Bizim də bir Ardamız olsaydı... KÖŞƏ

 Bizim də bir Ardamız olsaydı... KÖŞƏ
Orxan Aslanlı

Azərbaycanda futbol olmasa da, futbola dəyər verən, ona ürək yandıran azarkeşlər az deyil. Düzdür, bizdə belələrinə adətən, "həvəskar  azarkeş” deyirlər. Guya ki, ancaq yerli komandaya fanatlıq etmək "peşəkar azarkeş”lik imiş... Guya peşəkar futbolumuz yoxdursa, peşəkar azarkeşlik də ola bilməzmiş...

O səbəbdən də əksər vaxt "həvəskar azarkeş”lərə - yəni xarici ölkə klublarına, futbolçulara rəğbət göstərənlərə belə deyilir: "Özünü niyə öldürürsən xaricilərdən ötrü? Onların qazancından sənə nə?” Amma maraqlısı odur ki, bu deyilənlərin  heç biri "həvəskar azarkeşləri” həvəsdən salmır. 

Ölkəmizdə futbol anlayışı tamamilə başqadır. Bizdə "futbola stadionda baxmağa gedirəm” deyəndə  yalnız bunlar yada düşür: stadionda ala-babat oynayan futbolçularımızı "sözlə tərifləmək”, ağızlarına gələni söyləmək, dava-qırğın salmaq, oturacaqları qırıb meydana atmaq,  su qablarını "bezdarnı” futbolçulara "vızıldatmaq”, ən "şedevr” sayılanı isə budur - stadionda qız varsa, onunla tanış olmaq, yaxud da onlara söz atmaq. Çünki bizdə o mədəniyyət formalaşmayıb ki, stadiona xanımla gedib futbola əməlli-başlı baxa biləsən. Buna cəhd eləmək əslində, hər oğulun işi də deyil. Çünki oğlan əgər qız tanışı ilə futbola baxmağa gedirsə, bu işin sonu dava-dalaşdır. Çünki atmacalar, digər oğlanların öz telefonlarını uca səslə bir-birilərinə ötürmək və s. hallar baş alıb gedəcək.
Bu haqda uzun danışmaz olar və oxuculardan kimsə belə deyə bilər ki, əvvəl bir milli futbolumuz dünya səviyyəsinə qalxsın, sonra qızların stadiona getməsi problemi də öz-özlüyündən həll olunar... Vallah, düz sözə nə deyəsən ki... 
 
 
Azərbaycanda futbol idmanının olmadığı balaca uşaqdan tutmuş  böyüyə qədər hamı bilir. Hətta sponsorlar, pullu şəxslər, respublika üzrə bu idman növünə cavabdeh olan məmurlar da çalışır ki, heç olmasa 11 nəfərdən ən azı 5-6-ı düz-əməlli oynasın, amma olmur ki, olmur. Azərbaycanda komanda oyunu alınmır və artıq bu həqiqəti qəbul etmişik. 

Deyəsən yaman uzaqdan gəldim, yazı yazmaqda məqsədim futbol dərdimizi açıq-ağartmaq deyildi axı. Azərbaycandakı azarkeşlər də öz-özlüyündə bir neçə yerə ayrılır. Az qısmi yerli, yarı hissəsi Avropa, yaxud dünya futbolçularına, yarı hissəsi də türk futboluna fanatlıq edir. 

Yəqin ki, türk futbolçusu Arda Turanın "Barselona”ya transfer olmasını bütün futbol azarkeşləri eşidib. Heç kim haqq yeyə bilməz ki, Arda "Barselona”ya layiqdir. Necə deyərlər, bu transfer onun zəhmətinin bəhrəsidir. Ardanın  meydanda necə oynadığı, hansı manevrlər etdiyi göz qabağındadır, əlindən gəlini indiyə qədər edib, özünü o zirvəyə çatdırıb. Mən də bu zirvəyə gəlib çatmasını çox böyük sevinclə qarşıladım.

Bu aralarda bütün Türkiyə azarkeşləri də sevinc içərisindədirlər. Transfer xəbərindən xeyli müddət keçməsinə baxmayaraq Arda Türkiyə televiziyalarının, qəzetlərinin, xəbər saytlarının gündəmində qalmaqdadır. Futbolçuya olan sevgi hər bir formada özünü biruzə verir – onun haqqında köşələrin yazılması ilə, küçələrdə onun fotolarını yaymaqla, yaxud onun fotosu olan "futbolka”larda gəzməklə və s. Amma dəyərvermə kampaniyası zamanı Ardanın doğulub boya-başa çatdığı İstanbulun Bayrampaşa rayonunda bir küçəyə onun adının verilməsi daha yaddaqalan və diqqətçəkən oldu. Bax, budur idmaçıya milli sevgi, milli dəyər.

Bu aralarda mən də təssəvvür etdim ki, belə bir hal ölkəmizdə baş verir. Azərbaycanlı bir futbolçu dünyanın ən məhşur klublarından birinə transfer olur və doğulub böyüdüyü küçə onun adına verilir... Gözəl xəyal idi, eləmi? Amma birdən elə bir məni elektrik cərəyanı vurur... Yadıma düşür ki, indiyə qədər bizim digər idman növləri üzrə dünyada məşhur olan və tarix yazan idmançılarımız olub axı... Hətta onlara bizim dövlətimiz də, bizim millətimiz də yüksək dəyər verib axı...  Nəticəsi nə olub? Həmin idmançının qoltuğunun altı o qədər şişib ki, lap istəsən on dənə qarpız yerləşdir... 

Mən tərəddüd edirəm ki, dünya səviyyəsinə çıxacaq bir futbolçumuz olarsa və o nə qədər səmimi insan kimi özünü tanıtsa da, bizim cəmiyyət onu saymazyana birisinə çevirməyi bacaracaq. Ya adına min cür söz deyiləcək, ya nəiləsə ittiham olunacaq, ya da hadisələr tamamilə əksinə çevriləcək - yəni həmin şəxs üçün futbol federasiyası-filan yaradıb onu peşəkar idmançıdan delitant məmura çevirəcəklər. Beləliklə də, milli futbolçumuzun  futbol karyerası beləcə başa vurulacaq. Təəssüfləndirici hal olsa da bu kimi faktlara indiyə qədər rast gəlmişik. Qələbə qazanan idmançı qalibiyyətini qeyd etdikdən sonra idmandan başqa hər şeylə məşğul olub. Yəqin ki, söhbətin nədən, kimlərdən getdiyini mahir oxucu özü anladı... 

Amma nəysə...



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti