Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir

Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir
Bakıda 2020-ci ildə yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlər açıqlanıb.

Ann.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, daha çox qəzalar paytaxtın Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsi (4-0-4) daha çox qəzaların baş verdiyi ərazilərdir.

"Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Ümumi hadisələrin isə 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir", - o bildirib.

Vaqif Əsədov Bakıda yol qəzalarının daha çox hansı saatlarda baş verdiyini də açıqlayıb. Onun sözlərinə görə, günün qaranlıq saatları üstünlük təşkil edir.

"Hadisələrin təhlili göstərir ki, günün saatlarına görə, 13:00-dan 18:00-a, 20:00-dan 00:00-a qədər daha çox hadisə baş verir. Yəni, qeyd olunan saatlarda Bakı şəhəri üzrə 235 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 92 nəfər ölüb, 190 nəfər isə xasarət alıb. Bu da ümumi hadisələrin 51.1, həlak olanların 54.4, xəsarət alanların isə 49.1 faizini təşkil edib", o əlavə edib.

DYP rəsmisi bildirib ki, 2020-ci il Bakıda baş verən yol-nəqliyyat hadisələrinin 57.8 faizini (yəni, 266 fakt) piyadaların vurulması təşkil edib. Nəticədə 62.7 faiz (106 nəfər) həlak olub, 43.7 faiz (169 fakt) müxtəlif dərəcəli xəsarət alıb.

Bakıda azyaşlılarla bağlı qeydə alınan qəzaların sayı da açıqlanıb.Paytaxt üzrə ötən illə müqayisədə 12 hadisə azalması müşahidə olunub.

Nəticədə 4 ölüm faktı, 15 xəsarət sayı aşağı düşüb. Yəni 2020-ci ildə Bakı şəhəri üzrə azyaşlıların iştirakı ilə 33 qəza baş verib ki, nəticədə 7 nəfər həyatını itirib, 26-sı isə xasarət alıb.

2019-cu ildə isə müvafiq olaraq 45 hadisə qeydə alınıb ki, nəticədə 11 ölüm, 41 yaralanma qeydə alınıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti