Bakıda Milad bayramı - Fotolar

Bakıda Milad bayramı - Fotolar
Dekabrın 24-də dünya katolikləri, o cümlədən Azərbaycanda yaşayan yerli və əcnəbi katoliklər xristianlığın ən önəmli bayramlarından olan Milad bayramını qeyd edəcəklər. Bəs tolerant ölkə olan Azərbaycanda katoliklər bayramı necə qeyd edəcəklər? Bunu öyrənmək üçün Xətai rayonundakı Müqəddəs Məryəm Kilsəsində olduq.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı katolik kilsəsinin rəhbəri Keşiş Vladimirin verdiyi məlumata görə, bayram münasibətilə bu gün axşam saat 21:00-dan etibarən Müqəddəs Məryəm Kilsəsində bayram keçiriləcək. Onun sözlərinə görə, hər il olduğu kimi bu il də Milad bayramı xüsusi təntənə ilə təşkil olunub.

"Bayrama xüsusi hazırlıq görülüb. Dadlı yeməklər bişirilib. Dini ayinlərin keçiriliməsi üçün xüsusi hazırlıq işləri görülüb. Ən əsası isə sabah Roma papası Fransisk dünya katoliklərinə təbrik ünvanlayacaq. Həmin təbrik kilsədə də birbaşa yayımlanacaq. Roma Papası bütün dünya xalqların sülh və uğur arzulayacaq”, - deyə keşiş Vladimir bildirib.

Kilsənin keşişi bildirib ki, bayram şənliyi bu gecədən başlayacaq və sabaha qədər davam edəcək: "Biz bütün katolikləri bu gün axşam saat səkkizdə Müqəddəs Məryəm Kilsəsinə dəvət etmişik. Hamı mahnı ifa edərək İsa peyğəmbərin doğulduğunu elan edəcək. İbadət öncə yerli katoliklər üçün rus dilində, gecə yarısı isə ingilis dilində səslənəcək".

Keşiş onu da əlavə edib ki, hər il kiləyə 400-ə yaxın katolik gəlir. Bu gün də təxmini eyni sayda insanın Milad bayramında iştirak edəcəyi gözlənilir.

"Kilsədə 300-ə yaxın insanın ibadət etməsi üçün yer var. Zaldan əlavə bir neçə otaq da var ki, orada da ibadət etmək olar. Adi günlərdə də kilsəyə gələnlər olur. Gələnlər əsasən dualar edir, etdiyi günahları etiraf edirlər Allahdan bağışlanmalarını diləyirlər. Lakin Milad bayramı ərəfəsində gələnlərin sayı çox olur”, - deyə keşiş bildirib.
Sonda keşiş Azərbaycan dövlətinə və prezidentə onlar üçün yaradılan şəraitə görə dərin minnətdarlığını bildirib: "Bilirik ki, Azərbaycan tolerant dövlətdir. Burada bütün xalqların nümayəndələri dinindən və irqindən asılı olmayaraq rahat yaşaya bilir. Bu gün katoliklər üçün də gözəl şərait yaradılıb. Biz rahat şəkildə ibadət edə bilirik. Bu səbəbdən ölkə prezidenti İlham Əliyevə minnətdarıq”.

Qeyd edək ki, Bakıda Müqəddəs Məryəmin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 250-300 nəfərin ibadət edə biləcəyi salonu olan bu kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunub. 2007-ci ilin aprelində Roma-katolik kilsəsinin Cənubi Qafqaz üzrə apostol nunsisi arxiyepiskop Klaudio Qudjerotti yeni kilsəni təqdis edib və ilk ibadəti həyata keçirib. Kilsənin rəsmi açılışı isə Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin 2008-ci ilin martında Azərbaycana səfəri çərçivəsində baş tutub. Açılış mərasimində dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus-pravoslav kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasının yepiskopu Aleksandr İşein, aparıcı dini icmaların rəhbərləri, diplomatik korpusun nümayəndələri, xarici qonaqlar iştirak ediblər.

ANN.Az
 
 





Tərəfdaşların xəbərləri

Xəbər lenti