüsusən Avropa qitəsində tələbatlı qalmasına baxmayaraq, bəzi əsas bazarlar Hindistanda olduğu kimi, LNG alacaq, Çin isə güman ki, həm boru kəməri qazına, həm də LNG-yə istiqamətlənən idxal strategiyasını davam etdirəcək.

Qeyd edək ki, "SOCAR Trading" 2017-ci ildən etibarən LNG ixracına başlayıb. Şirkət qısa müddət ərzində LNG satışlarını 4 dəfədən çox artırıb. Şirkət digər ölkələrin LNG treydinqini də həyata keçirir. "SOCAR Trading"in fəaliyyət sahəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir.

www.ann.az

Xəbər lenti