"Bakı Metropoliteni": Qatarların hərəkəti bərpa olundu (YENİLƏNİB)

Noyabrın 24-də saat 05:41 dəqiqədə "Həzi Aslanov - Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

"Bakı Metropoliteni" QSC-dən Ann.az-a verilən məlumata görə, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər. Belə ki, həmin vaxt "Ulduz - Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Qeyd olunub ki, metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə "Nəriman Nərimanov - İçərişəhər", "Nəriman Nərimanov - Dərnəgül" sahəsində hər iki istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib, bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı - Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

""Ulduz- Həzi Aslanov" sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub. Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. "Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir".

09.40

"Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əksinə istiqamətdə təşkil edilir.
 
Bu barədə Ann.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilir ki, hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.
 

Tərəfdaşların xəbərləri

Xəbər lenti