Berti Foqts daha dörd il Azərbaycan millisində!

Berti Foqts daha dörd il Azərbaycan millisində!

Azərbaycan milli yığma komandasının baş məşqçisi Berti Foqts daha dörd il yığmaya rəhbərlik edəcək.

Bu barədə “Axar.az”a AFFA icraiyyə komitəsində təmsil olunan üzvlərdən birinə yaxın olan mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, artıq icraiyyə komitəsi AFFA-nın baş katibi Elxan Məmmədovdan lazımı tapşırıqları alıb və alman məşqçinin baş məşqçi postuna rəsmiləşməsi komitənin toplanışında formal xarakter daşıyacaq.

Qaynağımız onu da bildirir ki, AFFA daxilində Berti Foqtsun təyinatı uzun mübahisələrə yol açıb. Azərbaycan Futbol Federasiyasının Prezidenti Rövnəq Abdullayev daha çox yerli məşqçinin millinin baş məşqçi postuna gətirilməsinin tərəfdarı olub. Hətta seçmə mərhələsinin ortasında  Abdullayev jurnalistlərə açıqlamasında yerli məşqçiyə üstünlük verəcəkləri barədə fikir  bildirmişdi. AFFA prezidentinin istəyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu milliyə baş məşqçi təyin etmək idi. 

 

Federasiya daxilində isə Berti Foqtsun tərəfdarı olan qruplaşmaya vitse-prezident Elşad Nəsirov başçılıq edir. Nəsirov ümumiyyətlə milliyə daha çox əcnəbi məşqçinin təyin olunmasının tərəfdarıdır. Ölkə prezidenti İlham Əliyevin qrup yoldaşı olan Nəsirovun federasiya daxilində böyük nüfuza sahib olduğu bildirilir. Seçmə mərhələnin son iki oyununda Şimali İrlandiya üzərində qalibiyyət və güclü Rusiya üzərində qazanılan bir xal Berti Foqtsun daha dörd il milli komanda da qalmasına şərait yaratdı. Elşad Nəsirov - Rövnəq Abdullayev çəkişməsində isə birincinin qələbəsini rəsmiləşdirib.  

ANN.Az

Xəbər lenti