"Bəzi obyekt sahibləri siqnalizasiyaların sazlığına nəzarət etmir” (VİDEOMÜSAHİBƏ)

Son zamanlar baş verən yanğınlar insanlarda obyektlərin yanğın təhlükəsizliyinin təşkili barədə suallar yaradıb.

"Report”un əməkdaşı suallara cavab tapmaq üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayevlə söhbətləşib.

Şöbə rəisinin sözlərinə görə, DYNX-nin vəzifəsi respublika ərazisində yanğın təhlükəsizliyinin norma və standartlarına nəzarət funksiyasını həyata keçirməkdir: "Ölkədə mövcud olan bütün yaşayış obyektləri Dövlət Yanğın Nəzarəti xidmətinin qeydiyyatındadır. Xidmət 12 ərazi və regional dövlət yanğın nəzarəti idarələri vasitəsi ilə respublika ərazisində yanğın nəzarətini reallaşdırır. Bakıda 4 idarə, respublikada isə 8 regional dövlət yanğın nəzarəti idarəsi xidmət göstərir. Müvafiq qanunvericiliyə uyğun olaraq, sahibkarlıq subyektlərində yanğın texniki müayinələrinin keçirilməsi Ədliyyə Nazirliyinə müraciət edilməklə oradan müvafiq icazənin alınması ilə yanğın texniki müayinələr baş tutur. Dövlət obyektlərində isə yanğın texniki müayinələr obyekt rəhbərliyinə əvvəlcədən xəbərdar edilməsi şərti ilə planlı şəkildə il ərzində iki dəfə aparılır ki, onlardan biri diqqətli, digəri isə nəzəri müayinədir. Diqqətli müayinə zamanı kompleks şəkildə yanğın təhlükəsizliyinə yönəldilən bütün tədbirlər yoxlanılır, aşkar olunan nöqsanlar barədə obyekt rəhbərliyinə müvafiq göstəriş və tövsiyələr verilir. Nəzəri müayinə zamanı həmin tədbirlərin aradan qaldırılıb-qaldırılmadığı müəyyən olunur. Xəta törədən şəxslər barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər həyata keçirilir”.



E.Babayev obyektlərdə quraşdılan yanğından mühafizə sistemləri – avtomatik yanğından xəbər verici siqnalizasiya, avtomatik yanğınsöndürmə, tüstü xaricetmə qurğularının fəaliyyətinə peşəkar mütəxəssislər tərəfindən vaxtaşırı yoxlamalar edilmədiyini deyib: "Müvafiq şirkətlərə obyekt rəhbəri tərəfindən vəsait ödəməklə yanğın mühafizə avadanlıqları quraşdırılır. Bir çox hallarda əməkdaşlarımız tərəfindən aparılan yoxlamalar zamanı müəyyən olunur ki, qurğularda nasazlıqlar var və onların aradan qaldırılması zəruridir. Bəzi obyekt rəhbərləri bizim tələbimizə səhlənkar yanaşırlar. Düşünmək lazımdır ki, bu avadanlıqlar nə üçündür? Onun nasaz vəziyyətdə olmağındansa, olmaması daha yaxşıdır. Əgər lazım olanda həmin qurğu yanğın barədə məlumat verməyəcəksə, yanğının avtomatik söndürülməsi təmin edilməyəcəksə, o qurğular nəyə lazımdır? Hər şey bazar iqtisadiyyatı ilə ölçülür. Yəni sahibkar vəsaitini bu qurğuların alınmasına xərcləyir, amma daimi sazlığına nəzarət etmir”.

E.Babayev vaxtaşırı maarifləndirmə tədbirləri aparıldığını, şəhərin müxtəlif yerlərində lövhələr quraşdırıldığını da qeyd edib: "Aparılan maarifləndirmə işləri nəticəsiz qalmır. Vətəndaşlar yanğın hadisələri zamanı yanğınsöndürən balonlardan istifadə edə bilirlər. Həmçinin çox vaxt yanğınsöndürən maşınları hadisə yerinə çatana kimi, vətəndaşlar yanğını söndüməyə çalışır, təhlükəni aradan qaldırırlar.



Avtomobillər hər il bir dəfə texniki müayinələrdən keçirlər. Yol polisləri tərəfindən nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıqlar edilir. Amma bəzən vətəndaşlar öz həyatlarına biganə yanaşırlar. Texniki baxışa getməzdən əvvəl qonşudan yanğınsöndürən balonu və digər lazımlı avadanlıqları alırlar ki, "sən o balonu ver mənə, maşını baxışdan keçirib qaytarıram”. Belə olan halda təhlükəsizliklərini düşünmürlər. Unutmamaq lazımdır ki, xırda bir yanğının böyümədən qarşısını almaq mümkündür. Yetər ki, yanğından mühafizə qaydalarını biləsən və əl altında avadanlıqlar olsun”.


www.ann.az

Xəbər lenti