Bakıda səkiləri zəbt edən avtomobillər (VİDEOREPORTAJ)

Bakıda səkiləri zəbt edən avtomobillər (VİDEOREPORTAJ)

Bakıda səkiləri zəbt edən avtomobillər (VİDEOREPORTAJ)
Bakı şəhərində avtomobillərin piyada səkilərini zəbt etməsi adi hala çevrilib.

"Report"un əməkdaşının paytaxtın müxtəlif yerlərində apardığı müşahidələr bu problemin hələ də həll olunmadığını göstərir. 

Bakının Səbail və Nəsimi rayonlarında piyada səkilərində avtomobillərin saxlanılmasına daha çox rast gəlinir.

Şəhərin mərkəzində yerləşən Tolstoy küçəsinə daxil olmaq kifayətdir ki, bu mənzərənin şahidi olasan. Əjdər İbrahimov küçəsində isə  piyada səkiləri tamamilə avtomobillər tərəfindən tutulur.

Gecə saatlarında xüsusən restoranlara gələnlər nəzarətin olmamasından istifadə edərək Nizami küçəsində və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısında piyadalar üçün nəzərdə tutulan səkilərdə avtomobillərini park edirlər.



Gündüz saatlarında həmin ərazilərdə parklanmaya cavabdeh olan şəxslər isə səkilərin zəbt olunmasını qəribə səbəblə izah edirlər. Onlar bunu avtomobillərin çox olması və şəhərdə, xüsusilə mərkəzdə parklanma yerlərinin olmaması ilə əlaqələndirirlər.

Piyadalar isə bu vəziyyətdən ciddi əziyyət çəkirlər və narazılıq bildirirlər. Onların fikrincə, piyada səkilərində avtomobil saxlayan sürücülərə qarşı ciddi ictimai qınaq olmalıdı. 

Avropadan Azərbaycana gələn turistlər də piyada yollarında avtomobil saxlanmasına təəccübləndiklərini deyiblər. Onların sözlərinə görə, Avropada avtomobilini səkilərdə park edən sürücülər sərt formada cəzalandırılır. Turistlər Avropa ölkələrində bu cür halların baş vermədiyini bildirirlər.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Report"a açıqlamasında bildirib ki, avtomobillərin səkiləri zəbt etməsi problemini daim diqqətdə  saxlayırlar: "Etiraf etmək lazımdır ki, bu gün şəhərin mərkəzində dayanma, durma və ya saxlanma tələblərini pozma suni sıxılığın və tıxacların yaranmasına səbəb olur. Təbii ki, tərəfimizdən təsirli tədbirlər görülür və gələcəkdə də görüləcək. Əgər bu istiqamətdə tədbirlər görməsək, çox gümüna ki, Bakıda hərəkət dayanar. Bunu etiraf etmək lazımdır". 



O deyib ki, sürücülər özləri parklanma, dayanma-durma qaydalarına əməl etməlidirlər: "Sürücülər yol polisinin müdaxiləsi olmadan da qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri yerinə yetirməlidirlər. Bu gün piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yolların kəsişmə nöqtəsinə yaxın yerlərdə, zebra xətti üzərlərində, ümumiyytlə, qadağan edilmiş ərazidə avtomobillərin park edilməsi yolun daralmasına səbəb olur. Bu da həmin ərazidən keçən digər avtomobillərin hərəkətinə mane yaradır. Qanunvericilikdə dayanma-durma ilə bağlı konkret tələblər və cərimələr var. Avtobus duracaqlarının tutulması ilə bağlı inzibati tənbeh tədbiri keçirilərəkən 40 manat məbləğində cərimə yazılır. Avtomobilini qadağan edilmiş ərazilərdə saxlayan sürücülər isə 20 manat cərimə olunurlar".

V.Əsədovun sözlərinə görə, hazırda Bakıdakı ən ciddi problemlərdən bir də avtobus dayanacaqlarının qeyri-qanuni zəbt edilməsidir: "Həmin dayanacaqların taksi sürücüləri tərəfindən tutulması da bizi böyük problemlərlə üzləşdirir. Çünki bu avtobusların dayanacaqda düzgün dayanmasına mane yaradır. Bunu edən sürücü isə cərimələnir. Həmçinin sərnişinlərin düşüb-minməsinə də mane yaradır və yol da daralır. Son illər dayanma-durma ilə bağlı məsələlər öz həllini tapıb. Yəni paytaxtın mərkəzində 70-dən artıq küçə və prospektlər üzrə 300-dən artıq parklanma yeri var. Bundan başqa, Bakı şəhəri ərazisində 7-dən artıq yeraltı avtomobil duracağı var ki, bu da on minlərlə avtomobilin park edilməsinə şərait yaradır".

www.ann.az

Xəbər lenti